Navalnı barədə 30 sutka həbs qərarı verilib

Navalnı barədə 30 sutka həbs qərarı verilib
13 İyun 2017
Mətni dəyiş
Rusiyanın müxalifət lideri Aleksey Navalnı etiraz nümayişlərinin təşkil olunmasilə bağlı qanunun dəfələrlə pozulması ittihamı ilə 30 gün inzibati həbs cəzasına məhkum edilib.
O, bazar ertəsi Rusiyada korrupsiya əleyhinə nümayişlərin başlamasından əvvəl Moskvada evinin qarşısında saxlanılıb.
Nümayişlər zamanı ölkə ərazisində yüzlərlə insan saxlanılıb.
Çevik qüvvət polisi Moskvanın mərkəzində etirazçıları təsadüfən seçib saxlayırdı, nümayişdə olan BBC müxbiri deyib.
Moskvada məhkəmə Aleksey Navalnının vəkillərinin işə xitam verilməsi tələblərinə baxmayaraq bazar ertəsi gec saatlarda qərarını açıqlayıb.
41 yaşlı müxalifət lideri sonradan öz Twitter səhifəsində bunu təsdiqləyib.
Gələn il prezidentliyə namizədliyini irəli sürmək niyyətində olan cənab Navalnı, bazar ertəsi paytaxtda təşkil olunan icazəsiz mitinqdə iştirak edəcəkdi.
Moskvada və Sankt Peterburqda korrupsiyaya qarşı icazəsiz etiraz aksiyalarında yüzlərlə etirazçı həbs edilib, OVD-Info adlı qeyri-hökümət təşkilatı bildirib.
Təşkilat paytaxtda etirazlar zamanı 825 insanın həbs edildiyini qeyd edib.
Moskkva polisi nümayişdə 5 min insanın çıxış etdiyini deyir, İnterfaks xəbər agentliyi xəbər verib.
OVD-Info onu da qeyd edib ki, Sankt Peterburqda da yüzlərlə insan saxlanılıb.
Rusiya daxili işlər nazirliyi isə bildirir ki, şimal-qərb şəhərində təxminən 3,500 nəfər etiraz nümayişinə qatılıb və 500 nəfər saxlanılıb.
Bazar ertəsi polis Kremlin yaxınlığında yerləşən Tverskaya küçəsindəki aksiyanı demək olar ki təmizləyib, amma Püşkin küçəsində hələ də iştirakçılar qalıb, müxbirimiz deyir.
Həbs edilənlərin çoxu gənclər, yeniyetmələrdir, BBC müxbiri əlavə edib.
Navalnının həbs edilməsi anı
Navalnının həbs edilməsi anını göstərən foto Twitterdə paylaşılıb
Navalnı aksiyalardan öncə həbs edilib
Rusiyanın müxalifət lideri Aleksey Navalnı Moskvada korrupsiyaya qarşı icazəsiz etiraz aksiyasından öncə evdə həbs edilib, onun həyat yoldaşı bildirib.
"Aleksey binamızın blokunda həbs edilib", Yuliya Navalnı Twitter-də bildirib.
O həmçinin deyib ki, "bizim planlarımız dəyişməyib".
Cənab Navalnıya əvvəlcə bazar ertəsi günü başqa yerdə aksiya keçirməyə icazə verilib. Lakin o, hakimiyyətin etirazçıları "təhqir etmək üçün" təyin etdiyi yeri dəyişmək qərarına gəlib.
Dojd müstəqil televiziya kanalının Sankt Peterburqdan canlı yayımında etirazçıların aksiyanı dağıtmağa çalışan polislərə "utan" dediyi eşidilib.
Həbs edilənlər arasında şəhərin qanunvericilik assambleyasının direktor müavini Maksim Reznik də var.
Məşhur fəal Daniil Ken də Sankt Peterburqda evini tərk edən zaman həbs edilib, amma insanları Twitterdə "mənim üçün qatılın" yazaraq etirazlara qatılmağa çağırıb.
Baş prokurorluq polisin icazəsiz aksiyalara qarşı tədbirlər görəcəyini bildirib.
Artıq Rusiyanın şərqində bir neçə kiçik etiraz aksiyalarının keçirildiyi və nəticədə bir neçə nəfərin həbs edildiyi deyilir.
Vladivostok şəhərində azı 10, Blagoveşçenskdə 4 və Kazanda isə azı bir nəfər həbs edilib.
Kremlin yaxınlığında yerləşən Tverskaya küçəsində etiraz üçün icazə verilməyib
Cənab Navalnının bundan əvvəl - mart ayında təşkil etdiyi etiraz aksiyaları yüzlərlə insanın həbsilə nəticələnib.
Bu etirazlar 2012-ci ildən indiyədək keçirilən ən iri aksiyalar idi və yeniyetmələr daxil olmaqla minlərlə iştirakçını cəlb etmişdi.
Etirazların səbəbi cənab Navalnının Baş nazir Dmitri Medvedev barədə dərc etdiyi korrupsiya iddiaları idi.
Qarşıdurma səhnəsi hazırdır: Sarah Rainsford, BBC News, Moskva
Moskvanın mərkəzində izdihamların yaranmasına çağırış edərək cənab Navalnı qarşıdurma səhnəsi yaradıb.
Baş prokurorluq bildirib ki, Kremlin yaxınlığında yerləşən Tverskaya küçəsində etiraz üçün icazə verilməyib. Gecənin yarısından bir qədər sonra dərc edilən bəyanatda Baş prokurorluq polisin qanunu pozanlara qarşı tədbirlər görəcəyini deyib.
Bu isə mart ayında baş vermiş qarşıdurmanın təkrarlanması ilə nəticələnə bilər. Martda bir çox yeniyetmə daxil olmaqla, minlərlə insanın korrupsiyaya qarşı keçirdiyi dinc etiraz aksiyalarında yüzlərlə insan həbs edilmişdi.
Cənab Navalnı bildirib ki, heç bir şirkət ona icazə verilən yerdə planlaşdırdığı aksiya üçün səhnə, reproduktor və ya ekran satmaq istəməyib. O, bu səbəbdən icazəsiz etiraz aksiyasını keçirməyə məcbur olduğunu deyib.
Müxalifət lideri tərəfdarlarını mərkəzi Moskvada yürüşə çağırıb.
Bu gün isə "Rusiya günü"dür və Tverskaya küçəsində eyni zamanda bir neçə rəsmi tədbir planlaşdırılır.
Grey line
Bazar ertəsi gününə planlaşdırılan etirazlar korrupsiyaya qarşı qəzəbin nə dərəcəyə çatdığının göstəricisi olacaq. Bu həmçinin cənab Navalnının gələn ilin prezident seçkilərində Vladimir Putinə qarşı namizədliyinin əldə edə biləcəyi ictimai dəstəyin nümunəsi ola bilər.
O, etiraz aksiyalarına bu gün dərc etdiyi çağırışında deyib:
"Mən dəyişiklik istəyirəm. Mən müasir demokratik dövlətdə yaşamaq və vergilərimizin yaxtalara, saraylara və üzüm bağlarına yox, yollara, məktəblərə və xəstəxanalara xərclənməsini istəyirəm."
Keçmişdə vəkil olmuş cənab Navalnın üzünə aprel ayında yaşıl maye töküldükdən sonra onun bir gözü kor olub. O, bundan əvvəl etiraz aksiyaları təşkil etdiyinə görə həbs edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun