Neft Fondunun pulları haralara xərclənəcək?

Neft Fondunun pulları haralara xərclənəcək?
13 May 2017
Mətni dəyiş
Prezident İlham Əliyev mayın 12-də Dövlət Neft Fondu vəsaitlərinin 2017-ci ildəki əsas xərc istiqamətləri və investisiya siyasəti ilə bağlı fərman imzalayıb.
Abzas.net xəbər verir ki, fərmana əsasən, məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması, dövlət büdcəsinə transfertlər və makroiqtisadi sabitliyin təmin edilməsindən ötrü Mərkəzi Banka transfertlər əsas xərc istiqaməti olacaq.
Neft Fondunun vəsaitləri həmçinin Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə, Cənub Qaz Dəhlizi layihələrinin maliyyələşməsinə və gənclərin xarici ölkələrdə təhsilinə yönəldiləcək.
Fərmanda qeyd edilir ki, Fondun investisiya portfelinin məcmu dəyəri 51,24 milyard manata bərabər götürülür. Portfelin baza valyutası ABŞ dolları müəyyən edilib.
Fərmanda göstərilir ki, xarici menecerlərə idarəetməyə verilən vəsaitin ümumi həcmi investisiya portfelinin məcmu dəyərinin 60 faizindən artıq olmamalıdır. Bir xarici menecerə idarəetməyə verilən vəsaitin maksimum həcmi isə investisiya portfelinin 5 faizindən çox ola bilməz.
Neft Fondunun Dünya Bankının xəzinədarlığına idarəetməyə verdiyi vəsaitlərin həcmi isə 500 milyon dollardan artıq, olmamalıdır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun