"Kanal13-ü şəxsən mən özüm bağlamışam"

"Kanal13-ü şəxsən mən özüm bağlamışam"
6 İyun 2017
Mətni dəyiş
"Kanal13"-ü şəxsən mən özüm bağlamışam. Mənim üçün həyat yoldaşım Əziz Orucovdan vacib heç nə yoxdur".
Bunu Toplum.Tv-yə "Kanal-13" internet televiziyasının rəhbəri Əziz Orucovun həyat yoldaşı Lamiyə Çerpanova deyib.
O bildirib ki, kanalı Əziz Orucova görə bağlayıb: "Nə azad söz, nə jurnalistika, nə də "Kanal 13" ondan önəmlidir. Əgər kanalın bağlanmasının Əziz Orucova bir xeyri olacaqsa, mən qurban eləyirəm. Yenə deyirəm, "Kanal-13" mənim üçün Əziz Orucov qədər əziz deyil. Sırf həyat yoldaşıma görə kanalı bağlamışam".
Demokratik Jurnalistlər Liqasının sədri, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Yadigar Məmmədli deyir ki, o, Əziz Orucovun həbs edilməyəcəyini düşünür:
"Bildiyiniz kimi, kanalın rəhbəri Əziz bəy 4 aylıq azadlıqdan məhrum edilib. Ümid edirəm ki, onu ciddi həbs gözləməyəcək. Biz də bir jurnalist kimi onu dəstəkləməyə hər zaman hazırıq".
[caption id="attachment_36390" align="alignnone" width="1000"] Yadigar Məmmədli[/caption]
Media eksperti, tele-jurnalist Qulu Məhərrəmli isə bildirir ki, bu hadisələr söz və ifadə azadlığına mənfi təsir edir:
"Hesab edirəm ki, alternativ fikir yayan media orqanlarının fəaliyyətlərinin məhdudlaşdırılması bu və ya başqa formada söz və mətbuat azadlığına mənfi təsir göstərir. O cümlədən də, "Kanal-13"-ün fəaliyyətinin məhdudlaşdırılmasını pis qiymətləndirirəm. Arzu edərdim ki, istər iqtidaryönümlü, istərsə də müxalifyönümlü media orqanları yazdıqları, toxunduqları məsələlərdə obyektiv, dürüst və qərəzsiz olsunlar. Öz peşə fəaliyyətlərinə bu və ya başqa mənada təhlükə yaratmasınlar. Azərbaycan dünyanın tərkib hissəsidir  və bu dünyada söz və mətbuat azadlığı mühüm dəyər sayılır. Bizim ümumi məqsədimiz bu dəyəri qorumaqdır. Bunun üçün də cəmiyyət bütün resurslardan  istifadə etməlidir".
[caption id="attachment_7307" align="alignnone" width="5456"] Qulu Məhərrəmli[/caption]
Mayın 2-də "Kanal-13" internet-televiziyasının rəhbəri Əziz Orucov saxlanılıb. O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə ittiham olunaraq, Nəsimi rayon Məhkəməsinin qərarı ilə 30 sutka azadlıqdan məhrum edilib.
Baş redaktor iyunun 1-də azadlığa çıxmalı idi. Amma iyunun 1-də Tv-nin rəhbəri Əziz Orucov barəsində Cinayət Məcəlləsinin 192.2  (qanunsuz sahibkarlıq və külli miqdarda gəlir əldə etmə) və 308.2 (vəzifə saxtakarlığı ağır nəticələrinə səbəb olması) maddələri ilə cinayət işi açılıb və qanunsuz sahibkarlıqda və vəzifə saxtakarlığında təqsirləndirilərək barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
İyunun 3-də Baş Prokurorluğun əməkdaşları "Kanal-13"ün ofisində axtarış aparıblar. TV-dən verilən məlumata görə kompüter və bəzi sənədləri götürüblər.
Vəkil Elçin Sadıqov bildirib ki, Əziz Orucova qarşı qaldırılan cinayət işi "Kanal-13"ün fəaliyyəti və "Qafqaz Media Təhqiqatları Mərkəzi" İctimai Birliyinin fəaliyyətinə görə irəli sürülüb.
"Kanal 13" internet televiziyası 2010-cu ildən fəaliyyət göstərir. Kanalın təsisçisi Anar Orucov Almaniyada yaşayır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun