Azərbaycanın ‘uşaq göstəriciləri’ Cənubi Qafqazda ‘ən aşağıdır’

“The İndependent” 1 iyun Beynəlxalq Uşaqların Müdafiəsi günündə yazır ki, bütün dünyada 28 milyon uşaq müharibə və münaqişələrə görə yurd-yuvalarından didərgin düşüb.
Save the Children beynəlxalq uşaq hüquqlarının müdafiəsi xeyriyyə təşkilatının yeni hesabatında deyilir ki, bu günün uşaqları itirilmiş nəsil ola bilər, çünki onların uşaqlıq illəri “oğurlanıb”.
Təşkilat uşaqların ən yaxşı və ən pis yaşadıqları ölkələrin qlobal indeksini tərtib edib.
Məlum olub ki, bütün dünya boyunca 700 milyon uşaq münaqişələr, uşaq əməyi, erkən evlilik, təhsilsizlik və səhiyyə xidmətinin olmaması ucbatından uşaqlıq çağının xoşbəxtliyindən məhrum olub.
Hesabatdan bu da bəlli olub ki, hər il dünyada 8 milyon uşaq ölür, hər 6 uşaqdan biri təhsil ala bilmir.
Save the Children təşkilatının indeksində ən pis göstəricilərə malik ölkələr əsasən Afrika qitəsindədir. Bunlar Niger, Anqola, Mali, Mərkəzi Afrika Respublikası və Somalidir.
Təşkilatın baş direktoru Kevin Watkins deyib ki, 2015-ci ildə dünya ölkələri 2030-cu ilədək harada yaşamasından asılı olmayaraq bütün uşaqların təhsil və səhiyyə xidməti ilə təminatına söz veriblər.
Cənab Watkins deyib ki, bu, ambisiyalı vəd olsa da, tamamilə realist hədəfdir.
Bu indeksdə son 15 ildə müharibə şəraitində olan İraq 172 ölkə arasında 123-cü yeri tutur.
İndeks cədvəlində Azərbaycan 87-ci, Gürcüstan isə 85-ci pillədədir. Ermənistan uşaqların vəziyyətinə görə Cənubi Qafqazda ən yaxşı göstəriciyə malikdir. Bu ölkə indeksdə 54-cü yerdədir.
Cədvəldə Azərbaycandan sonrakı yerlərdə yalnız iki keçmiş sovet respublikası var. Qırğızıstan 91, Tacikistan isə 94-cü pillədə qərarlaşıb.
Bu cədvəldə Rusiya 37, ABŞ isə 36-cı yerdədir.