3 marşrut xətti üzrə avtobuslar 20 saatlıq iş rejimində çalışacaq

Bakı Nəqliyyat Agentliyi 23-25 iyun tarixlərində paytaxtda keçiriləcək Formula 1 Azərbaycan Qran-Pri yarışı ilə əlaqədar ictimai nəqliyyatın fasiləsiz və rahat fəaliyyətini təmin etmək məqsədi ilə zəruri tədbirlərin icrasını davam etdirir.
Bakı Nəqliyyat Agentliyindən Abzas.net-ə verilən məlumata görə, “Bakı Şəhər Halqası” Əməliyyat şirkətinin müraciətinə əsasən yarış günlərində keçiriləcək mədəni kütləvi tədbirlərdə iştirak edəcək şəxslərin ictimai nəqliyyatdan istifadəsini asanlaşdırmaq məqsədi ilə 3 marşrut xətti üzrə avtobusların 20 saatlıq iş rejimində işləməsi qərara alınıb.
Beləliklə, 23-25 iyun tarixlərində 5, 53 və 65 nömrəli marşrut xətti üzrə avtobuslar səhər saat 06:00-dan gecə saat 02:00-dək  sərnişinlərə xidmət göstərəcək.
Bakı Nəqliyyat Agentliyinin müvafiq qərarının icrası ilə bağlı 5, 53 və 65 nömərli marşrut xətlərinin müvəqqəti istismarını həyata keçirən daşıyıcılara xəbərdarlıq məktubu da ünvanlanıb.