Natiq Əliyev OPEC-in Vyana görüşündə iştirak edəcək

Natiq Əliyev OPEC-in Vyana görüşündə iştirak edəcək
19 May 2017
Mətni dəyiş
Azərbaycan energetika naziri Natiq Əliyev mayın 23-25-də Vyana (Avstriya) şəhərinə səfər edəcək.
Energetika Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, N.Əliyev OPEC və qeyri-OPEC ölkələrinin birgə iştirakı ilə Vyanada keçiriləcək Nazirlər Şurasının 172-ci iclasında Azərbaycanı təmsil edəcək.
Eyni zamanda, Azərbaycanın neftin qiymətinin sabitləşdirilməsi məramlı tədbirlərdə yaxından iştirakının əhəmiyyətini, bu tədbirlərdə aparıcı rol oynamasını nəzərə alaraq, OPEC-in baş katibi Məhəmməd Sanusi Barkindo, eləcə də OPEC və qeyri-OPEC Nazirlərinin Birgə Monitorinq Komitəsinin rəhbəri, Küveytin neft naziri Əssam əl-Marzuk N.Əliyevlə görüşməyi təklif edib.
OPEC-in Nazirlər Şurasının iclasında Vyanada Monitorinq Komitəsinin hasilatın azaldılması ilə bağlı öhdəliklərin icrasının neft bazarına təsiri, enerji bazarında müşahidə olunan tendensiyalar və iqtisadi inkişaf tempinin təhlili əsasında hazırlanmış hesabatı açıqlanacaq. İlin ikinci yarısı üçün Sazişin müddətinin uzadılması, yaxud digər hansısa bir qərarın qəbulu məhz bu hesabatın nəticələrinə əsasən müəyyənləşəcək.
Energetika naziri N.Əliyev hesab edir ki, OPEC üzv olan və kartelə daxil olmayan ölkələrin 10 dekabr 2016-cı il tarixində Vyanada neft hasilatının azaldılması ilə bağlı əldə etdiyi razılaşma tarixi bir qərar olub: “Neft hasil və ixrac edən ölkələrin dünya neft bazarında payından və çəkisindən asılı olmayaraq ilk dəfə olaraq nümayiş etdirdiyi yekdil mövqe ilin birinci yarısı üçün nəzərdə tutulan sazişin uğurlu nəticəsini təmin etmiş oldu. Neft bazarında və neftin qiymətində müşahidə olunan sabitləşmə prosesi, öhdəliklərin icrası OPEC və qeyri-OPEC ölkələrinin birgə qərarının işləkliyini sübut etməklə bərabər, 5 ay bundan əvvəl dünya enerji bazarını saran problemdən çıxış metodunun da düzgün seçildiyini, hasilatın azaldılması qərarının özünü doğrultduğunu bir daha təsdiqləyir. Vyana sazişinin nəticələrinin davamlı olmasına ehtiyac var. Bu məqsədlə bütün neft hasil edən ölkələrin bu prosesdə fəal iştirakı, ümumi mənafe naminə birgə hərəkət etməsi vacibdir. Azərbaycan neft hasilatının azaldılması barədə razılaşmanı imzalayan tərəf kimi bundan sonra da neft bazarında qiymət sabitliyinin davamlı olması üçün növbəti addımları atmağa hazırdır”.
Xatırladaq ki, cari ilin yanvar ayından etibarən Azərbaycan ölkədə hasilatı nəinki sutkada 35 min barel azaltmaqla müvafiq öhdəliyinə uyğunlaşdırıb, hətta kvotadan da artıq azalmaya nail olub. Rəqəmlərə əsasən, ölkə üzrə gündəlik neft hasilatı yanvar ayı ərzində 793,9 min barel, fevralda 776,4 min barel, martda 733,3 min barel, apreldə 781,1 min barel olub. OPEC və qeyri-OPEC ölkələrinin nazirlərindən ibarət Birgə Monitorinq Komitəsi Azərbaycanı bu prosesdə aparıcı ölkə kimi qiymətləndirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun