Saytları bloklayan Azərbaycan hökümətinə ATƏT-dən tövsiyə

Saytları bloklayan Azərbaycan hökümətinə ATƏT-dən tövsiyə
12 May 2017
Mətni dəyiş
"Hökumətlər veb saytların, iP ünvanların, şəbəkə protokollarının blok edilməsi ilə bağlı bütün cəhdlərdən qaçmalıdır. Yalnız fövqəladə ictimai zərurət olduğu, hüquqi baxımdan əsaslandırılmış hallarda, insan haqlarını və digər ictimai maraqları qorumaq üçün, istisna durumlarda alternativ məhdudlaşdırıcı tədbirlər tətbiq oluna bilər".
ATƏT-in Tbilisidə keçirilən ənənəvi illik 14-cü media konfransının yekun tövsiyələrində belə yazılır.
Konfrans bu gün, mayın 11-də yekunlaşıb. Tövsiyələr Azərbaycan, Gürcüstan və Ermənistandan olan hökumət, qeyri-hökumət təşkilatları nümayəndələrinin, müstəqil ekspertlərin iştirakı ilə keçirilən müzakirələrin yekununda qəbul edilib.
16 bənddən ibarət sənəd təbliğat və dezinformasiyaya qarşı tədbirləri nəzərdə tutur. İnformasiya mənbələrinə çatımlılığın təmin olunmasını, plüralist KİV-in formalaşmasını, cəmiyyətin informasiya əldə etməsindən ötrü şəraitin yaradılmasını, KİV azadlığının məhdudlaşdırılmasına yol verilməməsini və beynəlxalq normalara zidd məhdudiyyətlərin tətbiq olunmamasını tövsiyə edir.
Habelə, bura saytların, IP-ünvanların və şəbəkə protokollarının bloklanmasından çəkinmək aiddir.
Tövsiyələrdə vurğulanır ki, hazırda Cənubi Qafqazda jurnalistika çoxsaylı problemlərlə üzləşib. Xüsusilə dezinformasiyaların yayılması sahəsində problemlər var. Ənənəvi media və sosial şəbəkələrdə hökumətlərdən, fərqli neqativ təzahürlərdən qaynaqlanan dezinformasiyaların yayılmasının bu sahəyə çoxsaylı mənfi təsirləri var.
Sənəddə qeyd edilir ki, yanlış məlumatların yayılması insanları yanıltmaqla yanaşı, xalqların bilmək haqqına ciddi təhlükələr doğurur.
"ATƏT-ə üzv ölkələrinin hökumətlərinin ifadə azadlığının təmin edilməsi, mediada plüralizmə təminat verilməsi ilə bağlı pozitiv öhdəlikləri var. Dövlətlər yalnız o halda söz azadlığına məhdudiyyətlə tətbiq edə bilərlər ki, həmin məhdudiyyətlər qanuni olsun. Ən başlıcası isə onun əsasları hamılıqla qəbul edilmiş beynəlxalq sənədlərdə təsbit edilsin", sənəddə yazılır.
Tövsiyələrdə həmçinin vurğulanır ki, hökumətlər ictimai maraqlara xidmət edən, jurnalistika standartlarını təmin edən kütləvi informasiya vasitələrinin güclü və müstəqil fəaliyyətini dəstəkləməlidir.
Sənəddə Qafqaz ölkələri hökumətlərinin mediada çoxsəsliliyi təmin etməkdən ötrü atmalı olduqları addımlara da yer verilir. Orada vurğulanır ki, hökumətlər çoxçeşidli media məzmununun yaradılmasına maliyyə və texniki yardımlar etməlidir.
"Hökumətlər xarici jurnalistlərin informasiyalara çatımını təmin etməyə yönəlmiş aydın akreditasiya qaydaları yaratmalı, onların effektiv işləməsini təmin etməlidir", yazılan tövsiyələrdə media sahiblərinin şəffaflığını təmin edən dəqiq qaydaların olmasının vacibliyi də vurğulanıb.
ATƏT-in ənənəvi illik 14-cü media konfransı mayın 10-da başlamışdı.
Konfransın mövzusu “Saxta məlumatlar, dezinformasiya və KİV azadlığı” idi.
Tədbirdə Azərbaycan, Ermənistan və Gürcüstanda media sahəsindəki problemlərə işıq tutulub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun