Azərbaycan üçün qida təhlükəsi var? - Media icmalı

Azərbaycan üçün qida təhlükəsi var? - Media icmalı
12 İyun 2017
Mətni dəyiş
Şərq-Qərb münasibətlər sistemində Azərbaycanın yeri, xaricdə əmlak almaq sərfəliliyi, qida təhlükəsizliyinin təmin olunması səviyyəsi bugünkü medianın medianın aparıcı mövzusudur.
Şərqi, Qərbi birləşdirən ölkə
"Azərbaycan" qəzeti "Müsəlman dünyasını Qərb aləmi ilə birləşdirən ölkə" sərlövhəli məqalədə Şərq-Qərb münasibətlər sistemində Azərbaycanın rolunu dəyərləndirir.
Müəllif deyir ki, sivil bəşər cəmiyyəti formalaşandan insanlar daim inteqrasiyaya can atıb, vahid siyasi, iqtisadi, yaxud sosio-mədəni məkanın bir hissəsi olmaqla maraqlarını təmin etməyə çalışıblar:
"İudaizm, xristianlıq, sonra isə İslam gercəkliyinin siyasi və iqtisadi qavrayışına təsirin hududlarını genişləndirərək bu və ya digər dinin numayəndələrinin məskunlaşdığı məkanlar formalaşdırıblar. Fərqli məkanlarda formalaşan etnosların sivil dialoqu, qarşılıqlı anlaşması antik dövrlərdən başlayaraq mürəkkəb təkamül və inkişaf mərhələləri keçməklə tolerantlıq düşüncəsi sayəsində mümkün olmuşdur".
Müəllif vurğualyır ki, tolerantlıq düşüncə tərzi olmadan müxtəlif fikir, inam, əqidə və dünyagörüşlərinə malik insan qruplarının bir arada yaşaya bilməsi mümkün deyil və dözümlü davranış tərzi liberal cəmiyyətin nail olmaq istədiyi əsas uğurdur.
Məqalədə bəzi dövlətlərdə ayrı-ayrı adlar altında ortaya çıxan antitolerant qüvvələrdən bəhs edilir və həmin qüvvələrin son nəticədə tolerantlıq düşüncəsinə böyük zərbə vurduqları, dini dəyərləri sarsıtqıları nəzərə çatdırılır.
Müəllif deyir ki, indiki dövrdə bəzi dövlətlərdən tolerantlıq örnəyi götürmək olar və bu baxımdan Azərbaycanın adı xüsusi qeyd olunur:
"Azərbaycanda tolerantlıq irqi, milli, dini və bəşəri müstəviləri əhatə etmək baxımından yekcinsliyin təsdiqi deyil, müxtəlifliyin vəhdəti kimi bu günün həm lokal, həm də qlobal gerçəkliyinin tələblərinə cavab verir. Ən əsası tolerantlıq bu gün Azərbaycan xalqı üçün demokratik dəyərə çevrilib".
Məqalədə daha sonra çoxdinliliyin təsdiqi kimi ölkədə 34 qeyri-islam təmayüllü dini icmanın, 11 kilsə, 6 sinaqoqun fəaliyyəti göstərilir və Azərbaycandakı mövcud xalqların bir ailə kimi mehribanlıq, sülh, qarşılıqlı anlaşma şəraitində yaşaması ölkənin sərvəti, gücü kimi nəzərə çatdırılır.
Müəllif bu birgəyaşayışı Azərbaycan modeli sayaraq bu yöndə əldə edilən uğurları bir çox ölkələr üçün cəlbedici adlandırır.
Müəllif 2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi" ili elan olunmasını, İslam Həmrəyliyi Oyunları yarışlarının keçirilməsini tolerantlıq mühitinə, multikulturalizmə, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına töhfə adlandırır.
Müəllif hesab edir ki, bu ilin "İslam Həmrəyliyi İli" elan olunması həm də islam dünyasında ziddiyyətlərin aradan qaldırılması yolunda xoş niyyətin olmasını nümayiş etdirib: "İslam dünyasının həmrəyliyinə ehtiyacın olduğu bir vaxtda bu kimi təşəbbüslərin irəli sürülməsi dünyada sülhün, əmin-amanlığın bərqərar olunmasına geniş imkanlar açır.
Xaricdə əmlak sərfəli deyil?
"Novoye Vremya" qəzeti "Xaricdə mülk almaq azərbaycanlının cibinə uyğun deyil" sərlövhəli məqalədə son vaxtlar azərbaycanlıların xarici ölkələrdə daşınmaz əmlak ala bilmələrinin səbəblərini ekspert Rəşad Əliyevlə araşdırır.
Müəllif deyir ki, Azərbaycan vətəndaşları son vaxtlar mənzillərini sataraq xaricdə mənzil almaq təcrübəsinə son qoyublar, belə mənzil satışı 2013-2014-cü illərdə geniş yayılmışdı:
"O illərdə Azərbaycanda qiymətlər dollar ifadəsində çox yüksək idi, hətta ölkədə mənzil sataraq xaricdə mənzil almaq kommersiya baxımından əlverişli idi. İndi də elə satıcılar var, amma bu alqı-satqıların məqsədi müxtəlifdir, belə ki, indi Avropaya uzun müddətə gedənlər mənzillərini satırlar, bir də Avropada biznes qurmaq istəyənlər mənzillərini sataraq daşınmaz əmlak alırlar". Bunu isə qəzetə ekspert R.Əliyev şərh edir.
Ekspert hesab edir ki, daşınmaz əmlak alınması istirahət mərkəzi qurulması, ya daimi yaşamaq hüququ əldə edilməsi üstünlüyünün verilməsi və ya investisiyanın diversifikasiyası kimi məqsədlərə xidmət edə bilər:
"Xatırlayıram ki, rubl dəyərdən düşəndə Rusiyada yaşayan azərbaycanlılar Rusiyada daha ucuz qiymətə daşınmaz əmlak ala bilmək üçün Bakıdakı əmlaklarını satırdılar, amma durum dəyişdikdən sonra onlara Bakıdakı daşınmaz əmlakı satmaq sərf etmədi", - ekspert müxtəlif zaman fərqlərində əmlak bazarındakı tablonu təsvir edir.
Ekspert deyir ki, 2014-cü ilin ikinci yarısında qiymətlərin enəcəyi ehtimalı yüksək idi və əmlak baha olduğu üçün həmin vaxt onu satmaq kifayət idi və əldə edilən vəsaitləri sonra hər kəs öz istədiyi istiqamətə yönəldə bilirdi.
İndiki duruma gəlincə, R.Əliyev deyir ki, indi əlindəki daşınmaz əmlakı satmaq istəyənlərin sayı çox deyil, qiymət çox aşağıdır:
"Amma indi istənilən halda Bakıdakı mənzilləri xaricdə mənzil almaq məqsədilə satmaq əlverişli deyil, belə ki, dollar ifadəsində qiymətlər iki dəfə ucuzlaşıb, Avropada isə qiymətlər elə əvvəlki dəyərində qalmaqdadır".
R.Əliyev xatırladır ki, dollara nisbətdə avronun enməsi zamanı Avropa bazarı azərbaycanlılar üçün daha maraqlı görünürdü, belə ki, manat daha çox dollara bağlı idi, indi isə alqı-satqılar kommersiya xarakteri daşımır, daha çox kapitalın çıxarılması və bazar daxili üzrə şaxələndirilməsi məqsədilə edilir.
Qida təhlükəsi hələ var...
"Bizim Yol" qəzeti "Yerli şirkətlərin Azərbaycanın qida təhlükəsizliyində rolu" sərlövhəli məqalədə müəllif ölkədə qida təhlükəsizliyinin təminatı məsələsini ekspertlə araşdırır.
Müəllif xatırladır ki, son zamanlar sosial şəbəkələrdə süni yumurta, süni kələm, süni ət, süni düyü və s. istehsal olunması barədə xəbərlər insanlar arasında ciddi narahatlıqlara səbəb olur.
Yazıda vurğulanır ki, XX əsrin 90-cı illərinin əvvəllərində dünya bazarlarına çıxarılan GMO məhsullarının çəkisinin sürətlə artması ilk vaxtlar elmi inqilab sayıldı, sonradan isə elm adamları bunun təhlüsəsi barədə həyəcan təbili çalmağa başladılar:
"Nanotexnologiyalar əsasında meydana gətirilən yeni növ qida məhsullarının təbii məhsulları əvəz etməsi insan genefondunda müəyyən dəyişikliklərə səbəb olur. Ərzaq təhlükəsizliyi əhalinin sağlam genefonduna birbaşa təsir edən amildir. Buna görə də hər bir dövlətin strategiyasında prioritet məsələdir. Ərzaq təhlükəsizliyi insanların sağlam həyat tərzi sürmək üçün kifayət qədər keyfiyyətli qida məhsullarına istənilən vaxt fiziki və iqtisadi çıxış imkanlarına malik olması deməkdir".
Bu durumla bağlı deyilir ki, indi qloballaşan dünyada təhlükəsiz yaşamaq üçün qapıları bütn dünyaya bağlamaq da mümkün deyil, qida təhlüksizliyini təmin etmək üçün ən vacib addım ölkənin idxaldan asılılığını minimuma endirməkdir.
Azad İstehlakçılar Birliyinin ( AİB) sədri Eyyub Hüseynov deyir ki, qida təhlükəsizliyi beynəlxalq səhiyyə təşkilatlarının da nəzarətə götürdüyü ən ciddi problemlərdən biridir.
E.Hüseynov deyir ki, Azərbaycanda qida təhlükəsizliyi sahəsində müəyyən problemlər qalmaqdadır, çünki bu sahədə müvafiq qanun yoxdur, odur ki, qida təhlükəsizliyi təmin olunmadığı şəraitdə dünya bazarına inteqrasiya olunmuş Azərbaycan bazarında arzuolunmaz malların sayı artır.
Ekspertə görə, bazarlarda arzuolunmaz idxal məhsullarının çox olduğunu görmək üçün apteklərə müraciət edən insanların sayını görmək kifayətdir və bu baxımdan tədqiqatlar göstərir ki,yerli məhsullar idxal məhsullarına nisbətən daha keyfiyyətli, daha orqanikdir.
E.Hüseynova görə, spirtli içkilər bazarında durum daha gərgindir, belə ki, ölkəyə idxal edilən məhsulların üzərində son yararlılıq müddəti qeyd olunmur, amma yerli istehsal olan "Az-Granata"nın üzərində buraxıldığı tarix və son istifadə tarixi göstərilir.
Ekspert vurğulayır ki, bəziləri spirtli məhsulların saxlanma müddətinin olmadığını deyirlər və bunu səhv adlandırır. Onun fikrincə, bu ancaq o halda ola bilər ki, alkoqollu içkilər müvafiq şəraitdə saxlanılsın.
Müəllif hesab edir ki, Qida Təhlükəsizliyi Agentliyi bu sahədə yaranan boşluqları dolduracaq, əhalinin daha keyfiyyətli qida məhsulları ilə təmin olunmasına xidmət edəcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun