Aleksandr Lapşinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib

Aleksandr Lapşinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib
6 İyul 2017
Mətni dəyiş
Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanda həbsdə olan bloqger Aleksandr Lapşinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən iclasda üç məcburi köçkün şahid qismində ifadə verib.  Şuşadan olan məcburi köçkün Vəsilə Xəlilova dindirilib. O, A. Lapşini internetdəki Qarabağla bağlı məqalələrindən tanıdığını deyib. Onun sözlərinə görə, A. Lapşinin məqalələri ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib: "Mən erməni işğalı nəticəsində əzizlərimi, evimi, yurdumu itirmişəm. Lapşinin Qarabağa səfəri separatçı rejimin təbliğatı ilə bağlı olub. Lapşin məqalələri ilə işğalçı Ermənistanı da təbliğ edib. Sual olunur, o, nəyə görə orda Azərbaycanın mədəni irsinin dağılmasından, qaçqın və məcburi köçkünlərin taleyindən heç nə yazmayıb?" Şahid məhkəmədə Fizuli rayonunda 2 yaşlı Zəhranın həlak olması faktından da danışıb: "2 yaşlı Zəhranın günahı nə idi? Lapşin erməni vəhşiliyini görməyibmi? Bütün bunlara görə, işğaldan əziyyət çəkən şəxs kimi Lapşinə layiqli cəza istəyirəm". Digər şahid Məmməd Hacıyev və Yunis Hüseynov da ifadə verərək, A. Lapşinin Qarabağa səfərini pisləyib, onun Azərbaycanın işğal altına olan torpaqlarını "müstəqil" dövlət kimi təqdim etməsini tənqid ediblər. Sonra hakim qeyd edib ki, son şahid A. Lapşinin anası məhkəmədə ifadə vermək istəməyib və onun ifadəsi elan olunmuş hesab edilib. Sonra cinayət işində olan sənədlər tədqiq edilib, məhkəmə videotexniki ekspertizasının rəyləri elan olunub. Məhkəmədə A. Lapşinin vəkili məqalələri araşdıran ekspert Almaz Bayramovanın məhkəməyə çağırılaraq, əlavə şahid qismində dindirilməsini istəyib. O, bunun səbəbini ekspertin rəyinin mənbəyinin aydın olmaması ilə əlaqələndirib. Məhkəmə vəsatəti təmin edib. Proses iyulun 11-də davam edəcək. Məhkəmənin qarşısında A. Lapşinə etiraz aksiyası keçirilib. Qeyd edək ki, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A. Lapşin Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə Azərbaycan Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaqı aparılan cinayət işi əsasında təqsirləndirilən şəxs qismində cəlb edilərək beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya edilib. A. Lapşin Cinayət Məcəlləsinin 281.2 (dövlətə qarşı açıq çağırışlar) və 318.2 (sərhədi qanunsuz keçmək) maddələri üzrə ittiham olunur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun