"Rafael Hüseynovun AŞPA-da çıxış etməsi Avropa dəyərlərinə hörmətsizlikdir"

"Rafael Hüseynovun AŞPA-da çıxış etməsi Avropa dəyərlərinə hörmətsizlikdir"
23 İyun 2017
Mətni dəyiş
Gültəkin Hacıbəyli: ''Nümayəndə heyətinin üzvü avropalı deputatlara “İdarəetmə sistemində korrupsiya” mövzusunda dərs keçəcək''
Azərbaycanlı deputatlar Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasında iştirak etmək məqsədi ilə iyunun 25-dən iyulun 2-nə kimi Strasburqda səfərdə olacaqlar.
Məlumatı Milli Məclisin mətbuat xidməti yayıb.
Nümayəndə heyətinə AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, parlamentin mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, deputatlardan Sahibə Qafarova, Sabir Hacıyev, Qənirə Paşayeva və Müslüm Məmmədov daxildirlər. Sessiyada Daimi Komitə və Büronun fəaliyyətinə dair hesabat dinləniləcək.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov  AŞPA-da “İdarəetmə sistemində korrupsiya” mövzusunda məruzə ilə çıxış edəcək.
Demokratik Qüvvlərin Milli Şurasının beynəlxalq məsələlər üzrə koordinatoru, sabiq deputat  Gültəkin Hacıbəyli bu barədə Meydan TV-yə bildirib ki, Rafael Hüseynovun  AŞPA-da “İdarəetmə sistemində korrupsiya” mövzusunda məruzə ilə çıxış etməsi birinci növbədə Avropa Şurasının dəyərlərinə hörmətsizlikdir.
G.Hacıbəyli deyib ki, Avropa Şurası Azərbaycanda korrupsiya məsələlərini araşdırmaya görə 3 nəfərdən ibarət ekspert təyin edir. Büro onlarla bağlı müsbət qərarını verib, amma sessiyanın gedişində yekun mandat təsdiqlənəcək:
"İlin sonuna isə hesabatlarını hazırlayıb təqdim edəcəklər. Bir tərəfdən Avropa Şurasında belə bir proses gedir, digər tərəfdən həmin ekspertlərin mandatına daxil olan araşdırmanın mənbəyi Azərbaycandır. Və Azərbaycan nümayəndə heyətinin üzvü avropalı deputatlara “İdarəetmə sistemində korrupsiya” mövzusunda dərs keçəcək. Təbii ki, bu parodoksdur və ən azı insanların uzun müddət ümidlə baxdığı, seçki, demokratiya olaylarında obyektivlik, Dağlıq Qarabağ məsələsində ədalət gözlədiyi  Avropa Şurasının hansı siyasi-mənəvi deqradasiyaya uğradığının göstəricisidir".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun