Çap mediasının illik reklam gəliri - cəmi 90 min...

Çap mediasının illik reklam gəliri - cəmi 90 min...
25 İyun 2017
Mətni dəyiş
2016-cı ildə Azərbaycanda nəşr edilən qəzet və jurnalların reklamdan gəlirləri 149 min manat və ya 90 min dollar olub.
Dövlət Statistika Komitəsinin (DSK) rəsmi bilgilərində belə yazılır.
Çap mediasının reklam gəlirlərində ciddi azalma var. 2015-ci ildə çap mediası reklamdan 1,4 mln manat gəlir əldə etmişdi.
Televiziyaların reklam gəliri 19 milyondan 8 milyona düşüb
Televiziyaların 2016-cı ildə reklam gəlirləri 8 mln 36 min manat olub. Burda da azalma var. 2015-ci ildə onların reklam gəlirləri 19 mln 836 min manat olmuşdu.
Radioların payına 1 mln 479 min manat reklam gəliri düşüb. Bu 2015-ci ilin göstəriciləri ilə müqayisədə 1 mln 615 min manat azdır.
[caption id="attachment_37543" align="alignnone" width="1023"] Azərbaycan qəzetləri[/caption]
İnternet resurslarının reklam gəlirləri də azalıb. 2016 -cı ildə bu məbləğ 1 mln 247 min manat təşkil edib. Bu da bu sahə üzrə 2015-ci ilin göstəriciləri ilə müqayisədə 318 min manat azdır.
DSK-nin bilgilərinə görə, 2016-cı ildə Azərbaycanda reklam fəaliyyətindən ümumilikdə 43,4 milyon manat gəlir götürülüb. Bu isə 2015-ci ilin reklam gəlirlərindən 12,6 mln manat azdır.
Reklam gəliri - başqa ölkələrdə ÜDM-nin 1, Azərbaycanda isə 0,015 faizi
Medianın reklam gəlirlərindəki azalmanı dəyərləndirən ekspert Xalid Ağaliyev rəsmi bilgilərin real duruma mütənasib olduğunu deyir.
“Reklam gəlirləri medianın onurğasıdır. Bu gəlirlər olmadan medianın azad olması, öz ayağı üstə dayanması, əlində pul olan siyasi-ictimai qrupların nəzarətindən çıxması mümkünsüzdür. Hazırda Azərbaycanda media nəzarət altındadır və medianın reklam gəlirlərindən məhrum olması da bunun əsas səbəblərindən biridir”, X.Ağaliyev bildirib.
O, əlavə edib ki, inkişaf etmiş ölkələrdə medianın reklam gəlirləri ümumi daxili məhsulun 1 faizi civarında olur.
“ABŞ-da bu göstərici hər zaman təmin olunur. Avropa ölkələrinin əksəriyyətində medianın reklam gəlirləri ÜDM-nin 0,60-1.0 faizi həcmindədir. Azərbaycanda bu göstərici olduqca aşağıdır. Rəsmi statistikaya görə, 2016-cı ildə Azərbaycanın ÜDM-i 60 milyard manat civarında olub. Medianın reklam gəlirləri 10 milyon civarında olub ki, bu da ÜDM-nin 0.015 faizi deməkdir. Bu olduqca pis göstəricidir ”.
Səbəb?
Medianın reklam gəlirlərinin azalma səbəblərinə gəlincə, X.Ağaliyev iqtisadi böhranı, ÜDM-nin azalmaqda olmasını qeyd edib. Ancaq onun fikrincə, səbəblər daha çox subyektivdir.
“Hökumət reklam gəlirlərinin də daxil olmasının qarşısını almaq yolu ilə uzun illərdir ki, iqtisadi cəhətdən medianı məqsədyönlü şəkildə boğmaq, nəzarətinə keçirmək siyasəti yürüdür. Azərbaycanda elə mühit formalaşıb ki, müstəqil və müxalif media demək olar ki, yoxdur. Olanlara isə hansısa biznes qurumunun reklam verməsi risqlidir ”, X.Ağaliyev bildirib.
Maliyyə yardımı...
Hakimiyyət rəsmiləri isə Azərbaycanda medianın iqtisadi cəhətcən boğulması fikirləri ilə razılaşmırlar. Onlar deyirlər ki, hər il Prezident yanında KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondu vasitəsilə qəzetlərə maliyyə yardımı edilir.
“2009-cu ildə Prezidenti yanında KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılmasında qarşıya qoyulan əsas vəzifələr söz azadlığının çərçivəsinin genişləndirilməsi, KİV-lərin müstəqilliyinin təmin edilməsi, bu sahədə mənfi halların aradan qaldırılması, jurnalist peşəkarlığının yüksəldilməsi və cəmiyyətdə tənqidə dözümlülüyün artırılması idi. Bu kimi məsələlərin həlli olub”-deyə prezidentin köməkçisi Əli Həsənov çıxışlarının birində bildirib.
Ötən il bu Fond vasitəsi ilə 33 redaksiyaya 1 milyon 223 min manat dəyərində yardım edilib. Ancaq bu qəzetlər arasında müxalif “Azadlıq” qəzeti olmayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun