Ekspert: "Dövlət sektoru ölkənin maliyyə sistemini çökdürür"

Ekspert: "Dövlət sektoru ölkənin maliyyə sistemini çökdürür"
31 May 2017
Mətni dəyiş
2016-cı ildə hökumət dövlət büdcəsi hesabına 3 mlrd manat borc qaytarıb. Təkcə xarici və daxili dövlət borclarını yox, dövlət şirkətlərinin AMB-yə olan xarici borclarını da ödəyib. Hesablama Palatasının rəyində belə deyilir. 
İqtisadçı Rövşən Ağayev deyir ki, bu vəsait 2016-cı ilin büdcə qanununda nəzərdə tutulmadığı halda qaytarılıb:
"Büdcədən Təminat Fondu vasitəsilə 820 mln. manat vəsait ayrılıb. Həmin vəsaitin 137 mln. manatı dövlət şirkətlərinin (Azərsu, Azərenerji, Azərkosmos) xarici borclarının, yerdə qalan hissəsi isə dövlət şirkətlərinin Mərkəzi Banka olan daxili borclarının qaytarılmasına yönəldilib”.
İqtisadçı deyir ki, belə olan halda suallar yaranır:
1) Təminat Fonduna dövlət büdcəsinin başqa xərc istiqamətlərindən vəsaitləri kəsib il ərzində borcların ödənilməsinə yönləndirərək "Büdcə sistemi haqqında" qanunun konkret olaraq hansı maddəsinə istinad edilib? 
2) Niyə Təminat Fonduna ayrılan vəsaitlər dövlət büdcəsinə dair hesabatda "borcların qaytarılması" maddəsində əks olunmur, həmin xərclərin qənaət edildiyi bölmələrdə (məsələn, sosial müdafiə) başqa ad altında göstərilir? 
3) Təminat Fondunun idarə edilməsi qaydalarına (3.6 və 3.7-ci maddələr) görə, Fondun borcunu ödədiyi dövlət şirkətləri Maliyyə Nazirliyi ilə bağlanmış müqavilə əsasında həmin vəsaitləri Fonda bərpa etməlidirlər - müqavilələrə görə, həmin vəsaitlər nə zamanadək qaytarılacaq. 
Hesablama Palatası: Dövlət büdcəsi hesabına 3 mlrd manat borc qaytarılıb
Rövşən Ağayev deyir ki, 2016-cı ilin dövlət büdcəsində qanaət edilimiş 820 mln. manatla yanaşı Təminat Fondunun özünün əvvəlki illərdən də toplanmış 1.5 mlrd. manat yaxın vəsait olub. Bu vəsaitlərin də 1.2 mlrd. manatı borclara gedib:
“Nəticədə təkcə dövlət büdcəsinin Təminat Fondu vasitəsilə il ərzində 2 mlrd. manat borca yönəlib. Məlumat üçün deyim ki, bu məbləğlərin heç birinin Beynəlxalq Bank üçün ödənilən borclarla əlaqəsi yoxdur. Bu da yerdə qalan dövlət şirkətləri ilə bağlı borc ödənişləridir”.
İqtisadçı deyir ki, dövlət sektoru ölkənin maliyyə sistemini çökdürür - islahat olacaqsa, vaxt itirimədən dövlət şirkətlərindən, ölkənin büdcə sisteminin menecmentindən başlamalıdır:
“Bir il ərzində büdcədən ödənilən borcların məbləği bununla da bitmir - "Ümumdövlət xidməti" bölməsindən Maliyyə Nazirliyi xarici dövlət borclarının qaytarılmasına 1.5 mlrd. manata qədər də vəsait yönəldib. Bu qədər borc yükünə 17 mlrd. manatlıq kiçik büdcə necə dözsün?”

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun