"Rouhani-nin qələbəsi İran üçün yaxşı, Trump üçün pis xəbərdir"

"Rouhani-nin qələbəsi İran üçün yaxşı, Trump üçün pis xəbərdir"
21 May 2017
Mətni dəyiş
“The İndependent” qəzetində tanınmış Britaniya jurnalisti Robert Fisk yazır ki, Rouhani-nin qələbəsi İran rejimi və İranın çoxmilyonluq gənc əhalisi üçün yaxşı xəbər olsa da, Trump rejimi üçün pis xəbərdir.
Jurnalistin fikrincə Trump mötədil Rouhani-dənsə, “ədliyyə edamçısı” və keçmiş prokuror Raisi-nin seçilməsini arzulayardı. Beləki Amerika xalqını ona nifrət etdirmək daha asan olardı.
Fisk yazır ki, İranın yaşı 25-dən az olan elektoratı bütün elektoratın 40 faizini təşkil edir və onların çoxu Ebrahim Raisi-nin 1988-ci ildə 8 minədək siyasi məhbusun edam olunmasındakı rolu barədə yalnız eşitdiyini bilir.
Ruhani 57 faiz səs qazanaraq qalib olub
“Beləliklə, İranın Birləşmiş Ştatlarla nüvə sazişi imzalaması üçün sözün əsl mənasında çarpışan, Qərblə nüvə bombası “anlaşmasından” öz ölkəsinin iqtisadi faydaları üçün istifadə etməyə çalışan və keçmiş prezident Xatəmi kimi vətəndaş cəmiyyətinə inanan şəxs seçkidə 41 milyonluq elektoratın 23, 5 milyonunun və ya 57 faizinin səsini qazanaraq qalib gəlib – yazır jurnalist, – Korrupsiyalı və senzuralı İnqilab Keşikçiləri Korpusuna və bazarilərə gələcəkləri olmadığı barədə mesaj verilib”.
Məqalədə deyilir ki, bu seçki, Riyad şəhərində Donald Trump-ı salamlayan diktatorlar və boğazüzən avtokratların yığıncağı ilə kəskin ziddiyyət təşkil edib.
Fisk yazır ki, Livan, Tunis və Pakistanı çıxmaq şərtilə Səudiyyə Ərəbistanına toplaşmış bütün müsəlman liderlər demokratiyaya zarafat və ya cəfəngiyyat kimi baxırlar.
Məqalədə deyilir ki, onlar bu mərasimə sünni Səudiyyə Ərəbistanına İranla qarşıdurmada dəstək nümayiş etdirmək üçün toplaşıblar. Müəllifin fikrincə, Trump-ı salamlamaq üçün Səudiyyəyə toplaşan 50 diktatordan heç biri Rouhani-nin necə qələbə qazandığını dərk edə bilmir.
Fiskin fikrincə, həm Raisi, həm də Rouhani ölkənin dindar kəsimini təmsil etsələr də, Raisi repressiv keçmişin, Rouhani isə nə qədər qüsurlu olsa da, gələcəyin simvoludur.
Məqalədə deyilir ki, Rouhani üçün indi o qədər də asan olmayacaq. O Trump rejiminə və onun 100 milyard dollarlıq silah verməyə hazırlaşdığı sünni müharibə maşınına sinə gərməli olacaq. Fiskin fikrincə, Rouhani bu çətinliklərin öhdəsində siyasətlə gəlməyi bacarmalıdır, çünki onun qələbə qazandığı seçkidə iranlıların 70, Trumpın qələbə qazandığı seçkidə isə amerikalıların 58 faizi səs verib.
İranın ali dini lideri kim olacaq? 
Fiskin nəzərincə, indi elə bir vəziyyət yaranıb ki, ali rəhbər Khamenei özünün toxunulmaz postunu tərk edəndə, bu vəzifə böyük bir ehtimalla ayətullah Mahmoud Hashemi Shahroudi qismət olacaq. O, İran ədliyyəsinin başında durarkən ölkənin bir sıra qəddar cəzalarını ləğv etdirə bilib, halbuki ona islahatçı da demək olmaz. Əsl islahatçı heç şəksiz bu ilin əvvəllərində dünyasını dəyişmiş keçmiş prezident və İranın Rişelyesi Akbar Hashemi Rafsanjani idi.
Fisk yazır ki, Birinci Dünya Müharibəsini xatırladan İran-İraq müharibəsindən dərhal sonra ölkədə kütləvi repressiya və edamlar başlanmışdı. Bütün bunlara qarşı çıxan yeganə ruhani xadim ayətullah Ali Munteziri idi. Elə bu cür mövqe tutması onu ali rəhbər postundan məhrum etdi. O ömrünün qalan hissəsini ev məhbusu olaraq yaşadı. Vəzifə Khamenei-yə qismət oldu.
Fiks xatırladır ki, seçkini uduzmuş namizəd Raisi-nin də əllərində edam qanları var, lakin onun təsəllisi bu ola bilər ki, bu gün Riyada Trump-ı salamlamaq üçün toplaşmış diktatorların əllərindəki qan heç də onunkundan az deyil.
Amma göründüyü kimi onları “seçiblər”, Fisk yazır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun