İntihar edənlərin sayı yenidən artıb

İntihar edənlərin sayı yenidən artıb
8 İyun 2017
Mətni dəyiş
Bakının Maştağa qəsəbəsində 50 yaşlı Lütfəli Cabbarov damarlarını kəsib. Güclü qanaxma ilə əlaqədar onun həyatını xilas etmək mümkün olmayıb.
Lent.az-ın məlumatına görə, polis əməkdaşlarının araşdırmaları zamanı bu faciəvi sona gətirib çıxaran bəzi hallar müəyyən edilib. Mərhum tək yaşayırdı, işini çoxdan itirmişdi və işə düzələ bilmirdi.
O, ərzaq məhsullarını qonşu mağazalardan nisyə alırdı. Bir neçə ay ərzində 600 manat borcu yığılmışdı və o, bu borcu ödəyə bilmirdi. Kişi maliyyə problemlərinə görə çox narahat olurdu və depressiyaya düşmüşdü. Və bu vəziyyətə birdəfəlik son qoymaq qərarına gəldi.
Bu yaxınlarda "Bank Respublika"nın Səbail filialının binası qarşısında üzərinə benzin töküb özünü yandırmağa çalışan digər Bakı sakini də buna bənzər vəziyyətə düşmüşdü. Özünü vaxtında çatdıran bank əməkdaşları alovu söndürmüşdülər. Zərərçəkmişin üzündə və əlində yanıq xəsarətləri əmələ gəlib, bundan sonra o, xəstəxanaya aparılıb. Məlum olub ki, kişi bu ağır addımı kredit borcuna görə atmalı olub.
Son vaxtlar Azərbaycanı təkcə müflisləşmə deyil, intihar dalğası da bürüyüb. Yerli saytlar bir gün ərzində törədilən bir neçə intihar haqqında eyni vaxtda yazır. Bu intiharlar həm Bakıda, həm də ölkənin regionlarında baş verir. DİN-in məlumatına görə, 2016-cı il ərzində ölkədə təxminən 500 intihar hadisəsi olub, ilin əvvəlindən 200-ə yaxın belə fakt qeydə alınıb.
Bakı Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşlarından biri Turan-ın müxbiri ilə söhbətində bildirib ki, bəzən bir gün ərzində intihar cəhdi ilə bağlı bir neçə çağırış daxil olur. Orta intihar yaşı 35-dir. İntihara cəhd üsulları müxtəlifdir - həblərdən damar kəsməyə qədər. Heç də hamını xilas etmək mümkün olmur. İnsanları intihara sövq edən səbəblər arasında birinci yerdə maliyyə problemləri, işin və gəlir mənbələrinin itirilməsi var.
"Obyektiv" sosioloji mərkəzinin keçirdiyi onlayn araşdırmanın bu yaxınlarda dərc edilmiş nəticələri göstərir ki, işsiz qalan vətəndaşların üçdə biri hələ yeni iş yeri tapmayıb. İnsanlar çaş-baş qalıblar, hazırki şəraitə uyğunlaşa bilmirlər, yardım gözləyə biləcəkləri bir yer yoxdur. Məlum olur ki, heç də hamı bu zərbəyə tab gətirməyə hazır deyil və bəziləri problemlərini həll etməyin intihardan başqa yolunu tapmırlar.
Psixoterapevt, tibb elmləri namizədi Araz Manuçöhri-Lalei qeyd edir ki, böhran dövründə ilk növbədə insanların psixi sağlamlığına ziyan dəyir, bu da psixi pozuntularla bağlı xəstəliklərin artmasında, artıq mövcud olan psixi xəstəliklərin kəskinləşməsində, intiharların sayının artmasında özünü göstərir. Ona görə belə olur ki, həyat şəraiti kifayət qədər kəskin şəkildə və gözlənilmədən pisə doğru dəyişir və heç də hamı bunun öhdəsindən gəlməyə qadir deyil. İntiharların ən az 60%-i depressiya vəziyyətində törədilir. Depressiyadan əziyyət çəkənlərin çox azı mütəxəssislərə müraciət edir.
"İntihar cəhətdən əhalinin qütbləşmiş sosial qrupları ən zəif qruplardır. Bir tərəfdən bu, həqiqətən ehtiyac içində olan, həyatla ölüm arasında qalan insanlardır. Digər tərəfdən, uğurlu, cəmiyyətdə nüfuzlu yer tutan insanlardır. Onların müəyyən həyat stereotipləri var, onlar arasında maliyyə vəziyyəti mühüm yer tutur. Bu stereotiplərin itirilməsi onlar üçün çox ağır olur", deyə mütəxəssis qeyd edir.
Manuçöhrinin fikrincə, ölkədə iqtisadi böhranın davamlılığı ilə bağlı proqnozlar qeyri-müəyyəndir. Müxtəlif müddətlər göstərilir. Deməli, onun nəticələri də, vətəndaşların psixi sağlamlığı kimi, daha ciddi ola bilər. Buna görə iqtisadi stabilləşmə üzrə bağlı tədbirlərlə yanaşı poliklinikalarda depressiyalı insanların müraciət edə biləcəyi psixoterapevtik yardım kabinetləri yaradılmalıdır. Şəxsi yüksəliş üzrə treninqlər təşkil etmək də məntiqəuyğun olardı, burada insanlara nəinki öz bacarıqlarını üzə çıxarmağa, həm də stressə davamlılığını artırmağa kömək edirlər. Burada konsultasiya işi də böyük təsir göstərir. KİV də bunda mühüm rol oynamalıdır

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun