Anzor çirkli döşəmədə uzanıb, əsgər çəkməsi geyinmiş bir kişi kürəyinə çıxıb. Buraxılan elektroşok ağrıları daha da güclənir. "Elə bil, bütün sümüklərim eyni vaxtda xırçıldayırdı", – o, "The Associated Press" agentliyinə Çeçenistanda başına gələnlərdən danışıb.
Anzor homoseksualdır. Rusiyanın cənubunda yerləşən Çeçenistanda onlarla adam gey olmaqda şübhəli bilinərək saxlanıb, işgəncə görüb. Üç nəfərin öldürüldüyü iddia olunur.
O isə Çeçenistandan qaça bilib və hazırda Moskvada gizlənir, təkcə özünün deyil, qohumlarının təhlükəsizliyi üçün də əndişələnir. Agentliyə də tam adının çəkilməməsi şərtiylə danışıb.
"HƏR GÜN İŞGƏNCƏ VERİRDİLƏR"
Rusiyada homoseksuallara antipatiya geniş yayılıb. Gey fəalların yürüşlər keçirmək xahişləri, adətən, rədd olunur. Amma "geylərə qarşı yerli rəsmilərin sanksiyalaşdırdığı bu son kampaniya əvvəl görünən şey deyil", – "Human Rights Watch" insan haqları təşkilatının Rusiya üzrə proqram koordinatoru Tanya Lokshina deyib.
Adının çəkilməməsi şərtiylə danışan başqa bir gey fəal da agentliyə Çeçenistanda onlarla digər şəxslə birlikdə saxlanmasından danışıb. "Bizə hər gün işgəncə verirdilər. Bizi hər gün polipropilen borularla döyürdülər, elektriklə işgəncə verirdilər", – o söyləyib.
Çeçenistanda geylərlə pis rəftar haqda apreldə "Novaya Gazeta" yazsa da, rəsmilər bunu cidd-cəhdlə təkzib edib. Qərb hökumətləri və insan haqları qurumları isə Rusiya rəsmi dairələrini araşdırma aparmağa çağırıb.
Kiyevdə gey-parad
[embed]https://flashvideo.rferl.org/Videoroot/Pangeavideo/2016/06/3/3d/3d58e724-745a-4fde-b3b2-d2c1682b9d4b.mp4[/embed]