'Mosul döyüşləri bir neçə günə bitəcək'

'Mosul döyüşləri bir neçə günə bitəcək'
12 May 2017
Mətni dəyiş
İraq təhlükəsizlik qüvvələri bir neçə günə Mosul şəhərini "İslam Dövləti" (İŞİD) silahlı qruplaşmasından geri alacaqlar.
Bunu İraq ordusunun baş qərargah rəisi, general leytenant Othman al-Ghanimi BBC-yə deyib.
Onun sözlərinə görə, cihadçıların müqəddəs Ramazan ayı başlamamışdan, mayın 26-dan öncə məğlub ediləcəyinə ümid bəsləyir.
General deyir ki, şimalda son irəliləyişlər yaraqlıların daha kiçik əraziyə sıxışdırıldığını göstərir.
ŞİMALDA YENİ CƏBHƏ AÇILIB
İŞİD Mosulu 2014-cü ildə ələ keçirib və İraqda sonuncu ən güclü dayaq nöqtəsidir.
Hökumət qüvvələri oktyabrda şəhərin geri alınmasından ötrü böyük əməliyyata başlayıblar. Onları ABŞ koalisiyası hava zərbələriylə dəstəkləyir.
Yanvarda Mosulun şərq hissəsi tam nəzarətə alınıb, bir ay sonra isə qərbə hücum başlanıb.
İndi Mosulun şimal-qərb bölgələrində, eləcə də qədim hissəsi sayılan İçərişəhərdə mindən çox yaraqlının mühasirəyə salındığı bildirilir. Bu hissədə 450 minədək dinc sakin yaşayır.
Bir həftə öncə İraq ordusunun 9-cu diviziyasının bölmələri şimalda yeni cəbhə açıblar. İlk vaxtlar yaraqlıların sərt dirənişiylə üzləşsələr də, general Ghanimi indi irəlilədiklərini bildirir.
İTKİLƏR
BMT Mosul uğrunda döyüşlərdə 8 mindən çox dinc sakinin öldüyünü və yaralandığını bildirir. Bu, hələ tibb ocaqlarına aparılanların sayıdır.
İraq ordusu itkilərlə bağlı rəqəm açıqlamır. Amma ABŞ generalı martın sonunda demişdi ki, 774 İraq təhlükəsizlik əməkdaşı öldürülüb, 4 min 600 nəfər yaralanıb.
Döyüşlər 620 min nəfəri evindən didərgin salıb. Onların içində Mosulun qərbindən 414 min nəfər var. Çoxu qaçqın düşərgələrində məskən salıb. Bəziləri yaxınları və dostlarının evində qalır.
BMT bildirir ki, Mosuldakı İçərişəhər uğrunda son döyüşlər zamanı daha 100-200 min nəfər evindən didərgin düşə bilər.
Bazar ertəsi Qırmızı Xaç Komitəsi İŞİD-in nəzarətində olan bölgələrdə dinc sakinlərlə bağlı narahatlığını bildirib, onların ərzaq və su qıtlığıyla üzləşdiyini söyləyib.
"Adamların yeməyi, içməyi yoxdur. Uşaqlar, qocalar xeyli zəifləyiblər və ölə bilərlər", – qurumun Yaxın Şərq üzrə direktoru Patrick Hamilton "Reuters" xəbər agentliyinə deyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun