Aİ-nin Azərbaycandakı nümayəndəliyi iki yeni medialayihənin təqdimatını keçirib

Aİ-nin Azərbaycandakı nümayəndəliyi iki yeni medialayihənin təqdimatını keçirib
15 İyun 2017
Mətni dəyiş
Bakıda Avropa İttifaqı (Aİ) nümayəndəliyinin iki yeni media layihəsinin təqdimatı keçirilib.
"Report"un məlumatına görə, tədbir zamanı Aİ-yə üzv ölkələr ilə Azərbaycan arasında qarşılıqlı mübadiləyə xüsusi diqqət çəkən, mədəniyyət, incəsənət, təhsil, mədəniyyətlərarası dialoq və turizm kimi mövzuları özündə əks etdirən, həmçinin Azərbaycan dilində olan www.sizinavropa.az vebplatforması təqdim olunub.
Bu vebsaytın əsas məqsədləri Azərbaycanda Avropa qurumları ilə yerli əhalinin, xüsüsilə də, gənc nəsil arasında dialoqu gücləndirmək, mədəniyyət sahəsində əməkdaşlığı artırmaq, Avropa mədəniyyəti, təhsili, səyahət imkanları və mədəniyyətlərarası mübadilə barədə faydalı məlumat və xəbərlər verməkdir.
Eyni zamanda Avropa İttifaqı nümayəndəliyi, ADA Universiteti, universitetin Avropa İttifaqı məsələləri üzrə Bilik Mərkəzi və ASAN Radionun birgə layihəsi olan "AvropadASAN" radio verilişinin təqdimatı keçirilib.
Qeyd edək ki, bu verilişin artıq 2 proqramı efirə gedib. "AvropadASAN” verilişində Avropa ilə bağlı təhsil, informasiya və əyləncəli xəbərlərdən bəhs olunur. Verilişə Avropa İttifaqında mədəniyyət, təhsil, səyahət, musiqi dünyasının ən son trendləri barədə məlumatlar daxil olunacaq, Aİ nümayəndəliyi və Avropa səfirlikləri tərəfindən təşkil olunan gələcək konsertlər, sərgilər, film festivalları, müsabiqələr və digər bayram tədbirləri barədə proqramda məlumat veriləcək.
"AvropadASAN” hər ayın birinci və üçüncü həftəsinin çərşənbə axşamı günləri saat 18.30-19.30-da efirə veriləcək, hər ayın ikinci və dördüncü həftəsinin cümə axşamı günlərində saat 14:00 - 15:00-da təkrarlanacaq.
Tədbir zamanı hekayə və foto müsabiqələrinin qalibləri də mükafatlandırılıb. "#EUaroundU – Hekayəni danış!" adlı müsabiqəsinin 1-ci yerin qalibi Sara Rəcəbli Şərq Tərəfdaşlığı Gənclər Forumunda iştirak etmək üçün 22-23 iyun tarixlərində Polşaya səfər edəcək (bütün xərclər ödənilir), ikinci yerə çıxmış müsabiqə iştirakçıları Cəmilə Musayeva və Günel Mirzəyeva elektron tabletlər qazanıblar.
"Azərbaycanda Avropanı tap!" foto müsabiqəsinin üç qalibləri də mükafatlandırılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun