"Putinin davakar təlxəkləri"

"Putinin davakar təlxəkləri"
10 May 2017
Mətni dəyiş
Rusiyanın kremlpərəst "Gecə canavarları" bayker klubunun üzvləri növbəti dəfə 9 may münasibətilə Avropa ölkələrinə "qələbə" marşına çıxıblar.
Özlərini və motosikletlərini başdan-ayağa sovet və rus simvolikası ilə bəzəmiş baykerlər "Qələbə yolları - Berlinə" adlı motoyürüşlə müharibədə həlak olanları yad etmək və sovet əsgərlərinin qəbirlərini ziyarət etmək istədiklərini deyirlər. Ancaq onların bütün hərəkətləri, bəyanatları və xarici görkəmləri başqa mesaj verir. Bir çoxlarının Rusiyanın bugünkü aqressiya siyasətinin təzahürü kimi gördüyü bu motoyürüşə ən kütləvi etirazlardan biri mayın 6-da Praqada keçirilib.
“EVİNİZƏ GEDİN, İŞĞALÇILAR!”
Hazırda "Gecə canavarları" adıyla Mərkəzi və Şərqi Avropa ölkələrinə səyahət edənlərin əsl kimliyi bəlli deyil. 2015 və 2016-cı illərdə keçirilmiş motoyürüşlərdə olduğu kimi, bu dəfəki yürüşdə də təxminən 50 nəfərlik dəstənin əsas hissəsini rusiyalı baykerlər yox, rəsmən beynəlxalq sayılan klubun Avropada yaşayan üzvləri təşkil edir. Onların bəziləri öz Rusiya pasportlarını saxlayanlar, bəziləri isə digər Avropa ölkələrinin vətəndaşlarıdır. Mayın 1-də klubun nümayəndəsi bildirib ki, Polşadakı motoyürüşə yalnız avropalı baykerlər qatılıb. Digərlərini ekstremist təşkilatla əlaqəli olmaqda şübhələrə və təhlükəsizlik məsələlərinə görə Şengen zonasına buraxmayıblar.
Aleksei Navalny-nın Korrupsiya ilə Mübarizə Fondunun məlumatına görə, "Gecə canavarları" Rusiyanın federal büdcəsindən milyonlarla rubl dəyərində qrantlar alırlar. Özlərini "Putinin dostları" adlandıran baykerlərin aksiyası aprelin 27-də Moskvada başlayıb.
2016-cı ildə kremlpərəst baykerləri Praqada etirazçılar "Evinizə gedin, işğalçılar!" və "Krım tatarlarına azadlıq!" kimi şüarlarla qarşılamışdılar. 2015-ci ildə "Gecə canavarlarının" "Xirurq" ("Cərrah") ləqəbli başçısı Aleksandr Zaldostanov Krımın ilhaqını və Donbasda separatçıların əməllərini dəstəkləmişdi. 2015-ci ilin yanvarında o, aktyor Mikhail Porechenkov-la birlikdə aqressiv kremlpərəst "Antimaydan" hərəkatı təsis edib. ABŞ və Kanada onu "Ukraynada sabitliyin pozulması və Krımın ilhaqı ilə əlaqəsi olan" şəxslərə tətbiq olunan sanksiya siyahısına daxil edib.
SADƏ PRAQALILAR ETİRAZ EDİR
İndi, 2017-ci ilin yazında isə Zaldostanov Avropa Birliyinin sərhədlərinə yaxınlaşmağa belə cəsarət etməyib.
Çexiyada yaşayan "Kulturus" aktual Rusiya mədəniyyəti festivalının direktoru Anton Litvin artıq 3 ildir ki, baykerlərin Çexiyaya gəlişinə və "Rusiyanın imperiya tərbiyəsizliyi"nə etiraz etmək üçün Praqanın mərkəzi Vatslav meydanına çıxır.
Onun sözlərinə görə, etirazçıların 90 faizi çexlər, sadə praqalılardir. O, ötən illərdəki etiraz aksiyalarına insanların Çexiya bayraqları ilə deyil, başqa bayraqlarla gəldiklərini deyir. Litvinin özü aksiyaya Krım tatarlarının bayrağı ilə qatılıb. Onun sözlərinə görə, insanların əllərində ABŞ, AB, Ukrayna bayraqları olub. Bu yolla etirazçılar kimin tərəfində olduqlarını göstərməyə çalışırlar.
SAYQISIZLIQ
Litvinin sözlərinə görə, bu il baykerlər də yürüşə çoxlu qırmızı sovet bayrağıyla çıxıblar: "Bu onu göstərir ki, onlar hansı gün hara gəldiklərini anlamırlar. Bu yolla onlar nümayişkəranə şəkildə qonaq gəldikləri ölkənin dəyərlərinə sayqısızlıq ifadə edirlər. Narazılıq doğuran da elə onların bu açıq-aşkar tərbiyəsizliyidir", – o söyləyir.
Litvin deyir ki, baykerlərin məhz Praqanın mərkəzi hissəsində, tarixi Vatslav meydanında görünməsi arzuolunmazdır: "Bu, Jan Palach və Jan Zajic-in özlərini yandırdıqları yerdir. Burada çox sayda mühüm siyasi və ictimai xadim çıxış edib. Vatslav meydanı həqiqətən də Çexiyanın ürəyidir. Bu, şişirdilmiş obraz deyil! Bu, Birinci Çex respublikasının yarandığı, XX əsr boyu əsas siyası nümayişlərin və kommunist hakimiyyətinə etiraz mitinqlərinin keçirildiyi yerdir. Tamamilə aydındır ki, yarımilitarist, yarıqopnik, xuliqan baykerlərin öz sovet simvolikaları ilə bu məkandan keçməsi İkinci Dünya müharibəsini, faşizm üzərində qələbəni anmaq məqsədi daşımır, məhz bugünkü Kremlin imperiya iddialarına xidmət edir.
...Onların "Bəlkə təkrarlayaq!" şüarı da bunu göstərir. Qıcıq yaradan da budur", – deyə Anton Litvin izah edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun