Yasamalda yeni “Hacı Cavad” məscidi tikiləcək

Yasamalda yeni “Hacı Cavad” məscidi tikiləcək
1 İyun 2017
Mətni dəyiş
Prezident İlham Əliyevin göstərişi əsasında Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsi, 79 ünvanında yerləşən Hacı Cavad məscidinin həmin rayonun ərazisində yeni ünvanda təməlinin qoyulacağı məkana baxış keçirilib.
Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətindən bildirilib.
Məscidin yeni binasının inşa olunacağı əraziyə gələn Azərbaycan Respublikası baş nazirinin birinci müavini Yaqub Eyyubov toplaşanları salamlayaraq, Ramazan ayında dindarlara belə bir xoş töhfəni bəxş edən dövlət başçısının milli-mənəvi dəyərlərimizə böyük ehtiram və qayğısını xüsusi vurğulayıb. O, Azərbaycanda, o cümlədən, Bakı şəhərində gedən genişmiqyaslı tikinti, yenidənqurma işlərinin, xalqımızın rifahı və daha rahat, müasir dövrün tələblərinə cavab verən səviyyədə yaşayışına xidmət edən tədbirlərin, böyük qayğı və məhəbbətlə bərpa edilən tarixi və dini məkanların Prezident İlham Əliyev, həmçinin, ölkəmizin birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın səy və fəaliyyətlərinin bariz nümunəsi olduğunu diqqətə çatdırıb.
Tikiləcək məscidin ərazisi, layihəsi, eskizləri, memarlıq cəhətdən özəllikləri ilə yaxından tanış olan Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan Prezidenti İlham Əliyevin dindarların qayğılarına hər zaman diqqətlə yanaşdığını bildirərək, Bakı şəhərinin keçmiş Sovetski adlanan məhəlləsinin dindarlarına edilən bu böyük hədiyyəni yüksək qiymətləndirib. Bütün Azərbaycan dindarlarına töhfə olacaq, milli memarlığımızın ən gözəl ənənələrini ehtiva edən məscid binasının tikintisinin mübarək Ramazan ayında başlanmasının özəl mənəvi əhəmiyyətini və xeyirlərə vəsilə olacağını xüsusi vurğulayan Şeyxülislam A.Paşazadə belə bir diqqət və himayəyə, maddi və mənəvi dəstəyə görə bütün toplaşanlar adından dövlət başçısına dərin minnətdarlığını bildirib. Ümummilli lider Heydər Əliyevin Bibiheybətdən başlatdığı mənəvi dəyərlərin dirçəldilməsi missiyasını ləyaqətlə davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin Uca Allaha xoş gedən əməllərilə bütün dindarların ehtiram, məhəbbətini qazandığını və böyük savab sahibi olacağını xüsusi vurğulayıb. Ölkədə din-dövlət münasibətlərinin yüksək səviyyəsindən məmnunluğunu bildirən QMİ sədri A. Paşazadə, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin rəhbərliyinin bu işdə rolunu xüsusi vurğulayıb.
Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı dövlət başçısının dindarların mənəvi ehtiyaclarının ödənilməsi üçün tikiləcək yeni məscid binasının yerləşdiyi məkanın olduqca münasib, layihəsinin nəfis tərtibatlı olmasının Azərbaycan dövlətinin, şəxsən prezidentin diqqət və dəstəyinin nəticəsi olduğunu bildirib. Komitə sədri ümidvar olduğunu bildirib ki, gələn ilin Ramazan ayınadək hazır olacaq Hacı Cavad məscidinin yeni binası Azərbaycan dindarlarına gözəl bayram hədiyyəsi olacaq.
Toplantıda Hacı Cavad məscidinin ibadət əhli adından çıxış edən dindarlar belə bir dəyərli töhfəyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə öz dərin minnətdarlıqlarını, dövlət başçımıza təşəkkür məktubu ünvanlamaq niyyətində olduqlarını bildiriblər. Mübarək Ramazan ayında onları sevindirən belə bir ali diqqət və qayğını xüsusi dəyərləndirən dindarlar çıxışlarında birmənalı şəkildə qeyd ediblər ki, müqəddəs dini dəyərlərimizə böyük ehtiramla həyata keçirilən misilsiz işlərə kölgə salmaq niyyətində olan, müstəqil dövlətin uğurlarını gözü götürməyən bədxah dairələrin təxribatları heç zaman bəhrə verməyəcək. Çıxışçılar Azərbaycan xalqının tarixi, milli-mədəni, dini-mənəvi irsinə göstərilən diqqət və qayğını hədsiz dəyərləndirdiklərini və yeni məscid binasının ərsəyə gələcəyinə görə məmnun olduqlarını bildiriblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun