Reuters: Aİ-Türkiyə əlaqələrinin gələcəyi Erdoğanın atacağı addımlara bağlıdır

Reuters: Aİ-Türkiyə əlaqələrinin gələcəyi Erdoğanın atacağı addımlara bağlıdır
31 May 2017
Mətni dəyiş
"Reuters" agentliyinin yaydığı məlumata görə, Avropa İttifaqı (Aİ) nümayəndələri və Türkiyə prezidenti Recep Tayyip Erdoğan arasında görüşlər "müsbət bir şəraitdə" keçib. Lakin ikitərəfli münasibətlərin bundan sonrakı inkişafı istiqamətində yeni bir razılaşmanın və ya təqvim üzərində razılığın əldə olunmadığı bildirilib.
"Reuters"ə açıqlama verən Aİ yüksək səviyyəli nümayəndələri bu il ərzində Türkiyə ilə orta və yüksək səviyyədə görüşlər keçirməyə ümid etdiklərini, lakin iki tərəfli münasibətlərdə irəliləyişin Erdoğanın narahatlıq yaradan bəzi məsələlərdə atacağı addımlara bağlı olduğunu söyləyiblər.
Erdoğan ötən həftə ərzində NATO liderləri toplantısında iştirak etmək üçün Brüsselə getdiyi zaman Aİ başçısı Donald Tusk və Avropa Komisiyasının başçısı Jean-Claude Juncker-lə görüşmüşdü.
Erdoğan bu görüşlərin "müsbət" keçdiyini söyləmiş və Aİ-dan 12 aylıq bir təqvim alındığını bəyan etmişdi.
Lakin agentliyə açıqlama verən Aİ nümayəndələri üzərində razılaşma əldə olunan hansısa bir təqvimin olmadığını söyləyiblər. Onlar Erdoğanın Tusk və Juncker-lə görüşünün "yaxşı" və "faydalı" keçdiyini ifadə ediblər.
Başqa bir mənbə isə "Heç bir şəkildə düşmənçilik hiss olunmurdu, lakin hər iki tərəf də hər kəsə məlum olan mövqeyini təkrarlamaqla kifayətləndi" deyib.
Aİ nümayəndələri münasibətlərin bundan sonrakı gedişatının Erdoğanın atacağı addımlara bağlı olduğunu da qeyd ediblər.
"Türkiyə ilə işləməkdən başqa çarəmiz yoxdur"'
"Reuters" agentliyinin yazdığına görə, Aİ-da narahatlıq yaradan məsələlərin başında Türkiyənin terrorla mübarizə qanunları əhatəsinin həddən artıq geniş olması və qaydaların müxalifəti cəzalandırmaq üçün istifadə olunması durur.
Məlumata görə, Aİ-da narahatlıq yaradan digər məsələlər arasında isə kürdlərlə yanaşı mətbuata və akademiyaya qarşı pis rəftar və Erdoğanın 16 aprel referendumundan sonra daha çox gücə sahib olmaq üçün atdığı addımlar yer alır.
"Reuters" bildirir ki, Aİ-nın irəlidə Türkiyə ilə işləməyə davam edib-etməyəcəyi barədə sualına isə digər Aİ mənbəyi "Başqa çıxış yolumuz yoxdur" cavabını verib.
Aİ 15 iyul hadisələrindən sonra mətbuat azadlığı və insan haqqları ilə bağlı Türkiyəni tənqid edir. Türkiyə isə başda viza tətbiqinin qaldırılması daxil olmaqla Aİ-nı verdiyi vədlərə əməl etməməkdə ittiham edir.
Erdoğan daha əvvəlki açıqlamalarında Aİ-nı verdiyi vədlərə əməl etməyə çağırmış və verilən sözlərə əməl olunmayacağı təqdirdə "müzakirə ediləcək bir şeyin qalmayacağını" bildirmişdi.
Erdoğan bununla yanaşı Aİ-na qoşulmaqla bağlı müzakirələrin davam edib-etməməsi məsələsinin də referenduma çıxarıla biləcəyini bildirmişdi.
İyunun 22-23-də Brüsseldə keçiriləcəki zirvə toplantısında Aİ liderlərinin Türkiyə ilə münasibətləri və qaçqın razılaşmasını müzakirə edəcəyi gözlənilir.
Avropa Parlamentinin Türkiyənin quruma qoşulması müzakirələrinin təxirə salınması isiqamətindəki çağırışları hələki Avropa Komissiyası və liderləri tərəfindən qəbul edilməyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun