Böyük pullar Azərbaycandan çıxarılır

Böyük pullar Azərbaycandan çıxarılır
4 May 2017
Mətni dəyiş
“Bu gün Azərbaycanda bank sisteminin çökməsinə səbəb olan əsas amillərdən biri budur ki, Mərkəzi Bankın banklar üzərində nəzarət mexanizmi sıfra bərabərdir".  
Bu barədə İstiPress-ə müsahibə verən hüquqşunas Əkrəm Həsənovun sözlərinə görə, bu səbəbdəndir ki, Mərkəzi Bank uçot dərəcəsini hər dəfə artırır. AMB bununla ölkədə inflyasiyanın qarşısını almağa çalışır.
Hazırda Azərbaycanda kredit təşkilatları, o cümlədən banklar kreditləri olduqca yüksək faizlə verir. Azərbaycan Mərkəzi Bankı (AMB) uçot dərəcəsini 15%-də saxlayıb. Kreditlər üzrə illik dərəcələr hələ də 27-35 faiz civarındadır.
Mərkəzi Bankın illər üzrə uçot dərəcələrinə nəzər salanda görərik ki, ən aşağı faiz dərəcəsi 2% və 3% də olub. Maraqlıdır ki, həmin vaxtlarda da banklar kreditləri ən azı 25%-lə verirdi.
Əkrəm Həsənovun sözlərinə görə, bankların kreditləri yüksək faizlə verməsinin səbəbi bank sistemində ciddi korrupsiya hallarının olmasıdır.
“Mərkəzi Bankın uçot dərəcəsini 15%-də saxlamasının səbəblərindən biri budur ki, banklar az kredit versinlər. Pul kütləsi artmasın ki, qiymət artımı olmasın. Faktiki olaraq banklar yüksək faizlə kredit verirlər. Sahibkar nə qədər qazanmalıdır ki, vergini, krediti ödəsin. Ona görə də banklar kreditlər vermir, əmanətlərini 13-14%-lə Mərkəzi Banka qoyurlar. Oradan da qazanırlar. Əlbəttə ki, bu ölkənin iqtisadiyyatına ciddi zərbə vurur. Bank sistemində korrupsiya baş alıb getdiyinə görə bank sahibləri, idarə edənlər bankların pulunu oğurlayır, mənimsəyir”, - deyə o bildirib.
Banklara nəzarəti son bir ilə qədər Mərkəzi Bank həyata keçirirdi. Daha sonra prezident tərəfindən Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) yaradıldı. Lakin palatanın bank sistemində elə bir səlahiyyəti yoxdur.
Ə.Həsənovun sözlərinə görə, Mərkəzi Bank ölkədə inflyasiyanın qarşısını başqa yolla ala bilmir. AMB qorxur ki, banklara milli valyuta ilə ucuz kredit versə, banklar həmin pullarla gedib dollar alacaq.
"Bu da milli valyutanın məzənnəsinə mənfi təsir göstərəcək və nəticədə AMB-nin valyuta ehtiyatları azaldacaq. Növbəti devalvasiyanın baş verməsindən qorxurlar.”
Ekspertin sözlərinə görə, AMB-nin banklara verdiyi pulun valyuta bazarlarına axıb getməsinin qarşısını almaq üçün başqa yollar da var.
“Banklara ciddi şəkildə nəzarət edilməlidir ki, bank rəhbərləri həmin pulları valyuta bazarlarına yönəltnməsinlər, əvəzində sahibkarlara kreditlər versinlər. AMB banka 50 min kredit veribsə, bank da pulu onu dollara dəyişməməlidir və sahibkarlara verməlidir. Lakin bu baş vermir. Halbuki nəzarət elə də çətin deyil”, - deyə Əkrəm Həsənov bildirib.
AMB-dən yerli KİV-ə verilən məlumata görə, MB də hazırda özəl bankların verdiyi istehlak kreditlərinin faiz dərəcələrinin çoxluğundan narazıdır. Qurumdan verilən məlumata görə, faizlərin azaldılması üçün bir sıra işlər görülür. MB bankların faiz dərəcələrinin azaldılması imkanlarına malik olduğunu hesab edir.
Mərkəzi Bank vaxtı keçmiş kreditlərin artmasının da ilk növbədə faiz dərəcələrinin yüksək olması ilə əlaqələndirir. Bu məsələnin həll yolu üçün çıxış yolları axtaran MB faiz dərəcələrinin azaldılması üçün özəl banklarla danışıqlarını davam etdirir. Ancaq bütün bunlara baxmayaraq, faizlərin azalması ilə bağlı hələlik heç bir nəticə müşahidə olunmur. Banklar, görünür, hələ də faiz dərəcələrini azaltmaqda maraqlı deyillər. Kiçik istehlak kreditləri verən banklar özlərini sığortalamaq və yüksək məbləğdə gəlir əldə etməklə bazarın ciddi mənfəət əldə edən oyunçularına çevrilirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun