"Hakimiyyət iqtisadi böhran ərəfəsində müxaliflərə və mediaya təzyiqi artırır"

"Hakimiyyət iqtisadi böhran ərəfəsində müxaliflərə və mediaya təzyiqi artırır"
16 May 2017
Mətni dəyiş
"Azərbaycanda iqtisadi böhranın dərinləşmə əlamətləri üzə çıxdıqca, hakimiyyət informasiya axınına nəzarəti artırır. Mayın 12-də məhkəmə bir neçə müstəqil xəbər saytını blokladı. Bu saytların itaətsizliyi qızışdırdığı, hökumətə zərbə vurmağa çalışdığı iddia olunur. Həmin saytlar içində Meydan TV-nin və AzadlıqRadiosunun Azərbaycan xidmətinin saytları da var".
Eurasianet.org portalında Mike Runey məhkəmə qərarının legitimliyi ilə bağlı bir sıra sualların yarandığını yazır. Belə ki, hökumətin məhkəməyə təqdim etdiyi sənədlərdə çatışmazlıqlar olub, bəzi məqalələr iddia qaldırılandan sonra yazılıb, iddianı işi viruslarla mübarizə olan idarə qaldırıb və sairə.
Mike Runey Mülki Hüquqların Müdafiəçiləri təşkilatında Avrasiya üzrə proqram rəhbəridir. O, hökumətin cəhdlərinə baxmayaraq, hədəfdə olan saytların güzgü saytlar vasitəsilə izləyicilərlə təmasa girdiyini qeyd edir. Bu üsulu vaxtilə çinli hakerlər icad edib. Azərbaycanlıların ən çox istifadə etdiyi daha bir platforma isə Facebook sosial şəbəkəsidir.
"HƏR ŞEY NƏZARƏTDƏDİR"
"Hökumət müstəqil mediayla yanaşı, sosial mediada da tənqidi çıxışları məhdudlaşdırmağa çalışır. Yerli media Mehman Qələndərovun ölüm məsələsini izləyir. Hakimiyyət onun təcridxanada intihar etdiyini deyir. Fəallar bloqqerin hansı şəraitdə ölməsinə şübhəylə yanaşırlar. Bəzi media orqanları isə mayın əvvəlində yazırdılar ki, Qələndərov, əslində, iki gənc fəal – Bayram Məmmədov və Qiyas İbrahimovu dəstəklədiyinə görə saxlanıb. Hər iki gənc ölkə rəhbərliyini tənqid edirdi", – yazan müəllif ABŞ Dövlət Departamentinin, "Amnesty International" və digər qurumların Qələndərovun ölümünün araşdırılmasıyla bağlı çağırışlar etdiyini yada salır.
Mayın 15-də isə gənc fəal, keçmiş siyasi məhbus Elvin Abdullayev polisdə dindirilib, o, dindirmənin tənqidi Facebook postlarıyla bağlı olduğunu deyir.
"Adamlara başa salmaq istəyirlər ki, onların fəaliyyəti nəzarət altındadır, özlərinə yeni problemlər çıxara bilərlər. Bu, həm də ictimaiyyətə bir mesajdır – hər şeyi görürük, bilirik, sizi Facebook-da izləyirik, ona görə də siyasətə, yaxud müxalifətçilərə qoşulmayın", – Siyasi Məhbusların Monitorinqi Mərkəzinin rəhbəri Elşən Həsənov "Caucasian Knot" portalına bildirib.
İQTİSADİ ƏNDİŞƏLƏR
Müəllif yazır ki, müstəqil media saytlarının bağlanması iqtisadiyyatın sabitsizlik dönəminə girdiyi bir vaxta düşür. Ölkənin ən böyük bankı olan Beynəlxalq Bank xarici borclarını ödəyə bilmir və ABŞ-da məhkəməyə müraciət edib. Bu xəbərdən cəmi 8 həftə öncə "Fitch" beynəlxalq reytinq agentliyi yazırdı ki, Azərbaycanda hər beş kreditdən biri ödənmir.
"Görünür, hökumət ötən ilin yanvarındakı hadisələrin təkrarlanmasını önləməyə çalışır. Onda manatın devalvasiyasından sonra ərzağın bahalanmasına etiraz aksiyaları keçirildi. Amma əsas sual odur ki, hökumətin narazılıq işartılarına bu cür sərt reaksiyası orta və uzun müddətə səmərə verəcəkmi?", – müəllif yazır.
Hakimiyyət ölkədə söz və ifadə azadlığının məhdudlaşdırılmasıyla bağlı tənqidləri qəbul etmir. Beynəlxalq medianın tənqidlərini isə ölkəyə qarşı "məqsədyönlü, sifarişli qarayaxma kampaniyası" adlandırır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun