İlqar Məmmədov: “Hökumət öz üzvlük öhdəliklərini yerinə yetirməlidir”

Həbsdə olan ReAL Hərəkatının sədri İlqar Məmmədov həbsxanadan məktub yazıb. Hərəkat lideri məktubunda Yeni Azərbaycan Partiyasının Avropa Xalq Partiyasına üzv olmaq istəyindən və qarşılığında hakimiyyətin bazarlıq etmək niyyətində olduğunu yazıb.
Abzas.net xəbər verir ki, bu barədə İlqar Məmmədovun sosial şəbəkə səhifəsində məlumat yayılıb.
İ.Məmmədov deyir ki, Azərbaycanın nominal olaraq hakimiyyətdəki partiyası olan YAP uzun müddətdir ki, Avropa Xalq Partiyasına (AXP- 41 ölkədən 79 sağ-mərkəzçi partiyanı özündə birləşdirən Avropa miqyasında ən böyük və nüfuzlu qurumdur ) üzv olmağa çalışır.
“Əgər qəbul olunarlarsa, bizim sülalə hakimiyyəti Avropa Şurasına layiq olmadığı üzvlükdən daha böyük ölçüdə faydalar əldə edəcək. Bir neçə qayğılı AXP üzvlərindən öyrənmişəm ki, Avropa Şurası Nazirlər Komitəsinin 10 aralıq qətnaməsinə bu günə qədər məhəl qoymayan hakimiyyət mənim azad olunmağım şərtilə bəlkə də bu quruma qəbul edilə bilər”.
Siyasi məhbus məktubunda AXP-na çağırış edir ki, öz adlarını təmiz saxlasınlar.
“Bazarlıq ədalətli deyil! Hökumət sadəcə olaraq öz üzvlük öhdəliklərini yerinə yetirməlidir. O, qeyri-qanuni həbs olunmuş prezidentliyə namizəd və ya digər siyasi məhbusların azad olunması hesabına özü üçün fayda əldə etməməlidir”, – deyə hərəkat lideri yazıb.