AzTV-dən “turist” məsələsinə: “Meydan TV guya bizim yalanı ifşa edib” [video]

AzTV-dən “turist” məsələsinə: “Meydan TV guya bizim yalanı ifşa edib” [video]
29 İyun 2017
Mətni dəyiş
Azərbaycan Dövlət Televiziyasının əməkdaşı Rüfət Həmzəyev sosial şəbəkələrdə AzTV-nin azərbaycanlı gənci alman turist kimi qələmə verməsi ilə bağlı yayılan videoya münasibət bildirib.
Abzas.net xəbər verir ki, AzTV-nin aparıcısı hadisə ilə bağlı Meydan TV-ni qınayıb. Deyib ki, internet kanal guya AzTV-nin yalanını ifşa edib.
Aparıcı AzTV-də alman turist kimi danışan azərbaycanlı gənclə bağlı hazırlanan materialı “Kütlə psixologiyası”nı araşdıran elmi işçilər üçün sanballı material adlandırıb.
Televiziya jurnalisti 3 hissədən ibarət cavab yazıb. Açıqlamanı təqdim edirik:
1. Almaniyadan olan turist Avraam Sxelt.
Videoya diqqət etdikdə, müsahibin açıq-aydın “biz Berlindən gəlmişik…” ifadəsi eşidilir. Yəni, tərcümə müsahibə verən şəxsin dediklərini təkrarlayır. Fakt konstatasiya olunur. IQ səviyyəsi ikirəqəmli göstəriciyə çatmayan şəxslərin “Almaniyadan gəlib, amma rusca danışır” iddiası isə, sadəcə, gülməlidir. Yəhudi əsilli alman vətəndaşların rusca danışması möcüzə deyil. Müsahibədən əvvəl uşaq anasının Bakı yəhudisi, atasının alman (Sxelt familiyalı) olduğunu bildirdi. Şübhələnsək də, Av”ğ”aam Sxelt deməsi (yəqin ki, yəhudi dostlarım məndən inciməz), şəxsən mənim fikrimi dəyişdi. Tekstin sonunda xam materialı yerləşdirəcəyəm.
2. Uşağın atası kimi özünü ictimaiyyətə təqdim edən Nazim Əliyevin öz feysbuk səhifəsindəki statusu.
Bakı balaca şəhərdir, müasir kommunikasiya vasitələri isə anındaca istədiyin kəslə ünsiyyət imkanı yaradır. Kazusdan bir neçə dəqiqə sonra məsələyə aydınlıq gətirən Nazim Əliyev həmin statusun öz səhifəsində cəmi 5 dəqiqə mövcud olduğunu bildirdi. Statusu yazmasına səbəb kimi, həyat yoldaşının ona göstərdiyi şəklin olduğunu bildirdi (şəkil screen edilib və orada Avraam Sxelt – turist (Almaniya) yazılıbmış). Sitat: “Əvvəlcə videonun montaj olduğunu hesab elədim. Lakin Meydan TV-də materiala qulaq asan kimi, oğlumun həmin ifadələri dediyini eşitdim və dərhal statusu sildim. Bu, cəmi 5 dəqiqə çəkib”. Sitatın sonu.
3. Açıq-aydın qərəz.
Hadisələrin sonrakı gedişatı daha maraqlıdır. Nazim Əliyev deyir ki, dəfələrlə Meydan TV-nin whatsapp və feysbuk səhifələrinə videonun silinməsi üçün müraciət edib, məsələnin mahiyyətini bildiyi üçün anlaşılmazlığın aradan qaldırılmasını istəyib. Lakin onun mesajları cavabsız qalıb və video hələ də kontekstdən çıxarılaraq, ictimaiyyəti fərqli istiqamətə yönəldir.
Nəticə: Televiziyadan azca anlayışı olan şəxs başa düşür ki, radiusunda yüzlərlə əcnəbinin mövcud olduğu müxbirin belə primitiv imitasiyaya əl atması nonsendir. Atasını alman kimi təqdim edən şəxsdən pasport və ya DNT analizi tələb etmək gülüncdür. Uşağın müsahibə verməkdə özünün təşəbbüs göstərməsi isə, başqa mətləblərin ola biləcəyi ehtimalını istisna etmir. O ehtimal ki, nə uşağa, nə də uşağın atasına (Nazim Əliyevə, alman Sxeltə deyil) müsbət şey vəd etmir.
[video width="720" height="394" mp4="http://www.abzas.net/wp-content/uploads/2017/06/19426548_1885027405085293_4592864827491221504_n.mp4"][/video]

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun