Etiraz edən əlillər Səlim Müslümovla görüşdülər

Bir qrup əlilliyi olan şəxs iyunun 13-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində olublar. Nazir Səlim Müslümov aksiya keçirən əlillərin bir neçəsini qəbul edib.
Görüş iştirakçılarının Toplum Tv-yə verdiyi məlumata görə, nazirlə görüşdə ümumi danışıqlar aparılsa da, əsaslı dəyişiklik olmayıb. Belə ki, əlil arabasında olan təxminən 50 nəfərə yaxın birinci qrup əlilə birdəfəlik yardım verilməsi nəzərdə tutulub.
Aksiyaçıların digər tələbləri pensiyanın azlığı və kommunal xərclərlə bağlıdır. İclasda bildirilib ki, təkliflər paketi hazırlanıb Milli Məclisə təqdim olunacaq.
Əgər dəyişiklik olarsa, o, bu il yox, növbəti ildə tətbiq oluna bilər. Builki dövlət büdcəsi artıq təsdiqləndiyi üçün onu dəyişməyin mümkün olmadığı deyilib.
Əlilliyi olan şəxslərin təqaüdlərinin gecikdirilməsi isə büdcənin boş olması ilə əlaqələndirilib. Qəbula əsas aksiya iştirakçıları və jurnalistlər buraxılmayıb.
Əlilliyi olan şəxslər iyunun 6-da sosial müavinətin azlığına və kommunal xərclərin çoxluğuna etiraz etmişdilər.
Nazirlik Aparatının Əlillərin Sosial Müdafiəsi Siyasəti şöbəsinin müdiri Saday Abdullayev aksiya iştirakçılarının bir neçə gün sonra qəbul ediləcəklərini bildirdikdən sonra etirazçılar aksiyanı başa çatdırmışdılar.