Atəşkəsin sutka ərzində 119 dəfə pozulduğu deyilir

Atəşkəsin sutka ərzində 119 dəfə pozulduğu deyilir
4 İyun 2017
Mətni dəyiş
Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və 82 millimetrlik minaatanlardan (5 mərmi) da istifadə etməklə sutka ərzində atəşkəsi 119 dəfə pozublar.
Müdafiə Nazirliyinin məlumatında bildirilir ki, Ermənistanın İcevan rayonundan Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Məzəm, Cəfərli, Berd rayonundan da Tovuz rayonunun Koxanəbi və Muncuqlu kəndləri atəşə tutulub.
Bundan başqa, Krasnoselsk rayonundan isə Azərbaycan ordusunun Gədəbəy rayonu ərazisindəki mövqelərinin vurulduğu açıqlanıb.
Nazirlik bildirir ki, Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Şıxlar, Sarıcalı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qərvənd, Aşağı Seyidəhmədli, Qorqan və Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında da Azərbaycan ordusunun mövqeləri hədəf seçilib.
Eyni zamanda, Goranboy rayonu istiqamətində də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinin vurulduğu bildirilib.
Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun