Qiyas İbrahimovun növbəti məktubu: "Anti-milli olmamaq üçün..."

Qiyas İbrahimovun növbəti məktubu: "Anti-milli olmamaq üçün..."
13 May 2017
Mətni dəyiş
Nidaçı vicdan məhbusu Qiyas İbrahimov vəkili Elçin Sadıqova məktub göndərib. Məktub siyasi məhbusun sağlamlığındakı problemlərlə və Penitensiar Xidmətin münasibəti ilə bağlıdır. Həmçinin, mətndə ölkədəki siyasi vəziyyətə kinayəli yanaşma da var.
Abzas.net xəbər xəbər verir ki, siyasi məhbus əhvalının yaxşı olduğunu, ancaq gözlərindəki ağrıların hələ də qaldığını yazıb.
"Ümid edirəm yaxşısız. Mən də yaxşıyam, amma hələlik gözlərim haqqında bunu deyə bilmirəm. Lakin bir müddət sonra yəqin ki, deyəcəyəm. Elə sizə məktub yazmağıma səbəb də bununla bağlıdır. Daha doğrusu, bir müddət sonra görməylə bağlı problemimin aradan qalxacağı üçün sizə təşəkkür etmək istəyimlə bağlı", - deyə məktubda yazılıb.
"Cənablara təşəkkür etmək üçün adam gərək Stokholm sindromuna tutulmuş olsun"
Qiyas İbrahimov bildirib ki, ola bilər Penitensiar Xidmət deyilən hörmətli orqan, təşəkkürü ona yox, vəkil etdiyi üçün ondan incisin. Ancaq, gözlərini müayinə edib, uzaqgörmə eynəyi yazması üçün etdiyi göz həkimi tələbini ən tez üç aylıq intizardan sonra təmin edən cənablara təşəkkür etmək üçün adam gərək Stokholm sindromuna tutulmuş olsun:
"Mənsə bu sindromdan yox, sadəcə miyopiyadan, uzaqgörməzlikdən əziyyət çəkirəm. Penitensiarın cənablarına təşəkkür borcum olmadığını deməklə mən heç də dövlətimizin norveçli cani Adres Breyviki – hə, o 70-dən artıq insanı bir neçə dəqiqəyə qırıb, cəmi 21 ilə məhkum edilən və oyun konsolu üçün yeni oyunların verilmədiyindən şikayətlənən həmin şovinisti – belə qısqandıracaq humanizminə kölgə salmaq niyyətində deyiləm, əsla. Belə nankorluğa görə Kürdəxanı türməsinin qara kərpic çörəyi adamın burnundan gələr".
"Dövlətə-millətə yararsız biri halına düşmək qorxusu məni dəhşətə salır"
Vicdan məhbusu yazır ki, burda rahat və isti hücrənin yaşatdığı xoşbəxtlik nə qədər qaneedici olsa da, bir müddət sonra milli ruhdan yoxsun olub, həqiqətləri, gözəllikləri görə bilməyib, bunları mədh etməkdən uzaqlaşmaq və beləcə dövlətə-millətə yararsız biri halına düşmək qorxusu onu dəhşətə salır.
"Belə bir yaramaza çevrilməyin uzaqgörmə eynəyi ilə, dioptri ilə nə əlaqəsi var deyə soruşa bilərsiz. İş belədir ki, başda dövlətimizin ya da dünyanın xoşbəxti olan millət vəkilimizin hələ bir neçə il əvvəlki coşan humanizminin nəticəsi olaraq kamera divarına bərkidilmiş teleekran, altı kvadratmetrlik hücrəmin rahatlığına elə bir humanist rəng qatır ki, bura üçün türmə kamerası sözünü işlədən insafsız adama, yüz əlli il əvvələ qayıdıb, Petro-Pavlovsk qalasında dövrünün dəlisi Mixail Bakuninlə dusdaq yoldaşı olmaq kimi anaxronik bir qarğış etmək lazımdır vallah!", - deyə Q.İbrahimov bildirib.
Buna da bax: 10 may necə xatırlandı: Qiyas və Bayramla, yoxsa Heydər Əliyevlə?
Məktubda deyilir ki,  bu ekran onun uzaqgörməz gözləri üçün xeyli uzaq olduğundan, "1984"ün teleekranını çatladacaq qədər həqiqətcilliyə sahib xəbərləri göstərən telekanallarımızı dövlətə sadiq bir vətəndaş kimi izləməyə çətinlik çəkir.
Q.İbrahimov yazır ki, TV deyilən icadın səsi də çıxır və o, milli televiziyaların səsinə şübhə edəcək qədər yolunu azmayıb:
"Amma siz də, yüz eşitmə, bir gör deyən ataları bu məsələ görə bekar hesab edəcək qədər antimilli olmayın da! Odur ki, teleekranın göstərdiklərini əksiksiz görməliyəm ki, milli-mənəvi, vətənpərvər, dövlətçi ruhdan yaxınlaşmaq kimi bir dəhşətdən qurtulum".
Özü-sözü azad üçbucaq kanalının özü turançı, sözü azərbaycançı...
Heykəl məhbusu məktubunda bildirib ki, eynək də ona bu fəlakətə düçar olmamaq, teleekranı görə bilməkçün lazımdır.
"Axı bir fikirləşin, Avropa faşizminin müsəlmanlara necə zülm etdiyini, az qala XXI əsrin Rekonkistasını həyata keçirdiyini teleekrandan görə bilməyən Nardaran sakinlərinin Kürdəxanıya köçürülməsinin İslam ümmətinə qarşı ən böyük dövlət qayğısı olduğunu necə başa düşə bilər və bunu qanmadan dövlətə, dinə (din böyük hərflərlə oxunur) sevgisi necə hifz oluna bilər? Yaxud düşünün, fransız polisinin Paris küçələrindən yığışmaq bilməyən anarxiyaçıları vəhşicəsinə döydüyünü görmədən – bunu görmək lazımdı, görmək və ölmək! – dövlətimin şərəfli, namuslu polisinə şər atan yaramazlara, milli ruhlu bir vətəndaş olaraq nifrət hissi əskik qala bilər...", - deyə Q.İbrahimov deyib.
Buna da bax: Valideyn: ”Qiyasdan 10 igidin ömrünü çalıblar” [Video]
Siyasi məhbus yazır ki, hələ Türk qardaşlarını itinə-köpəyinə yem edən hollandları TV-də görə bilməsə, onların ekranlarından daha mavi olduqlarına şübhə duyub da milli mənəviyyətı ləkələyəməzmi?
"Özü-sözü azad üçbucaq kanalının özü turançı, sözü azərbaycançı səhər müjdəçisinin, axşambazarı elədiyi politoloqluğunu görməsən, bu küçə zehniyyətli hollandlara bənd olub özümüzdəki küçə uşaqlarını qəhrəman elan edəcək qədər antimilli olasan əlbəttə ki. Bu özü gənc, ruhu qocanın dediyi kimi, belə küçə uşaqlarını adıyla çağırmaq lazımdır, daha qəhrəman elan etmək yox. Belə də, Böyük Turanı olmasa da, irəlidə özünə Milli Məclisdə kreslo, yaşamaqçün babat şərait qurmaq olur. Tenqri xeyir versin!"
"Bu məşum cıqqılı şübhəni körükləməyə can atan antimilli cocuqlar azdırmı?"
Qiyas İbrahimov bildirir ki, teleekrandan Cocuq Mərcanlı kəndinə qayıdışı, orda yeni həyatın başlanmasını görə bilməyən ən odlu vətənpərvərin belə ürəyində bir il əvvəl baş verənlərin böyük-böyük qələbə olduğuna cıqqılı da olsa şübhə qala bilər:
"Bu məşum cıqqılı şübhəni körükləməyə can atan antimilli cocuqlar azdırmı? Azdırmı bu qələbənin hərbi dərsliklərə salınmalı, Von Klausvitzin sümüklərinin sızlamalı olduğunu inkar edəcək, düşməndən konfet alan cocuqlar? Belə yaramaz coluq-cocuğun, o kəndin iyirmi üç il əvvəl ötürüldüyünü hər addımbaşı təkrarlayıb, ancaq "orda, bir kənd var uzaqda, o kənd bizim kəndimizdir" mahnısını oxumağa gəlməyən cocuq dillərini qırmızı lent kəsən qayçıyla kəsmək lazımdır".
Milli-mənəvi, dövlətçi, vətənpərvər hissləri zədələmək
Vicdan məhbusu məktubunda yazır ki, belə coluq-cocuqlardan birinə çevrilməməkçün görə bilməliyəm teleekranı. Yoxsa uzaqgörməzlik ucbatından məcburən ancaq yaxına baxıb, hansısa boş-bekar cızma-qaraçının uydurduğu "Müharibə elan edən tərəflər bunu gərək biletli tamaşa kimi təşkil edələr. Meydanasa hər iki tərəfdən əyinlərində ancaq tuman, əllərində çomaq olan yalnız nazirlər və generallar buraxıla və onların bir-birinin əngini əzməsində salamat qalan tərəf qalib sayıla. Belədə hansısa müharibədə qalibiyyətə sevinmək olar bəlkə. Hətta elə məğlubiyyətə də..." sözlərini görə bilir, belə gic-gic söhbətlərlə milli-mənəvi, dövlətçi, vətənpərvər hisslərini olmazın zədələmiş olursan. Bundan sonra onlarla əsgər itirməyin əvəzində, düşmənin yüzlərcəsini itirdiyinə Ura! qışqırıb, bu qələbədən coşaraq, İslamiadaya, Formula 1-ə alqış tutacaq, qəlbi fərəhlə dolu halda gəzərək şoppinq festivalında vitrinləri boşaldacaq vətənpərvərliyə sahib ol görüm necə olursan.
Çətindi… Hər şey bir yana, həyatın hər sahəsində səfalətin hökm sürdüyü, camaatın ancaq sarı rəngli PAZ avtobusuna minə bildiyi üzdəniraq, könüldənuzaq, kürküyırtıq qonşu Ermənistanın keçdiyi pazdan qurtulmaqçün mitinqlərlə filan dağıldığını ekrandan görə bilməsən. Parlamentar respublikanın necə bir sarsaqlıq olduğunu qanmaz, cəbhə xəttinə gedib həyatını riskə atan prezidentdən ikincisini, üçüncüsünü də istəməyəcək qədər antimilli nankor olmayacağına inandıra bilməzsən.
Antimilli olmamaqçün hücrənin divarındakı teleekranı görə bilmək
Amerikadakı erməni Tankiyanın basa-basa Gümrüyə seçki müşahidə etməyə gəldiyini, seçkilərdə saxtakarlıq aşkarladığını görməsən, onu Sarkisyanın ətrafında sıx birləşə bilməyəcək qədər bədbəxt olduğuna inanmazsan.
Tankiyanın yazıqlığını teleekranda görə bilmək, görüb də prezident sevgisindən yoxsunluğuna gülmək və "Tanrım Əfruz xalamızı qoru!" hayqırmağı gərəkdir ki, milli ruhun göylərə qalxsın, gözlərdən, qulaqlardan vətənpərvərlik fısqırsın. Bütün bunlarçün, bununla da milli ruhu hifz edə bilmək, antimilli olmamaqçün hücrənin divarındakı teleekranı görə bilməliyəm. Bax buna görə uzaqgörən olamlıyam!

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun