Zuckerberg 13 il fasilədən sonra Harvard diplomu alıb

Zuckerberg 13 il fasilədən sonra Harvard diplomu alıb
26 May 2017
Mətni dəyiş
Dünyanın ən böyük sosial media saytı Facebookun qurucu ortağı Mark Zuckerberg, illər öncə məzun olmadan ayrıldığı Harvard Universitetindən diplomunu alıb. ABŞ-ın ən nüfuzlu ali təhsil ocaqlarından biri hesab olunan Harvard Universitetində kompyuter mühəndisliyi və psixologiya təhsili alan, ancaq 2004-ci ildə ikinci kursa gedərkən universiteti yarımçıq buraxan Zuckerberg, 13 il fasilədən sonra Harvard buraxılış mərasimində iştirak edib.
Mərasimdə diplomunu alan Zuckerberg, Facebook-da etdiyi paylaşımda, "Anacan, geri gəlib diplomu alacağımı sənə həmişə demişdim", ifadəsini istifadə edib. Zuckerberg-in diplomunu havaya qaldırarkən çəkilmiş foto Facebookda 1,3 milyon insan tərəfindən bəyənilib.  Dünyanın ən varlı 5-ci adamıdır   Harvardda tələbə olarkən  Facebooka üstünlük vermək üçün təhsilini yarımçıq qoyan Zuckerberg, təxminən 65 milyard dollarlıq sərvətiylə dünyanın ən gənc milyarderi və ən varlı 5-inci şəxsidir.
Hazırda dünyanın ən varlı insanı olan Bill Gates, Microsoft-u qurmasından sonra Harvard Universitetini 1975-ci ildə yarımçıq qoymuş, 2007-ci ildə isə universitetdən fəxri doktor adı almışdı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun