Hikmət Hacıyev: "Rusiyanın qərarını qeyri-dost addım olaraq qiymətləndiririk"

Hikmət Hacıyev: "Rusiyanın qərarını qeyri-dost addım olaraq qiymətləndiririk"
16 May 2017
Mətni dəyiş
Azərbaycanın Xarici İşlər Nazirliyi Rusiyada Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) məhkəmə hökmü ilə qeydiyyatının ləğvi barədə qərarın təəssüf və təəccüb doğurduğunu bildirir.
"Bu addımdan Rusiya Federasiyasında yaşayan vətəndaşlara qarşı etnik mənsubiyyətinə görə ayrıseçkilik və qərəzliliyin təzahürünü görürük", - BBC Azərbaycancaya danışan XİN sözçüsü Hikmət Hacıyev bildirib.
"Bu qərarı qeyri-dost addım olaraq qiymətləndiririk", deyə o əlavə edib.
"ÜAK-in ləğv edildiyi halda Rusiya Erməniləri İttifaqına tam dəstəyin verilməsi Rusiya Federasiyasının erməni və azərbaycanlı millətindən olan vətəndaşlara qarşı qeyri-tarazlı münasibətin təzahürü kimi qəbul edilə bilər - bu da Dağlıq Qarabağ nizamlanmasında Rusiyanın vasitəçilik roluna mənfi təsir göstərə bilər", cənab Hacıyev qeyd edib.
Öz növbəsində ÜAK qeydiyyatın ləğvilə əlaqədar Diasporla iş üzrə Dövlət Komitəsinin bəyanatında deyilir ki, "xalqlarımızın və dövlətlərimizin qarşılıqlı dəstəyə daha çox ehtiyacı olduğu bir dövrdə qəbul olunmuş bu qərar ölkələrimiz arasında uzun illər ərzində formalaşmış etimada kölgə sala bilər."
Azərbaycan rəsmiləri ÜAK-ın ləğvinə qarşı tənqidi bəyanatlar tutsa da bundan sonra nə kimi addımlar atıla biləcəyini şərh etmirlər.
ÜAK Ali Məhkəmənin qərarını "tamamilə rədd" etdiyini bildirir.
Qurumun prezidenti Fazil Qurbanovun adından yayılan bəyanatda prezident Putin məsələyə müdaxilə etməyə çağrılır.
Ümumrusiya Azərbaycan Konqresi 2001-ci ildə yaradılıb. Konqres Azərbaycanın xarici ölkələrdəki ən böyük diaspor təşkilatıdır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun