Keçmiş polis rəisinin həyat yoldaşına 9 il həbs cəzası verilib

Keçmiş polis rəisinin həyat yoldaşına 9 il həbs cəzası verilib
10 May 2017
Mətni dəyiş
Binəqədi Rayon Polis İdarəsinin narkotiklərlə mübarizə idarəsinin keçmiş rəisi Mahir Əkbərovun həyat yoldaşı Leyla Əkbərovaya 9 il həbs cəzası verilib.
Azadlıq Radiosu xəbər verir ki, mayın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində bu haqda hökm çıxarılıb.
L.Əkbərova CM-nin 178 (dələduzluq) və 320-ci (saxta sənəd hazırlama və ya istifadə etmə) maddələrilə ittiham olunurdu. Rahib Salmanovun sədrlik etdiyi hakimlər kollegiyası L.Əkbərovaya 320-ci maddə ilə bəraət verib. Məhkəmə yalnız dələduzluq ittihamının sübuta yetirildiyi qənaətinə gəlib.
İttihama görə, L.Əkbərova özünü internat evinin direktoru kimi təqdim edib, yüksəkvəzifəli adamlarla əlaqələrinin olduğunu deyib müxtəlif şəxslərin etibarını qazanıb. Bir neçə nəfərdən işə düzəltmək adı ilə pul alıb qaytarmayıb. Nə işi düzələn, nə də pulu qaytarılan zərərçəkmişlər arasında L.Əkbərovanın öz qohumları da var.
45 saylı orta məktəbdə müəllimə işləmiş L.Əkbərova isə ittihamları qəbul etmir. Məhkəmədə bildirib ki, heç kimi etibarından sui-istifadə edib aldatmayıb. O pulları da borc alıb, sadəcə, vaxtında qaytara bilməyib. Amma hamının pulunu qaytaracaq.
Məhkəmədə dindirilən zərərçəkənlər L.Əkbərova ilə yanaşı, həyat yoldaşının da həbsini tələb edirdi. Onlar iddia edirlər ki, qadın bu işləri ərinin köməyi ilə görüb.
Məlumata görə, Mahir Əkbərov həyat yoldaşı ilə bağlı qalmaqaldan sonra vəzifəsindən azad olunub. O, bir neçə dəfə şahid kimi həyat yoldaşının məhkəməsinə çağrılsa da, gəlmirdi. Ona görə də, hakim onun haqqında məcburi gətirilmə qərarı çıxarmışdı.
Amma M.Əkbərov zərərçəkənlərin onun da cinayətdə iştirakçılığı haqda iddialarının yalan olduğunu bildirir. Deyir ki, həyat yoldaşının əməllərindən xəbərsiz olub. Hətta bu məsələlərin üstü açılanda, onunla boşanmaq qərarına gəlib.
M.Əkbərovun günahsız olması haqda söylədiklərinə baxmayaraq, zərərçəkmişlərin şikayəti əsasında onun haqqında da ayrıca araşdırma gedir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun