"Milyonlarla pul ölkənin milli təhlükəsizliyi üçün yox, şəxsi maraqlar üçün xərclənib"

"Milyonlarla pul ölkənin milli təhlükəsizliyi üçün yox, şəxsi maraqlar üçün xərclənib"
15 May 2017
Mətni dəyiş
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev və həmin mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işində bəzi detallar məlum olub. İttiham aktında MTN-nin agentura şəbəkəsi ilə işləyən ictimai-siyasi şəxslərin kimliyi göstərilib.
Abzas.net olaraq bu mövzu ilə bağlı müxalif partiya nümayəndələrinin mövqeyini öyrəndik.
"Hüquq Müdafiəçisi MTN-in təşkilatçılıq ilə Strasburqa niyə gedə bilər? Orada Erməni kəşfiyyatı ilə mübarizə aparmayacaqdı ki?! Təbii ki, Avropa Şurasının hakimiyyətlə bağlı mövqeyinə təsir göstərmək üçün getmişdilər"
Bu sözləri Abzas.net-ə açıqlamasında AXCP sədri Əli Kərimli deyib.
MTN-də Vətəndaş Cəmiyyətinin nümayəndələrinin əməkdaşlığa cəlb edilməsi məsələsinə münasibət bildirən partiya sədri deyir ki, hakimiyyətin məqsədi müxalifəti, vətəndaş cəmiyyətini, medianı, ümumilikdə özlərinə kimi təhlükə hesab edirlərsə, nəzarətdə saxlamaq və sıradan çıxarmaq olub.
"Onlar çox böyük ləyaqətsizlik bahasına bir tikə çörək qazanıblar"
"Bu bir daha ona göstərir ki, bu qədər pullar Azərbaycanın milli təhlükəsizliyi üçün yox, şəxsi maraqlar üçün xərclənib. Hətta bu adamlar o qədər acgöz, əli əyri adamlardırlar ki, özlərinin təhlükəsizliyi, şəxsi maraqlarının qorunması üçün ayrılmış vəsaitdən də mənimsəmələr ediblər" - deyə Əli Kərimli bildirib.
Partiya sədri deyir ki, o agentlərin də "əməyini" yerə vurmaq olmaz.
"Məsələni analiz etsəniz görərsiniz ki, sözügedən sayt redaktoru, hüquq müdafiçəsi - mən heç onlara hüquq müdafiəçisi də deməzdim, Xaliq Bahadurun dediyi kimi hüquq hücumçuları yalanı yazanda, şər danışanda bunu əbəs yerə etmirlərmiş. Hər dəfə onları buna görə MTN zabitləri mükafatlandırırmışlar. Onlar aldıqları o pulun müqabilində o qədər vicdansızlıqlar, üzəduranlıqlar ediblər ki, o qədər şər-böhtan deyiblər ki, onların da heç də asan yolla pul qazandıqlarını düşünmək olmaz. Onlar çox böyük ləyaqətsizlik bahasına bir tikə çörəyi qazanıblar və yəqin ki bir gün burunlarından gələcək" - deyə AXCP sədri Əli Kərimli bildirib.
Real Hərəkatının İcra Katibi Natiq Cəfərli isə bildirib ki, çox təəssüf ki, ölkədə dövlətçiliyin necə aşağı səviyyədə olması, dövlətin işləmə mexanizminin necə primitiv olması MTN işi məhkəmələrində açıqlanan faklarla bir daha aydın göründü. Onun sözlərinə görə, ölkədə hər hansısa bir terrorun, çaxnaşmanın qarşısını almaq üçün daxildə gedən prosesləri nəzarətdə saxlamaq keçmiş MTN haqqı olub.
"Ancaq burda məlum olur ki, bunu çox primitiv şəkildə ediblər. Hər hansısa bir şəbəkələr yaradılıb, insanlar cəlb edilib və bunun yolu ilə məlumat toplanılıb. Bu da bir məntiqsizlikdir. Zatən, dinləmə cihazları var, izləmə metodları var. Bunları qoyub belə yolla, Sovet metodları ilə işləməsi, açığı keçmiş MTN-nin nə qədər primitiv işlədiyini göstərir" deyə N.Cəfərli bildirib.
Natiq Cəfərli bildirib ki, açılan faktlara heç də təəccüblənməyib.
"Açığı uzun illər idi ki, vətəndaş cəmiyyətində kimlərinsə MTN-lə əlaqəli olması söhbəti gəzirdi. Biz də müəyyən qədər məlumatlı idik. Artıq məhkəmədə faktlar açılır və hər şey üzə çıxır. Mən istəyərdim ki, bütün arxivlər, faktlar açılsın. Tam şəffaflıq olsun. Bu, Real Hərəkatının proqramında da öz əksini tapıb" - deyə Real Hərəkatının İcra Katibi Natiq Cəfərli bildirib.
Müsavat başqanı Arif Hacılı isə deyir ki, ümumiyyətlə bu vəsaitlər Azərbaycanın milli təhlükəsizliyinin qorunmasına, Azərbaycanda fəaliyyət göstərən xarici agentura şəbəkəsinin qarşısının alınmasına yönəldilməlidir.
Onun sözlərinə görə, Azərbaycan hakimiyyəti öz siyasətini ölkədə rəqib hesab etdiyi qurumlara qarşı aparır:
"Hakimiyyət bu vəsaiti siyasi partiyaları, mətbuatı, hüquq müdafiə təşkilatlarını, ümumilikdə vətəndaş cəmiyyətini sıradan çıxarmaq üçün xərcləyib. Heç şübhəsiz ki, Azərbaycanda İranın, Rusiyanın, Ermənistanın çox ciddi agentura şəbəkəsi var. Hakimiyyət onları sıradan çıxartmaq üçün çalışmalıdır. Ümumilikdə, bütün bu məsələlərin üzə çıxması, hakimiyyətdaxili mübarizənin nəticəsidir".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun