Azərbaycanda hərrac nəticəsində daha 24 dövlət əmlakı özəlləşdirilib

Azərbaycanda hərrac nəticəsində daha 24 dövlət əmlakı özəlləşdirilib
4 İyul 2017
Mətni dəyiş
Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı daha bir hərrac keçirib. Komitədən “Report”a verilən məlumata görə, hərracda 5 kiçik dövlət müəssisəsi, 14 istifadəsiz qeyri-yaşayış sahəsi və 5 nəqliyyat vasitəsi özəlləşdirilib. Kiçik dövlət müəssisələri təmir-tikinti və ticarət sahələrinə aid olub Bakıda, Ağsuda, Şirvanda, Zaqatalada və Balakəndə, istifadəsiz qeyri-yaşayış sahələrindən isə 11-i Bakıda, qalanı regionlarda yerləşir. Hərraca çıxarılan bir sıra əmlaklar torpaq sahəsi ilə birgə özəlləşdirilib. Belə obyektlərə Zaqatala Barama Toxuma zavodunu, Balakəndəki 33 saylı sexi göstərmək olar. Zaqataladakı zavodun torpaq sahəsi 18,35 min kv.m, ümumi faydalı sahəsi isə 3 881 kv.m-dir. Balakəndəki sexin torpaq sahəsi isə 2 803 kv.m, ümumi faydalı sahəsi 403 kv.m-dir. Ümumilikdə özəlləşdirilən əmlakların sahəsi 71 -3 881 kv.m arasında dəyişir. Hərracda daha az investisiya tələb edən əmlaklar, məsələn Astara rayonunda yerləşən 126 kv.m-lik qeyri-yaşayış sahəsid də özəlləşdirilib. Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün aşağıdakı linkdən istifadə etmək kifayətdir: Onu da qeyd edək ki, hərraclarda elektron qaydada da iştirak etmək mümkündür. Hal-hazırda nəqliyyat vasitələrinin və avadanlıqların elektron hərracı keçirilir. Bügünkü hərracda 1 avtomobil onlayn rejimdə özəlləşdirilib. Hərrac zamanı səhmdar cəmiyyətlərin səhm paketləri də özəlləşdirilir. Səhmdar cəmiyyətlərin sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr vardır. Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac iyulun 11-də keçiriləcəkdir. Hərraca ümumilikdə 206 əmlak çıxarılıb. Bunun 20-si səhmdar cəmiyyət, 85-i kiçik dövlət müəssisə və obyekti, 100-ü istifadəsiz qeyri-yaşayış sahəsi, 1-i isə yarımçıq tikilidir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun