''Nəcməddin Sadıqov nə qədər ki, yerindədir, belə hadisələrə təəccüblənməyəcəm''

''Nəcməddin Sadıqov nə qədər ki, yerindədir, belə hadisələrə təəccüblənməyəcəm''
9 May 2017
Mətni dəyiş
Mayın 7-də Baş Prokurorluq, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə bəyanat yayaraq, bir qrup hərbi qulluqçu və mülki şəxs barəsində həbs-qətimkan tədbiri seçildiyini bildirdi.
Həmin şəxslər Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat və xüsusi xidmət orqanları ilə əməkdaşlıqda şübhəli bilinirlər. Onların adları cəmiyyətə açıqlanmayıb.
Bəyanatda bildirilir ki, toplanmış materiallar əsasında dövlətə xəyanət və digər faktlar üzrə 3 may tarixində Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə cinayət işi başlanaraq, Baş Prokurorluq, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarından ibarət birgə istintaq-əməliyyat qrupu yaradılıb və ibtidai istintaq aparılır.
Eyni zamanda, istintaq-əməliyyat tədbirləri nəticəsində düşmənin kəşfiyyat və xüsusi xidmət orqanlarının Bakı şəhərində ictimai yerlərdə həyata keçirməyi planlaşdırdıqları təxribat və terror fəaliyyətinin qarşısının alındığı, məxfi əməkdaşlığa cəlb olunmuş bir qrup hərbi qulluqçu və mülki şəxslərin cinayət məsuliyyətinə cəlb edilərək, barələrində həbs-qətimkan tədbiri seçildiyi bildirilir:
"Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir".
 Sosial şəbəkələrdə...
Bəyanat sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Alternativ mənbələr olmadığından rəsmi qurumların açıqlamalarını şübhə altına alanlar, eləcə də həbs olunanları birmənalı qınaq obyektinə çevirənlər də var.
Məsələn, ictimai fəal Amid Süleymanov xəbərə bu cür reaksiya sərgiləyib:
“Hakimiyyətdə kimin olmasından asılı olmayaraq, vətənini satan adama xain demək lazımdır. Birmənalı olaraq həmin insanları bağışlamaq olmaz, haqq qazandırmaq olmaz. Hətta rəhbərin pis olmasının buna dəxli yoxdur. Belə şeylərdən sui-istifadə etmək olmaz”.
Həmin paylaşıma münasibətini açıqlayan Aygün Cəfərova adlı “Facebook” istifadəçisinin reaksiyası isə belə olub:
“Haqlısan. Ancaq biz məlumatı ancaq "rəhbərdən" ala bilirik. Tək informasiya mənbəyi odur, özü belə şərait yaradıb. Və o, həmişə yalan danışır. Həmişə, birmənalı olaraq. İnamsızlıq ondandır. Yoxsa heç kim satqını, öz yoldaşlarının qanına bais olanları müdafiə etmir. "Belə hakimiyyət olan yerdə satqın olmaq anlaşılandır" - demir. Sadəcə insanlar inanmır və bu, başa düşüləndir”.
Araşdırmaçı jurnalist Xədicə İsmayıl isə öz paylaşımında diqqəti 2009-cu ildə məhkəməsi keçirilən bir hərbi işə çəkib:
“2009-cu ildə ordu ilə bağlı bir cinayət işinə baxılırdı. İttiham aktı “Yeni Müsavat”da dərc olunmuşdu. Hələ qəzet o zaman tam satılmamışdı. İttiham aktının qəzetdə dərc olunan versiyasına görə, zabitlər əsgərləri zorlayırmış, erməni zabitlərə də göndərirmiş ki, onlar da zorlasın. Amma cinayət işində əksini tapmayan bir məqam vardı.
Həmin vaxt o tərəflərdə xidmət etmiş adamlar danışırdı ki, o əsgərləri zorlanma videoları ilə şantaj edib, torba-torba narkotik daşıtdırırdılar. Sadəcə, işin içində daha yüksək rütbəli və vəzifəli adamlar olduğu üçün məsələni ört-basdır elədilər. İndiki xəyanətin açarını o zaman ört-basdır edilənlərdə axtarmaq lazımdır. Təəssüf ki, onda da, indi də heç kim məsələni danışmaq istəmir.
İttiham aktında sadəcə yazılmışdı ki, şantajla əsgərləri əməkdaşlığa məcbur edirdilər. Amma nə etdirdikləri göstərilməmişdi. İşin açarı isə işğal olunmuş ərazidən daşınan torbaların hansı maşınlara yüklənməsində idi”.
Bəyanat məsələnin çox ciddi olduğunu göstərir, ona görə şərh vermək üçün ehtiyatlı olmaq lazımdır.
Hərbi ekspert Azad İsazadə isə Meydan TV-yə indidən bəyanatı şərh etməyin tez olduğunu deyib və istintaqın nəticələrini gözləməyin vacibliyini vurğalayıb:
"Güman ki, müvafiq orqanlar bəzi məsələləri tədricən açıqlayacaq, ona görə ehtimallarla danışmaq düzgün deyil. Ancaq baş verənlər ciddidir, belə hallar əvvəllər olub və təhlükəsizlik orqanları müəyyən tədbirlər görüb. Budəfəki kimi casus qruplaşmasını aşkarlamaq əvvəllər də ola bilərdi, sadəcə, məlumatımız olmayıb. Mayın 7-də yayılan bəyanat məsələnin çox ciddi olduğunu göstərir, ona görə şərh vermək üçün ehtiyatlı olmaq lazımdır. Bəlkə hansısa axtarış əməliyyatları davam etdirilir".
Azad İsazadə hesab edir ki, başlanan əməliyyatı bitmiş saymaq olmaz:
"Qarşı tərəf sakit dayanmayıb, yeni cəsuslar axtarmağa çalışacaq. Bu, daimi iş olduğundan arada Ermənistanda da Azərbaycana işləyən hansısa zabitlərin saxlandığını eşidirik. Ona görə günahkar axtarmaq düzgün olmaz, amma növbəti zərbələrə hazır olmalıyıq".
"Ləğv olunmuş  Milli Təhlükəsizlik Nazirliyinin (MTN) rəhbərliyi də məsuliyyət daşıyır"
Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin zabiti İlham İsmayıl məsuliyyətdən söz düşmüşkən, əvvəlcə həbs olunanları günahkar hesab edir.
Onun qənaətincə, işdə boşluq var və boşluğun ilkin yaranma səbəbi Müdafiə Nazirliyidir. Ancaq məsələlər keçmişə aid olduğundan ləğv olunmuş  Milli Təhlükəsizlik Nazirliyinin (MTN) rəhbərliyi də məsuliyyət daşıyır:
“Çünki MTN-nin orduda əks-kəşfiyyat tədbirlərini həyata keçirən Baş İdarəsi var. Əvvəllər bu Baş İdarə Prezident Administrasiyasında Xüsusi İdarə idi, sonradan MTN-nin nəzarətinə keçirdilər. Baş İdarənin birbaşa vəzifəsi orduda düşmənin tədbirlərinə qarşı iş görməkdir. Görünür, Eldar Mahmudov təhlükəsizlik məsələlərilə necə məşğul olubsa, Baş İdarə də elə bərbad durumda olub. Çünki 30-40 nəfərin cəlb olunması 1 günün, 1 ilin işi deyil, buna illər lazımdır. Düzdür, Müdafiə Nazirliyinin Əks-Kəşfiyyat İdarəsi var, ancaq xarici əks-kəşfiyyata qarşı birbaşa cavabdeh olan keçmiş MTN-nin Baş İdarəsidir. Müdafiə Naizrliyinin və Baş Qərargahın günahı birbaşa deyil, dolayısıdır".
İlham İsmayıl güman edir ki, əsas casusluqla 2-3 nəfər məşğul olub, 42 nəfərin hamısının birbaşa casusluğa bağlı olması inandırcı deyil:
"Maddi maraq əsas rol oynasa da, perspektivdə elə işlər görüblər ki, açılası deyil. Çox biabırçı haldır".
O, hesab edir ki, casusların hərəkəti 2016-cı ilin aprel döyüşlərinə  təsir edə bilməzdi:
“Əgər aprel döyüşləri davam etsəydi, təsiri olardı. Çünki aprel döyüşləri daha yüksək səviyyədə həll olundu deyə o cür insanların informasiya ötürməsi çətinləşirdi”.
“Nəcməddin Sadıqovun nə qədər ki, yerindədir, belə hadisələrin olmasına təəccüblənməyəcəm"
Sabiq müdafiə naziri Rəhim Qazıyev məsuliyyətin Baş İdarədə və bu qurumun tabe olduğu Baş Qərargah rəisi Nəcməddin Sadıqovun üzərində olduğunu iddia edir:
"Məsələ ondadır ki, Müdafiə Nazirliyinin idarələrinin hamısı Baş Qərargah rəisi Nəcməddin Sadıqova tabedir. Belə bir biabırçı hadisənin olması təəssüf doğurur. Ümumiyyətlə, Baş İdarəyə peşəkar zabit rəhbərlik etməlidir. Ancaq mən əminliklə deyirəm, birbaşa Rusiyaya işləyən, 23 ildən çoxdur Baş Qərargahın rəisi olan Nəcməddin Sadıqov nə qədər ki, yerindədir, belə hadisələrin olmasına təəccüblənməyəcəm. Sual verə bilərsiniz ki, Sadıqova qarşı niyə belə ittiham irəli sürürəm. Birinci, 2016-cı ilin 1-4 aprel döyüşləri zamanı Sadıqov niyə Moskvaya getmişdi? Bəli, Rusiya Azərbaycanın qonşusudur, ancaq qərargah rəisi birbaşa əməliyyatda iştirak etməli idi. Mən Ağdərə əməliyyatına görə Nəcməddin Sadıqova vaxtından əvvəl polkovnik rütbəsi vermişəm. Onun hansı maddi çətinlikləri yaşadığını görmüşəm, mənzil və mənzilinin mebellərini vermişəm. İndi necə oldu, bu adamın villaları var? Mən onu debata çağırıram, gəlsin, suallarıma cavab versin. Mən nazir olmuşam, amma hələ sovet dövründən aldığım mənzildəyəm. Təəssüf ki, Azərbaycan ordusunun güclü zabit korpusuyla bərabər, belə rəhbərliyi də var".
Rəhim Qazıyev həbs olunanların kimliyinin hazırda məxfi saxlanılmasının vacibliyini vurğulayıb:
“Bu adamların adlarının hələ açıqlanmamasından narahtlıq keçirməyə dəyməz. Ancaq cinayətləri rəsmi şəkildə ortaya qoyulandan sonra bu adamların kimliyini ictimaiyyət bilməlidir. Güman ki, dövlət başçısı səviyyəsində bu məsələyə  reaksiya veriləcək”.
"Böyük faciə baş verməyib, dünyanın əksər ordularında belə hallar olur"
Hərbi ekspert Üzeyr Cəfərov düşünmür ki, həbs olunanların hamısı vətən xainidir:
"Bəli, xoşagəlməz olaydır və hər birimizi incidir, amma bu, onların hər birini vətən xaini damğasıyla ittiham etməyə əsas vermir. Sadəcə, bəzi müvafiq orqanların fəaliyyətində boşluq olub. Məsələn, bir müddət əvvəl adını çəkə bilməyəcəyim şəxs döyüş bölgəsinə getməkdə israrlıydı, mən bunu istəmirdim, ancaq müdafiə naziri olmasa da, başqa rəhbər zabitlər onun getməsinə dəstək verdilər. Sonradan yenə mənə müraciət olundu, məsələni ictimailəşdirməzdən əvvəl Hərbi-Əks Kəşfiyyat İdarəsinin rəhbərliyi ilə əlaqə saxladım, detallı şəklidə məlumat versəm də, gərəkli ölçü götürülmədi. 7 may bəyanatına gəlincə, istintaqı gözləyəcək və hər kəs layiq olduğu qiyməti alacaq".
O, həbs olunanların adlarının açıqlanmamasını normal sayır:
"Onlar çox ağır cinayətdə ittiham olunurlar. Amma 40 nəfərin hamısı təqdim olunduğu kimi günahkar deyil, hər kəsə fərdi yanaşma olmalıdır, son sözü məhkəmə deyəcək. Həm də böyük faciə baş verməyib, dünyanın əksər ordularında belə hallar olur, bəli, işğalçıyla əməkdaşlıq edənlərin olması ağırdır. Düzdür, general səviyyəsində casus yoxdur, amma yüksək rütbəli şəxslərin səhlənkarlığı var. Müvafiq qurumlar buna da qiymət verəcək. Amma Müdafiə Nazirliyinin rəhbərliyinin birbaşa günahından söhbət gedə bilməz. 100 minə yaxın heyət var, onun 30-40 nəfərinin hərəkəti birbaşa silahlı qüvvələrə aid edilə bilməz. Əgər hansısa zabitin günahı sübut olunarsa, ən ağır cəza verilməlidir".
Ü.Cəfərov deyir ki, həbs olunanlar arasında tanıdıqları da var:
"Əgər onların adları açıqlanmasa, mən özüm bunların kimliyinin cəmiyyətə aşkarlanmasında yardımçı olacam".
"Ötən ilin aprel hadisələrindən sonra belə təxribatlar şəxsən bizlər tərəfindən gözlənilən idi”.
Bu sözləri isə “BakiPost.az”-a açıqlamasında Milli Məclisin Təhlükəsizlik, müdafiə və korrupsiya komitəsinin üzvü Zahid Oruc deyib. Onun fikrincə, casusların ifşa olunması kəşfiyyat orqanlarının böyük uğurudur.
“Ötən ilin aprelindən sonra belə təxribatlar gözlənilən idi. Çünki düşmən tərəfi bir yandan 1990-ci illərdə Qarabağın ələ keçirilməsi zamanı effektli olan üsul və vasitələri təkrar dövriyyəyə qaytarmaq qərarını verdi. Bundan ötrü də Ermənistan Müdafiə Nazirliyini uzun illər zəbt etmiş Seyran Ohanyan başda olmaqla digər generallar vəzifəsindən azad etdildikdən sonra yeni rəhbərlik qarşısında belə bir planlar qoyulub.
Mənim heç şübhəm yoxdur ki, Serj Sarkisyan başda olmaqla Ermənistan Prezident Administrasiyası bu hadisələrdə günahkardır”.
Zahid Oruc qeyd edib ki, aprel müharibəsindən sonra Ermənistan yüksək televiziyalarında çıxış edən müxtəlif adamlar Azərbaycana qarşı ümumi zərbə vurmağın planlarından danışıblar:
"Kimisi təklif edirdi ki, Tərtərin bir neçə kəndini ələ keçirtsinlər və orada qorxulu əməliyyatlara getsinlər ki, bu, Azərbaycanda yenidən məğlubiyyət qorxusunu yaratsın.
Eyni zamanda Vitali Balasanyanın timsalında təklif edirdilər ki, yüz minə yaxın Azərbaycan vətəndaşını qətlə yetirsinlər və plan onlar üçün qeyri-real deyil. Yəni həmin əməliyyatlara malikdirlər. Bəs bunu nə ilə edə bilərdilər? Tankla, topla, üzbəüz döyüşləmi? Xeyr. Düşünürəm ki, söhbət birbaşa Bakıya, Azərbaycanın digər ərazilərinə müxtəlif kommunikasiya xətlərinə və müxtəlif infrastrukturlara böyük mənada zərbə vurmaqla müharibəni yeni dövrün vasitələri ilə aparmaq niyyətində idilər. Yəni terror hər hansı bir ordu birləşmələrindən daha böyük gücə malikdir. Niyə? Çünki gözəgörünməz cəbhədə fəaliyyət aparır, prinsipial olaraq onun səngəri yoxdur.
 Fransa, Belçika və ABŞ kimi nəhəng ölkələr belə təxribatlardan sığortalanmayıb. Belə olan təqdirdə ermənilər də bunu təxribata Azərbaycanın üst birləşmələrindən kimlərisə və ya mülki şəxsləri bu əməliyyatlara qoşmaqla edirlər. Əgər bu terror Azərbaycanda baş versəydi, görün nə atmosfer yaranardı. Təbii ki, bu onların qələbəsi olardı. İndi isə əksinə, düşünürəm ki, Azərbaycan tərəfi onları daha öncədən tərksilah etməklə qarşıdakı daha böyük dağıntı və təxribatların da izinə düşmüş olacaq”.
 Deputat vurğulayıb ki, iki dövlət arasında atəşkəs elan olunsa da, kəşfiyyat cəbhəsində atəşkəs yoxdur: "Savaş gedir. Gözəgörünməz cinahda müharibə davam edir. İstərdim əmin olaq ki, bu hadisələr üzərindən ordu əleyhinə, yaxud,ayrı-ayrı şəxslərə qarşı qara yaxmaq və silahlı qüvvələrdə satqın axtarmaq tendensiyasına yol verilməyəcək. Keçmiş məğlubiyyətlərimizi doğuran və güvənsizlik sindormunu doğuran o bəlaya bir daha düşüncələrimizdə belə yol verməməliyik. Terror törənməsə belə, beyinlərdə yaranan qəzəb və nifrəti yalnız düşmənə qarşı yönəltmək gərəkdir”.
"Həmin hərbçilər nəyin müqabilində bu yola əl atıblar” sualına millət vəkili belə cavab verib: "Bunu təyin eləmək gərək deyil. Çünki satqının milləti, xəyanətin etnik kimliyi, sənət sahəsi olmur ki, o bunu həkim kimi həyata keçirəcəkdi, yoxsa zabit kimi. Hansı sənət sahəsi olması fərq etməz. Bu məsələ müzakirə predmetinə çevrildikcə yeni-yeni cinahlar, istiqamətlər yaranacaq ki, bu bizim gücümüzü, səfərbər olmaq imkanımızı aşağılaya bilər. Ona görə də bu barədə yeni məlumatların cəmiyyətə elan olunmasını gözləmək lazımdır”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun