Cümhuriyyət tənqidçilərinin sortları - Rövşən Əliyev

Cümhuriyyət tənqidçilərinin sortları - Rövşən Əliyev
30 May 2017
Mətni dəyiş
Rövşən Əliyev
Cümhuriyyəti tənqid eləyənlər, onun qurucularını ələ salanlar haqda bir-iki kəlmə demək istəyirəm. Onların kiçik bir qismi düz eləyir. Kimlər? Anarxistlər. Anarxist olub hansısa dövlət quruluşunu qəbul eləmək öz əqidəsinə zidd getməkdir (anarxist deyiləm, istəsəniz minarxist deyə bilərsiniz). Ancaq qalan tənqidçilərin, demək olar ki, hamısının bir əmması var.
Tənqidçiləri qruplaşdırıb danışaq.
Cümhuriyyətin tənqidçilərinin böyük bir qismi solçudur. Bu solçuların bir qismini səmimi solçu sayaq. Yəni nə sovetlərin xiffətini çəkən kütbeyinlərdir, nə bilərəkdən Putin şiələri ilə bir cəbhədə olanlardır. Anladığınız avropasayağı solçular. Bu solçuların səhvi ondadır ki, cümhuriyyətçiliyi sağçıların məhsulu sayırlar. Yeri gəlib, birbaşa deyim: cümhuriyyət sağçı respublika demək deyil. Bütün spektr siyasətçilərin özlərini siyasi səhnədə sınamaları üçün ədalətli platformadır. Bu platformada solçu da özünü təsdiqləyib çoxluq qazana bilər, hakimiyyətə gələ bilər - sağçı da, mərkəzçi də. Yeri gəlib yenə deyim, cümhuriyyətin əsas banisi Məhəmmədənim Rəsulzadə sol mərkəzçi görüşlü idi. Daha doğrusu, siyasi karyerası boyu tədricən soldan sağa doğru irəlliləmişdi.
Bir qism tənqidçi də doğrudan obyektiv araşdırma aparır, görür ki, Azərbaycan Cümhuriyyətinin dövründəki demokratiya, seçki, qadın hüquqları, parlament heç də bu gün bildiyimiz anlayışlarla düzgün gəlmir. Ancaq bu tənqidçilər unudurlar ki, cümhuriyyət, demək olar ki, heçdən yaranmışdı. O dövrdə azərbaycanlılar qədər başıpozuq, müasir dünya ilə ayaqlaşmayan, cəfəng ideyalarla yaşayan, öz xeyrini bilməyən, özünün dünyada yerini anlamayan, kimliyini bilməyən, xeyrini-şərini qanmayan, dostunu-düşmənini tanımayan ikinci bir çoxsaylı topluma rast gəlmək çətin idi. (Bəlkə indi də çətindir.) O dövrdə bu coğrafi ərazidə yaşayan, bu yazdığım dildə danışan toplumun nə ordusu vardı, nə təşkilatlanmaq ənənəsi, nə dəqiq sərhəddi. Bütün bu bəlaların, bu ağır mirasın günahını şəxsi təmənnasız irəli çıxmış, özünü ağır bir yük altına vermiş beş-on aydının üstünə yükləyib 100 ildən sonra gülmək böyük insafsızlıqdır. İnsafınız olsun. Bu gün büdcədən maliyyələşən, neçə ildir ştat cədvəli olan, maddi-texniki resursları olan Mərkəzi Seçki Komissiyası var. Nəticə nədir? Parlament bütün seçkilərdən birrəngli çıxır, ölkədəki siyasi spektri əks elətdirmir. Cümhuriyyət dövrünün seçkilərinə və yaxud parlamentinin necə formalaşmasına irad tutanda iki şeyi də unutmayaq: birincisi, təzə yaranan dövlət quruluşunun əsasını o dövrün son dəbinə uyğun olaraq məclisi-müəssisan qurmalı və məclisi-məbusan davam elətdirməli idi. Məclisi-müəssisanın indiki anlamda seçki ilə formalaşması mümkün deyil. Məclisi-müəssisan da olmasa, məclisi-məbusan, yəni indiki anlamda parlament seçkilərinə yaxın bir şey keçirmək mümkün deyil. Bunu Məhəmmədəmin Rəsulzadə məqalələrində yaxşıca xırdalayıb. Yəni iddia eləməyib ki, biz demokratik seçki keçirdik. Gerçək, demokratik seçkidən qabaq ölkədə mövcud siyasi qüvvələrin bir araya gəlib prinsipləri müəyyənləşdirən, dövlət quruluşu formasını bəyənən bir qurum yaratması praktikası 21-ci əsrin Avropasında da var. Məsələn, Yuqoslaviya Miloşeviçdən sonra belə bir keçid üsuluna əl atdı və heç kəs bunu anti-demokratik saymadı. Azərbaycan Cümhuriyyətində də belə olmuşdu. Parlament ölkədəki bütün siyasi spektri az-çox əks elətdirirdi və 90-cı ildən bəri Azərbaycanda keçirilmiş bütün seçkilərdən daha düzgün əks elətdirib.
Anarxistlərin, əsl solçuların, və ya obyektiv araşdırmaçıların Məhəmmədəmin Rəsulzadəni, Azərbaycan Cümhuriyyətini bəyənməməsinin səbəblərini xırdaladıq. Qaldı kimlər?
Rusiyanın, İranın kölələri, sovet təbliğatından başlarını salamat çıxara bilməyənlər, fürsətçilər, siyasi konyuktura görə cümhuriyyətə qara yaxmağa çalışanlar. Onlar da gedib atdansınlar.
Cümhuriyyət yoldur, platformadır. Nə qərbpərəstlikdir, nə şərqpərəstlikdir. Cümhuriyyət dövlət qurmağın ən mədəni, ən ədalətli platformasıdır. Son bir neçə yüz ildə başqa sistemlərə nisbətən özünün böyük üstünlüyünü göstərib.
Cümhuriyyət ədalətli siyasi quruluşdur. Tənqidə imkan olmayan yerdə ədalətli quruluş ola bilməz. O baxımdan cümhuriyyətçiləri tənqid eləmək olmaz deyə bier şey yoxdur. Mən tənqidçiləri insaflarına görə sortladım.
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Abzas.net-in mövqeyi ilə üst-üstə düşməyə bilər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun