Moskvada Qələbə paradı keçirilib [Fotolar]

Moskvada Qələbə paradı keçirilib [Fotolar]
9 May 2017
Mətni dəyiş
Faşizm üzərində qələbənin 72-ci ildönümü münasibətilə Moskvanın Qızıl Meydanında Qələbə Paradı keçirilib.
APA-nın Moskva müxbirinin məlumatına görə, paradda Rusiya prezidenti Vladimir Putin, Moldova prezidenti İqor Dodon, Rusiyanın dövlət və hökumət rəsmiləri iştirak ediblər.
10 min hərbçi, 114 döyüş texnikası, 72 hərbi təyyarə və helikopterin iştirak etdiyi paradı Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu qəbul edib.
Müdafiə nazirinin prezidentə bütün növ qoşunların parada hazır olduğu barədə məruzəsindən sonra hərbi parad başlayıb.
Öncə hərbi məktəblərin kursantları, Hava və Quru Qoşunlarının, Dəniz Qüvvələrinin, Daxili Qoşunların əsgər və zabitləri tribuna qarşısından keçib.
Həmçinin, Müdafiə Nazirliyinin Hərbi Universiteti və digər ali hərbi məktəblərin məzunları olan qadın hərbi qulluqçular nizami keçid edib. Sonra hərbi texnikanın keçidi olub.
Paradın sonunda hərbi aviasiyanın uçuşları nəzərdə tutulsa da, hava şəraiti ilə əlaqədar hərbi keçidin bu hissəsi təxirə salınıb.
Parad bitəndən sonra V.Putin və İ.Dodon İkinci Dünya müharibəsinin iştirakçısı olmuş veteranlarla görüşüb, Naməlum Əsgərin məzarı önünə əklil qoyublar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun