"Məmurlara bağlı şirkətlər ölkəyə gətirdiyi məhsulların həcmini azaldıb"

"Məmurlara bağlı şirkətlər ölkəyə gətirdiyi məhsulların həcmini azaldıb"
2 May 2017
Mətni dəyiş
Dövlət Gömrük Komitəsi (DGK) Maliyyə, Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin rəisi Mirqasım Vahabov deyib ki, ötən illə müqayisədə bu ilin ilk 4 ayında Azərbaycana idxalın həcmi 490 mln. ABŞ dolları həcmində azalıb.
Məsələ ilə bağlı Abzas.net-ə münasibət bildirən iqtisadçı ekspert Nemət Əliyev deyir ki, bu ilk baxışdan elə qiymətləndirilə bilər ki, ölkə daxilində idxal mallarına olan tələbat ödənilməyibdir.
"Ölkə daxilində tələbatın ödənilmə səviyyəsi aşağı düşüb"
"Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlara görə, yerli istehsal kəskin şəkildə aşağı düşüb. Ümumilikdə ilk 2-3 ayı götürəndə görünürdü ki, ölkənin emal sənayesi üzrə tənəzzül yaşanır. Bir tərəfdən yerli istehsal aşağı düşür, bir tərəfdən də idxal aşağı düşür. Ölkə daxilində tələbatın ödənilmə səviyyəsi aşağı düşüb" - deyə N.Əliyev bildirib.
Nemət Əliyevin sözlərinə görə, Azərbaycan hakimiyyəti də idxalın aşağı düşməsində maraq göstərir.
Ekspert deyir ki, ümumi tədiyə balansında bir kəsr yaranıb. Bu kəsri aradan qaldırmaq üçün idxalda azalmaya, ixracda artıma nail olmaq istəyirlər.
"İdxalın həcminin aşağı düşməsi, ölkə daxilində idxal mallarına olan tələbatın aşağı düşməsinə gətirib çıxardır. Tələbatın aşağı düşməsi istehsala da öz mənfi təsirini göstərir. Digər tərəfdən də, yerli sahibkarlar ölkədə əlverişli şəraitin olmadığı üçün idxalda azalmaya maraq göstərirlər. İdxalın həcminin aşağı düşməsini şərtləndirən iki səbəb var. Bir, əgər hökumətin tədiyə balansındakı kəsiri aradan götürmək istəyidirsə, digəri də, ölkə daxilində sahibkarlar üçün əlverişsiz şəraitin olduğuna görə, sahibkarların idxal fəaliyyətini süni şəkildə aşağı salması ilə əlaqədardır" - deyə iqtisadçı Nemət Əliyev bildirib.
İqtisadçı Natiq Cəfərli isə düşünür ki, idxalla bağlı azalmanın səbəbi, alıcılıq qabiliyyətinin aşağı düşməsidir.
"Təqribən 18%-ə qədər azalma var birinci rübdə. Ölkəyə gətirilən məhsulların sayı azalıb. Nə qədər əhalinin gəlirləri azalırsa, bir o qədər də alıcılıq qabiliyyəti aşağı düşür. Bu da, idxal mallarına təlabatı azaldır" - deyə N.Cəfərli bildirib.
İqtisadçı deyir ki, mən düşünmürəm ki, bu proses düşülmüş və hansısa mərkəzdən idarə olunan prosesdir.
"Sadəcə Azərbaycan məmurlarına bağlı olan şirkətlər ölkəyə gətirdiyi məhsulların həcmini azaldıb. Çünki sata bilmirlər, bazarda alıcılıq qabiliyyəti aşağı düşüb. Düşünürəm ki, azalma birbaşa bununla əlaqədardır" - deyə iqtisadçı N.Cəfərli bildirib.
"Ötən illə müqayisədə bu ilin ilk 4 ayında Azərbaycana idxalın həcmi 490 mln. ABŞ dolları həcmində azalıb".
Bunu Dövlət Gömrük Komitəsi (DGK) Maliyyə, tarif və valyuta nəzarəti Baş İdarəsinin rəisi Mirqasım Vahabov deyib. M.Vahabovun sözlərinə görə, xarici ticarət fəaliyyəti iştirakçılarının sayı artıb:
"Əgər 4 ay əvvəl xarici ticarət fəaliyyəti ilə məşğul olanların sayı 6 min idisə, bu gün həmin rəqəm 14 mindən çoxdur". DGK rəsmisi deyib ki, ötən 3 ay ərzində Azərbaycana 554 min turist gəlib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun