Muxtarlı ailəsi Gürcüstan hökumətinin vətəndaşlıq təklifindən imtina edib

Muxtarlı ailəsi Gürcüstan hökumətinin vətəndaşlıq təklifindən imtina edib
4 İyun 2017
Mətni dəyiş
Həbs olunan jurnalist Əfqan Muxtarlının həyat yoldaşı, jurnalist Leyla Mustafayeva Gürcüstanın daxili işlər naziri Giorgi Mghebrishvili ilə görüşüb.
Abzas.net xəbər verir ki, bu barədə L.Mustafayeva məlumat yayıb.
Onun sözlərinə görə, daxili işlər naziri ona bildirib ki, Gürcüstanın baş naziri onların ailəsinə vətəndaşlıq verilməsi üçün prezidentə müraciət edib.
"Amma mən bundan imtina etdim. Çünki mən həyat yoldaşımın oğurlandığı bir ölkənin vətəndaşı ola bilmərəm. Mənə vətəndaşlıq lazım olsaydı, buna görə əvvəlcədən müraciət edərdim.
Jurnalist bildirib ki, ötən il Gürcüstanda yaşayış icazəsi üçün müraciət edib, amma həmin vaxt cavab veriblər ki, o, Gürcüstanda təhlükəli işlə məşğuldu:
"Mən kriminal deyiləm, jurnalistəm, hansı təhlükəli fəaliyyətdən söhbət gedir? Mənə demişdilər ki, yaşayış icazəsinin verilməsi ölkənin milli maraqlarına ziddir".
L.Mustafayeva deyir ki, necə oldu, indi zidd deyilmi milli maraqlara? Üstəlik, vətəndaşlığın verilməsi üçün çoxlu prosedurlar var.
"Belə çıxır ki, Gürcüstan mənə vətəndaşlıq verilməsi üçün öz qanunlarını çeynəyəcək? Bu, nə əl-ayağa düşməkdi?! Tələb etdim ki, Əfqan Muxtarlının oğurlanması ilə bağlı iş araşdırılsın", - deyə həbsdə olan jurnalistin həyat yoldaşı deyib.
Gürcüstanın baş naziri Giorgi Kvirikashvili azərbaycanlı jurnalist Əfqan Muxtarlının Gürcüstanda yoxa çıxması və Azərbaycanda peyda olması ilə bağlı iyunun 3-də rəsmi bəyanat verib.
Baş nazir bəyanatda bildirib ki, əgər Əfqan Muxtarlının ailəsi məsələ ilə bağlı rəsmi şəkildə Gürcüstanın ədliyyə nazirliyinə müraciət eləsə o, istisna hal kimi Əfqan Muxtarlının həyat yoldaşı və qızına hüquqi çərçivədə mümkün qədər tez Gürcüstan vətəndaşlığı verilməsi ilə bağlı prezidentə müraciət edəcək.
Bəyanatda qeyd edilir ki, Gürcüstan qanunun aliliyi və insan haqlarını müdafiə edən demokratik və hüquqi dövlətdir.
Vəkillər Əfqan Muxtarlının mayın 29-da Tiflisdə kriminal polis tərəfindən saxlanıldığını və Azərbaycan sərhədçilərinə təhvil verildiyini bildirir.
Mayın 31-də Səbail rayon Məhkəməsi jurnalist haqqında 3 aylıq həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar qəbul edib.
Azərbaycan Baş Prokururluğu və Dövlət Sərhəd Xidməti məlumat yayıb ki, Əfqan Muxtarlı Azərbaycan dövlıət sərhəddini qanunsuz keçərkən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 3 maddəsi – qaçaqmalçılıq, dövlət sərhəddini qanunsuz olaraq keçmək və hakimiyyət nümayəndəsinə qarşı müqavimət maddələri ilə iş açılıb.
Amnesty International jurnalisti vicdan məhbusu elan. Beynəlxalq hüquq müdafiə təşkilatları Əfqan Muxtarlının həbsinə etiraz bəyanatları yayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun