Hakim Yunusların məhkəməyə məcburi gətirilməsini 1 ay gözləyəcək

Hakim Yunusların məhkəməyə məcburi gətirilməsini 1 ay gözləyəcək
31 May 2017
Mətni dəyiş
Məhkəmə vəkilə məcburi gətirilmə qərarının surətini vermir
“Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və həyat yoldaşı, tarixçi-alim Arif Yunusun məhkəməyə məcburi gətirilməsi haqda mayın 17-də çıxarılmış qərar uyğun orqanlara göndərilib. Hələlik nəticəsi yoxdur”.
Mayın 31-də Bakı Apelyasiya Məhkəməsində Yunusların işinə baxan hakim Mirpaşa Hüseynov belə deyib.
O bildirib ki, hakim Yunusların məcburi gətirilməsi qərarının nəticəsini daha bir ay gözləyəcək: “Nəticə olmasa, növbəti addım atılacaq”.
Vəkil Elçin Sadıqov məhkəmədən məcburi gətirilmə qərarının surətini istəyib. Amma qərar müdafiəçiyə verilməyib.
Yunusların məhkəməsi iyulun 3-nə təyin olunub. Hazırda Hollandiyada yaşayan Leyla Yunus və həyat yoldaşı o vaxta qədər gəlməsə, növbəti iclasda onların barəsində həbsli axtarış qərarı çıxarıla bilər.
Leyla və Arif Yunuslar 2014-cü ilin yayında həbs olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Leyla Yunus 8 il 6 ay, Arif Yunus isə 7 il azadlıqdan məhrum edilib. 2015-ci ilin dekabrında Bakı Apelyasiya Məhkəməsi hökmü dəyişərək, şərti cəza ilə onları həbsdən buraxıb. Eyni zamanda, sağlıq durumlarındakı problemlərlə əlaqədar müalicə məqsədilə onların ölkədən getməsinə icazə verilib. Amma sonradan Ali Məhkəmə həmin qərarı ləğv edib və işi yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərib. İndi işə yenidən baxılır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun