"Heykəl məhbusu" Bayram Məmmədov aclıq aksiyasına başlayır

"Heykəl məhbusu" Bayram Məmmədov aclıq aksiyasına başlayır
23 İyun 2017
Mətni dəyiş
Nidaçı "heykəl məhbusu" Bayram Məmmədov saxlanma şəraitinin ağırlığına etiraz olaraq aclıq aksiyasına başladığını açqıalayıb. Bu barədə jurnalist Xədicə İsmayıl məlumat yayıb.
Abzas.net xəbər verir ki, siyasi məhbus bu gün ailəsinə zəng edib, aclıq aksiyası barədə məktubu həbsxana rəhbərliyinə təqdim edəcəyini və bu gündən aksiyaya başlayacağını bildirib.
Məlumata görə, Bayram Məmmədov 13 saylı Cəzaçəkmə Müəssisəsinə köçürüldüyü gündən yataqxanada ayaqyolunun yanında yerləşdirilib. Müəssisənin rəisi digər yerlər boşalanda onun yerinin dəyişiləcəyini vəd etsə də, bu günə qədər bu vədinə əməl etməyib.
Bayram Məmmədovun sözlərinə görə, boşalan yerlər pulla digər məhbuslara satılır, onun yeri isə dəyişdirilmir.
Bundan əvvəl də siyasi məhbusun vəkili Elçin Sadıqov bu barədə mətbuata açıqlama yaymışdı. Bayram Məmmədov həbsxanaya yeni köçürülən zaman ona fiziki və mənəvi işgəncələr verilmişdi.
Bayram Məmmədov digər gənc fəal Qiyas İbrahimli ilə birgə ötən il mayın 10-da saxlanıblar. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, B.Məmmədovdan 2.904 qram, evinə baxış zamanı əlavə olaraq 1 kiloqram 150 qram heroin aşkar edilib.
Onunla birlikdə saxlanan Q.İbrahimlidən də 2.607 qram, yaşadığı mənzilə baxış zamanı isə əlavə olaraq 1 kiloqram 10 qram heroin tapıldığı iddia edilir.
Ancaq gənclər məhkəmədə ittihamları qəbul etməyiblər. Keçmiş prezident Heydər Əliyevin abidəsinə “Qul bayramınız mübarək!” şüarı yazılmasına görə həbs edildiklərini bəyan ediblər. Məhkəmənin qərarı ilə onlara 10 il həbs cəzası verilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun