Enerji fiksiyası və Bakının psevdo-missiyası - Hüseynbala Səlimov

Enerji fiksiyası və Bakının psevdo-missiyası - Hüseynbala Səlimov
10 İyun 2017
Mətni dəyiş
VAŞİNQTONDAN ŞAD XƏBƏR VAR
ABŞ prezidenti Donald Trampın bu yaxınlardaca “Ərəb-İslam–ABŞ sammiti”ndə dediyi bir cümlə və Azərbaycan prezidentinə göndərdiyi məktub hakimiyyət düşərgəsində qeyri-adi canlanma yaradıb – müzakirələr, şərh və təhlillər bitib-tükənmək bilmir.
Məmurların tövsiyyələrilə silahlanan “politoloq”lar “bu kanal mənim, o kanal sənin” deyib televiziya ekranlarından çəkilmək bilmirlər ki, adamlar heç olmasa, bu isti yay günlərində zövqsüz və məzmunsuz “milli” teleseriallarına baxa bilsinlər...
Nə olub? Nə baş verib? Şadyanalığın səbəbi nədir? Əslində Trampın məşhur cümləsilə bağlı o qədər yazılıb, o qədər deyilib ki, onu burada bir daha xatırlamağa ehtiyac yoxdur. Məktuba gəldikdə isə Amerikanın prezidenti Azərbaycan hökumətilə təhlükəsizlik, iqtisadi islahatlar sahəsində əməkdaşlıq etməyə və hər iki ölkənin maraqlarına cavab verən siyasi dialoqu davam etdirməyə hazır olduğunu bildiribdir.
Bakını isə riqqətə gətirən budur ki, lap əvvəlcə sammitdə, daha sonra isə bir az üstüörtülü şəkildə məktubunda ABŞ prezidenti daha ölkəsinin müsəlman dövlətlərinin daxili işlərinə qarışmayacağını deyib. Elə Azərbaycanın məmurlarını da əməlli – başlı biri-birinə vuran bu “daxili işlər” məsələsidir.
Bəli, rəsmi Bakı çox istəyir ki, ABŞ hökuməti Azərbaycanda keçirilən seçkilərə, ölkədəki arxaik, az qala, orta əsrlər üsul-idarəsini xatırladan idarəçəlik fəlsəfəsinə, medianın və ictimai fəalların təqib olunmasına göz yumsun. “Daxili işlər” deyəndə məhz bunlar nəzərdə tutulur...
Əslində ABŞ hökumətləri bu vaxta qədər Azərbaycan hakimiyyətinə ciddi təpkilər göstərməyiblər. Məsələn, gözəl xatırlayıram ki, ABŞ-ın bu ölkədə keçirilən seçkilərə reaksiyası bir-iki xırda iraddan sonra ənənəvi sonluqla bitiridi” “Demokratiya və azad seçkilər istiqamətində irəliyə doğru daha bir addım atılıb!”...
Nə başınızı ağrıdım, beləcə, aramla, seçkidən–seçkiyə doğru addımlayaraq bir də ayılıb gördük ki, nəinki Mərkəzi Asiyanın despotik rejimlərinə çatmışıq, hətta onları geridə də qoymuşuq...
Bir sözlə, ABŞ indiyədək Azərbaycanda baş verən proseslərə beləcə yumşaq bəyanatlardan başqa hansısa bir sərt münasibət sərgiləməyib.
Amma Azərbaycan hakimiyyəti istəyir ki, hətta bu da olmasın. ABŞ digər müsəlman ölkərindəki avtoritar reallıqlarla necə barışıbsa Azərbaycanda hökm sürən vəziyyətlə də eləcə barışsın...
NEFT VƏ QAZ DƏRYASINDA BİR DAMLA
Bəli, arqumentləri də budur ki, Azərabaycan guya Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır, ölkə iqtisadiyyatının şaxələndirilməsi sahəsində çox mühüm işlər görülür və s. və i. Dərindən fikirləşəndə adam bir sualı özünə verməkdən heç cür dayana bilmir. O da budur ki, neft v qaz gəlirlərinin azərbaycanlı məmurları varlandırması da ABŞ-ın milli təhlükəsizlik prioritetlərinə aiddirmi?
Bəli, Azərabaycan neft və qaz satıb pul qazanır. Əslində bunun ABŞ-a böyük hesabla dəxli yoxdur. Əgər Azərbaycanın dünyanın neft konyunkturasını dəyişmək gücü olsaydı bəlkə də haradasa bunu başa düşmək olardı. Amma Azərbaycan bu mənada Səudiyyə Ərəbistanı və ya Küveyt deyil.
Böyük enerji təhklükəsizliyi missiyası da fiksiyadan başqa bir şey deyildir. Azərbaycanın dünya bazarına çıxardığı neft, eləcə də çıxarmaq istədiyi qaz dünya bazarındakı balansı qətiyyən dəyişmək iqtidarında deyil. Bunu uzağı kiçik bir ölkənin uğurlu biznes layihəsi hesab etmək olar.
BƏLKƏ BAKININ ORDEN-MEDALI YOXDUR?
Amma Azərbaycan hakimiyyətinin ABŞ-dan umacaqları tamam-kamal prdemetsiz deyil. Sadəcə, bizim hakimiyyətin təmsilçiləri amerikalılara ürəklərini aça bilmirlər. Soruşa bilmirlər, daha doğrusu, hələ soruşmağa cəsarət etmirlər ki, məgər Səudiyyə Ərəbistanı Azərbaycandan demokratikdir? Niyə ABŞ prezidenti Səudiyyə kralı ilə “qılınc rəqsi” oynaya bilir, amma Azərbaycanın “Süleymani”, “Qoçəli”, “Uzundərə” və s. rəqslərinə tamam etinasız yanaşır? Yoxsa Azərbaycan hakimiyyətinin ABŞ presidentini təltif etməyə ordeni – medalı yoxdur? Bəli, problem budur və əminəm bu suallar bizim məmurlarımızın ürəyini deşir, gecələr onları yatmağa qoymur. Birdəfəlik deyə bilmirlər ki, bəs biz də ondan – yəni, Səudiyyə Ərəbistanından olmaq və onlar kimi qanuni monaraxiya qurmaq istəyirik...
SƏUDİYYƏ ƏRƏBİSTANININ BİR YAXIN DOSTU VAR
Amma burada bir ciddi problem də var. Məsələ təkcə azərbaycanlı siyasət adamlarının utancaqlığınıda və yaxud cəsarətsiz olmasında deyil. Ondadır ki, Səudiyyə Ərəbistanının bir yaxın dostu var, o da ABŞ-dır və bu ölkə öz yaxın dostu ilə siçan – pişik oynamağı sevmir. Azərbaycan hakimiyyətinin isə “dost”ları bir deyil, iki deyildir, ortada İran var, Rusiya var!..
Onlardan da keçə bilmirlər... Hamısı da onunla bağlıdır ki, bu hakimiyyətə uzunmüddətli “siyasi kontrakt”lar lazımdır. Ona görə ki, bunlar əbədi olaraq hakimiyyətdə qalmaq istəyirlər. ABŞ hakimiyətləri isə bu təminatı verə bilməzlər, çünki onların özünün maksimal müddəti səkkiz ildir. Tamam Rusiyanın və İranın da tərəfinə keçməkdən ehtiyat edirlər, çünki bu ölkələrin də iddiaları böyükdür. Həm də ehtiyat edirlər ki, belə etsələr, bundan qeyzlənən Qərb buraları qarışdırmaz ki?..
Qərəz, çətin vəziyyətdir. Amma rəsmi Bakı ümidlərini də kəsmir. Trampın dediyi cümlə və yazdığı məktub onlara ən azı ABŞ hökumətinin səkkiz illik loyallığını vəd edir. Bu isə az müddət deyildir. Səkkiz ilə hətta seçki, demokratiya, azad media və müxalifət kimi sözləri lüğətdən belə çıxarmaq olar...
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Abzas.net-in mövqeyi ilə üst-üstə düşməyə bilər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun