Deputat: "Bundan artığını gözləməyə dəyməz"

Deputat: "Bundan artığını gözləməyə dəyməz"
3 May 2017
Mətni dəyiş
"İndiki beynəlxalq şərtlər daxilində Azərbaycanda mətbuat azadlığı istənilən səviyyədə olmasa da, Şərq ölkələri ilə müqayisədə yaxşıdır".
Bunu deputat Fazil Mustafa 3 may - Ümumdünya Mətbuat Azadlığı Günü münasibətilə Azərbaycanda mətbuatın vəziyyətini dəyərləndirərkən deyib.
F.Mustafa hesab edir ki, ölkədə internet resursları əlçatandır: "Düzdür, çap mediasının durumu barədə bunu demək olmur. Belə ki, bir tərəfdən çap mediasının meydanı daralır, digər tərəfdən reklam problemi var. Bütün bunlar çap mediasının normal inkişafına mane olur".
Deputat ölkədə müstəqil telekanal mövzusuna da diqqət çəkib: "ANS telekanalının bağlanmasından sonra bu məsələ daha da çətinləşib. Başqa telekanallarda sosial sahələrdəki məsələlərlə bağlı ictimai fikir öz əksini tapır. Amma bütünlükdə ictimai fikrin orta səviyyədə cəmiyyətə çatdırılmasına ehtiyac yaranıb".
"ÖLÇÜSÜZ TƏNQİD"İN SONU
Bloqqer Mehman Qələndərlinin bu il aprelin 29-da 1 saylı Bakı İstintaq Təcridxanasında müəmmalı ölümünü şərh edən F.Mustafa bu olayın detallarını bilmədiyini söyləyib: «Bu barədə əlimdə dəlil-sübut yoxdur, amma rəsmi versiya intihar üzərində durur. Əgər onun yaşamına kənar müdaxilə olubsa, bu, narahatedici haldır və hüquq-mühafizə orqanları bunu ən ciddi şəkildə araşdırmalıdır».
Bir sıra saytların bloklanmasına gəlincə, deputat hesab edir ki, bu, artıq "ölçüsüz tənqid"in sona çatması deməkdir.
F.Mustafa "Kanal-13" internet televiziyasının rəhbərlərindən Əziz Qaraşoğlunun 30 sutka inzibati həbs cəzası alması məsələsinə də toxunub. Deputat onun hansısa qanunsuzluğa yol verdiyini düşünür (Əziz Qaraşoğlu polisin qanunu tələbini yerinə yetirməməkdə günahlandırılıb. Ancaq müdafiə tərəfi bunu qurama ittiham sayır.-red): "Amma bütünlükdə indiki şərtlər daxilində mətbuatın fəaliyyətini normal saymaq olar və bundan artığını gözləmək çətindir. Bundan artığını gözləməyə dəyməz".
1990-cı ildə Parisdə toplanan bir qrup jurnalist azad mətbuat prinsiplərinin maneəsiz yayılması və bəşəri bəlalarla birgə mübarizənin zəruriliyini bildiriblər.
1991-ci il mayın 3-də UNESCO bu məramı ifadə edən Bəyannaməni dəstəkləyib. Həmin günü Ümumdünya Mətbuat Azadlığı Günü kimi qeyd etmək təklifini BMT-yə göndərib. 1993-cü il dekabrında 20-də BMT Baş Assambleyası 3 may gününü Ümumdünya Mətbuat Azadlığı Günü elan edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun