Trump Vatikanda Roma Papası Fransislə görüşüb

Trump Vatikanda Roma Papası Fransislə görüşüb
24 May 2017
Mətni dəyiş
Vatikanda ABŞ prezidenti Donald Trumpla Roma Papası Fransis arasında 30 dəqiqəlik görüş baş tutub.
ABŞ prezidenti ilə Roma Papası arasında bağlı qapılar ardında keçirilirən qısa görüşdən sonra Birləşmiş Ştatların digər təmsilçiləri də iclasa qatılıblar. Məclisdə iştirak edənlər arasında Birinci xanım Melaniya Trump, ABŞ dövlət katibi Reks Tillerson, Trumpın qızı İvanka və onun həyat yoldaşı Cared Kuşner də olub.
Görüş zamanı qarşılıqlı olaraq hədiyyələr təqdim olunub.
Prezident Trump Roma Papası Fransisə Martin Lüter Kinqin kitabını hədiyyə edib. Roma papası isə ona üzərində sülh rəmzi hesab edilən zeytun yarpağı olan medal bağışlayıb.
Papa Fransis bundan əlavə prezident Trumpa din, ailə və cəmiyyət mövzusunda 3 kitab da hədiyyə edib. Prezident bu kitabları oxuyacağına söz verib.
Görüşü izləyə bilmək imkanı olan azsaylı jurnalistlərin bildirdiyinə görə, Roma Papası əvvəlcə gərgin görünürdü, lakin görüşün sonuna doğru, xüsusən də hədiyyələrin təqdim olunduğu zaman onun narahatlığının azaldığı vurğulanıb.
Keçən il prezidentliyə namizəd olan Trumpın ABŞ-Meksika sərhədində divarın inşası planına görə Roma Papası ilə onun arasında sözdə mübahisə yaranmışdı. Lakin bu gün keçirilən görüşdən sonra Papa Fransis bildirib ki, Trumpla səmimi müzakirələr aparıb və gələcəkdə immiqrasiya, səhiyyə, təhsil kimi məsələlərdə birgə fəaliyyət göstərəcəklərinə ümid edir.
Sikstin kapellasını və müqqəddəs Pyotr bazilikasını gəzdikdən sonra prezident Trump İtaliya prezidenti Sercio Matarella və baş nazir Paulo Gentiloni ilə görüşmək üçün Vatikandan ayrılıb.
Cümə axşamı Trump NATO-nun sammitində iştirak etmək üçün Belçikaya səfər edəcək.
Həftə sonu isə prezident Siciliya adasında keçiriləcək Böyük Yeddilər qrupunun görüşündə iştirak etmək üçün yenidən İtaliyaya qayıdacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun