Ermənistanda kəndlilər etiraz edirlər

Ermənistanda kəndlilər etiraz edirlər
8 İyun 2017
Mətni dəyiş
Ermənistanın şərqindəki Geğarkunik vilayətində 20-dən çox kiçik kəndin sakinləri ötən gün – iyunun 7-də yerli magistral yolu bağlayaraq etiraz aksiyası keçiriblər. Onlar hökumətin kiçik kəndləri daha böyük icmalarda birləşdirmək planına etiraz edirlər. Sakinlər yaxınlıqdakı magistral yolun Vartenis şəhərindən keçən hissəsini tutublar.
Ermənistan hökuməti kəndləri birləşdirmək planını hələ bir il öncə, 2016-cı ilin iyununda gerçəkləşdirməyə başlayıb. Hökumət bu yolla icmalarda idarəçiliyin yaxşılaşdırılmasına və bu kəndlərə ayrılmış büdcə pullarının daha səmərəli xərclənməsinə çalışdığını deyir. Hökumət həmçinin, bir Qərb donorunun bu prosesi dəstəklədiyini və ona maliyyə yardımı ayırdığını bildirir.
DAHA AZ HESABATLI
2016-cı ilin sonlarında hökumət ilk 140 kəndi 18 inzibati ərazi vahidinə birləşdirsə də, onlardan bəzilərinin sakinlərinin güclü müqavimətiylə üzləşib. Sakinlər hesab edirlər ki, birləşdirilmiş yeni yerli hökumətlər daha az hesabatlı olacaq və onların tələblərinə daha az cavab verəcək.
Yaranmış ziddiyyətə baxmayaraq, hökumət bu il birləşdirmə prosesini davam etdirib. Hökumətin bu ay Ermənistan parlamentinə təqdim etdiyi qanun layihəsi daha 328 kəndin 34 icmaya çevrilməsini nəzərdə tutur. Layihəyə görə, Geğarkunik vilayətinin Vartenis şəhərinə 21 icma birləşdirilməlidir.
"Biz belə birləşdirilməyə qarşıyıq", – Geğarkunik vilayəti kəndlərinin etiraz edən bir neçə yüz sakinindən biri deyir.
O və digər etirazçılar deyirlər ki, hökumətin bu addımı onların dağ icmalarına ziyan vuracaq. Bu icmaların bir çoxunda Azərbaycandan gəlmiş keçmiş erməni qaçqınları məskunlaşıb.
Etirazçılar yolu bağlayıblar
Etirazçılar yolu bağlayıblar
"MESAJIMIZ PREZİDENTƏ ÇATDIRILSIN"
Etiraz edən kəndlilər eyni zamanda hökumətin bu tədbirə başlamazdan öncə onlarla məsləhətləşmədiyindən şikayətlənirlər. Geğarkunik vilayətinin qubernator müavini Andranik Hakobian bildirib ki, ölkənin yerli hökumət naziri Davit Lokian bu yaxınlarda kəndlərin rəhbərliyi ilə görüşüb və bu məsələni onlarla müzakirə edib.
"Kənd başçıları kəndliləri toplayaraq müzakirə etməliydilər", – deyə o, AzadlıqRadiosunun erməni xidmətinə bildirib.
Hakobian bundan başqa hökumətin yanaşmasını dəstəkləyərək qeyd edib ki, inzibati restrukturizasiya infrastrukturun və ictimai xidmətlərin keyfiyyətinin yaxşılaşmasına yol açacaq. Ancaq kəndlilər buna inanmış kimi görünmürlər.
"Biz mesajımızın prezidentə çatdırılmasını istəyirik", – onlardan biri hadisə yerinə gəlmiş regionun polis idarəsinin rəis müavini Tigran Petrosian-a deyir.
"Heç bir məmur, heç bir hökumət nümayəndəsi hələ bircə dəfə də birləşdirilməsini təklif etdikləri bu kənd icmalarında olmayıb. Buna görə də, onlar bu icmaların problemlərini bilmirlər", – Sotk kəndinin sakini Seyran Manukian deyir. Onun sözlərinə görə, icmaların sakinləri dəfələrlə hökumətə müraciət edərək birləşdirilmə qərarına yenidən baxmağı xahiş etsələr də, heç bir cavab ala bilməyiblər.
"BİZİ HƏR ŞEYDƏN MƏHRUM EDİRLƏR"
Manukian deyir ki, hər bir kənd ayrı-ayrılıqda daha yaxşı inkişaf edir.
"Hər kəndin öz inkişaf planı var. Hərəsinin öz icma rəhbəri var və o hər problemə görə cavabdehlik daşıyır. Ancaq icmalar birləşdirilsə, heç nəyi heç kimdən tələb etmək mümkün olmayacaq", – deyə S.Manukian bildirib.
Onun sözlərinə görə, birləşdirmə kəndlərin maliyyədən məhrum olmasına yol açacaq.
"İnsanları hər şeydən məhrum edirlər. Biz artıq prezidenti seçmirik. Bundan sonra daha icma rəhbərini də seçməyəcəyik. Bundan sonra bu vəzifə də təyinatla olacaq. Pullarımızı əlimizdən alırlar ki, hər ehtiyacımıza görə gedib onlardan maliyyə istəyək", – Manukian deyir.
İki saat sonra hökumət rəsmiləri polis idarəsinin rəis müavini vasitəsilə etirazçılara bildiriblər ki, danışıqlar üçün nümayəndə heyətlərini Yerevana göndərsinlər. Yalnız bundan sonra etirazçılar yolu açmağa razılıq veriblər. Günün sonunda etirazçıların nümayəndə heyəti yerli hökumət naziri Davit Lokian-ın və baş nazir Karen Karapetian-ın köməkçiləri ilə görüşüblər.
Ancaq danışıqlar heç bir nəticə verməyib. Kənd sakinlərinin nümayəndələri bildiriblər ki, hökumət rəsmiləri onların tələblərini rədd ediblər. İndi sakinlər cümə axşamı günü (iyunun 8-də) yenidən Vartenis magistral yolunu bağlayacaqlarını deyirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun