Avropa Məhkəməsi əsgər ölümü ilə bağlı qərarını elan edib

Avropa Məhkəməsi əsgər ölümü ilə bağlı qərarını elan edib
2 İyun 2017
Mətni dəyiş
Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycan Ordusunda qulluq edən əsgərin ölümüylə bağlı qərar çıxarıb. Avropa Məhkəməsi qərarını mərhum əsgərin atası Malik Babayevin şikayəti əsasında verib.
Ərizəçi Malik Babayevin oğlu Zakir Babayev hərbi xidmətdə olarkən dünyasını dəyişib. Babayevin ölümü intihar kimi rəsmiləşdirilib. Əsgər yoldaşları ölüm hadisəsindən sonra istintaqa ifadələrində deyiblər ki, 2009-cu il noyabrın 14-də Gədəbəy rayonunda hərbi hissədə qarovulda olarkən güllə səsi eşidiblər. Ətrafa nəzər salanda, Z.Babayevin özünü güllələdiyini görüblər.
Həmin gün Qazax hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsiylə cinayət işi başlanıb. Sonradan cinayət hadisəsi olmaması əsası ilə icraata xitam verilib.
Prokurorluğun xitam qərarından məhkəməyə şikayət olunsa da, nəticə dəyişməyib. Məhkəmə hesab edib ki, istintaq orqanı ölümün səbəbinin obyektiv araşdırılması üçün bütün tədbirləri görüb. Apellyasiya Məhkəməsi və Ali Məhkəməyə müraciətlərin də xeyri olmayıb - birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
Ata yerli məhkəmələrin qərarından Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət göndərib. Avropa Məhkəməsi isə hesab edib ki, bu iş üzrə effektiv araşdırma aparılmayıb. Ona görə də, bu işdə Avropa Konvensiyanın 2-ci (yaşamaq hüququ) maddəsinin pozulduğunu təsdiqləyib. Bu pozuntuya görə də ərizəçi M.Babayevə mənəvi zərərə görə 15 min avro kompensasiya ödənilməsi haqda qərar çıxarıb. Azərbaycan hökuməti bu məbləği mərhum əsgərin atasına ödəməlidir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun