Hüquq müdafiəçisi "Bandotdel"ə aparılıb və 4 saat dindirilib

Hüquq müdafiəçisi "Bandotdel"ə aparılıb və 4 saat dindirilib
2 May 2017
Mətni dəyiş
Hüquq müdafiəçisi Bəşir Süleymanlı bazar ertəsi Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində 4 saatdan artıq dindirildiyini deyir.
O deyir ki, günorta saatlarında əməliyyatçılar yaxınlaşıb və rəisin onunla görüşmək istədiyini bildiriblər.
Daha sonra hüquq müdafiəçisi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilib.
Burada 4 saatdan artıq dindirildiyini deyən hüquq müdafiəçisi ona Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevlə bağlı suallar verildiyini qeyd edib.
"Dedilər ki, onlara mənim Cahangir Hacıyevla bağlı olmağımla əlaqəli məlumatlar daxil olub. Sonradan aydınlaşdırdılar ki, yanlış məlumatdır. Buraxdılar ki, heç bir problem yoxdur", cənab Süleymanlı BBC Azərbaycancaya deyib.
Mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə kimi bir neçə maddə üzrə ittiham olunan Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev ötən ilin oktyabr ayında 15 il müddətinə azadlıqdan məhrum edilib.
Bəşir Süleymanlı bir müddət öncə ailə üzvlərinin də polis məntəqəsinə çağırıldığını xatırladaraq güman edir ki, ona və ailəsinə qarşı "bu əməliyyat bir aydan çoxdur hazırlanır".
Hüquq müdafiəçisi sabiq bank rəhbəri ilə əlaqələrinin olmadığını bildirir.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən şərh almaq mümkün olmayıb.
Bəşir Süleymanlı 2014-cü ilin may ayında Seçkilərin Monitorinq və Demokratiya Mərkəzinin direktoru ikən 2 il vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 il 6 ay həbs cəzasına məhkum edilib.
O, "qanunsuz sahibkarlıq", "seçki saxtakarlığı" və "vergidən yayınma"da ittiham olunub.
2015-ci ilin mart ayında isə o, ölkə prezidentinin imzaladığı əfv sərəncamı ilə azad edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun