Seymur Baycan
Yaxın bir dostum ünvanıma bir link ataraq yazmışdı: “Buna diqqətlə bax”. Açdım gördüm, üç adam - Qulu Məhərrəmli, İbrahim Nəbioğlu və Elçin Şıxlı ədəb-ərkanla, kamali-ehtiramla oturub yazıçı missiyası, yazıçının cəmiyyətdə rolu haqqında söhbət edirlər. Söhbət kifayət qədər dağınıq alınsa da, söhbətin dağınıq alındığını söhbət iştirakçıları özləri etiraf etsələr də, müsaidənizlə, bir-iki məsələ barədə fikrimi bildirmək istərdim. Bunu həm də söhbətin iştirakçıları tamaşaçılardan söhbətin sonunda xahiş etdilər.
Söhbətə nə qədər diqqətlə qulaq assam da, bu üç insanın hansı yazıçılardan vətəndaş mövqeyi gözlədiklərini müəyyən edə bilmədim. Ona görə ki, söhbət iştirakçıları hakimiyyətin psevdointellektual təlxəklərinə öz sevgilərini və hörmətlərini izhar etməkdə idilər. Elə isə haqlı bir sual ortaya çıxır. Hakimiyyətin psevdointellektual təlxəklərinə bu dərəcədə sevginiz varsa, o zaman kimdən yazıçı mövqeyi gözləyirsiniz? Bir az daha açıq, bir az daha aydın danışmaq olmazmı? Sanki söhbət iştirakçıları nəsə demək istəyirdilər, amma həm də deyə bilmirdilər. Hörmətli Qulu Məhərrəmlinin fikirləri isə daha əndrabadi, daha əcaib idi: "Təəssüf ki, bizim yazıçılar həmişə gücün yanında olublar, xalqın yox". Bunu deyə-deyə də gücün yanında olan yazıçılara sevgisini və hörmətini ifadə edir, gücün yanında olan yazıçılara qarşı çıxanları isə qınayırdı. Belə başa düşdüm ki, Qulu müəllimə, nəinki Qulu müəllimə, bizim cəmiyyətimizə, bizim xalqa həqiqəti deyən yazıçı lazım deyil. Elə gücün yanında olan yazıçı lazımdır.
Qulu müəllimin düşüncəsinə görə, yaşlı yazıçılar ona görə səslərin çıxartmırlar ki, gənclər onları küsdürüblər, yaşlı yazıçılar incik vəziyyətdədirlər. Onları pisikdirmək olmaz.
Ölmədik, bu sözü də eşitdik. Görəsən daha nələr eşidəcəyik. Heyf ki, şairlik istedadım yoxdur. Çox böyük məmnuniyyətlə "Bu cavan ömrümdə nələr görmədim" adında bir poema yazardım. Yəni, hörmətli Qulu müəllimin sözündən belə çıxdı ki, gənc yazıçılar yaşlı yazıçıları küsdürməsəydilər, bu dəqiqə yaşlı yazıçılar vəzifələrindən, medallarından, mükafatlarından imtina edərək, hakimiyyətə yataqlanmaq əvəzinə, hakimiyyətə qarşı  od püskürərdilər.  Ümumiyyətlə, gənc yazıçılar deyəndə prosesdən xəbəri olmayan adama elə gələ bilər ki, ortada bir dəstə barışmaz gənc yazıçı var və dayanmadan köhnə nəslə qarşı mübarizə aparmaqdadırlar. Beş-on il əvvəl var idi. Rahat olun, indi artıq yoxdur. Ortada iki-üç adam qalıb. Qalanları hər mənada artıq qocalarla bütövləşib. Qocaların qılınclarının altından keçiblər. Belə çıxır, iki-üç adamın öz azadlığını, sərbəstliyini, mövqeyini qorumaq istəməsi, min əzab-əziyyətlə mövcud olmaqları da xeyli anormal görünməkdədir.
Qulu müəllim gənc yazıçıları nəzərdə tutaraq daha bir əcaib fikir söylədi: "Kim sənə mane olur, kim sənin əlindən tutub...". Əgər müxtəlif adamlar "kim sənin əlindən tutub" sualını tez-tez işlətməsəydilər, bu sözün üstündən asanlıqla, rahatlıqla keçmək olardı. Hörmətli Qulu müəllim, qarşılıqlı cığallığa qalsa, mən də deyə bilərəm ki, işdən çıxarılanda niyə səs-küy salmışdınız, kim sizin əlinizdən tutmuşdu? Evdə kamera qarşısında oturub, yaxud kameranı qarşısınıza qoyub (elə bir prinsipial fərqi yoxdur) ürəyiniz istəyən qədər, ürəyiniz istəyən mövzularda danışa bilərdiniz. Ölkədə qonorar verən normal, yarım-müstəqil bir ədəbiyyat jurnalı yox, qocalar əjdaha bulaq başında oturan kimi hər yerdə oturub özlərinin, övladlarının, atalarının əsərlərini nəşr etməkdədirlər və sonra da bu sözü deyirlər: "Kim sənin əlindən tutub? Niyə ortada əsər yoxdu?" İnsaf dinin yarısıdır. Bilmək istəsəniz, bəli tutublar. Bəyəm əldən tutmağın buynuzu olur? Günel Anarqızının kitabı dövlət hesabına nəşr olunur, mən isə tərcümə etməyə pul tapa bilmirəm. Xeyir ola? Nə deməkdir bu? Sanki bu dövlətin, bu xalqın düşməniyəm. İnsanın ürəyində bir qram, bircə qram ədalət hissinin olması yaxşı şeydi.
Çeslav Miloş "Kölə edilmiş ağıl" əsərində yazır: "Əgər Rilke nə vaxtsa yaxşı şeirlər yazıbsa, bunun üçün müəyyən səbəblər olubdur". Əzizlərim, yazıçı alaq otu deyil ki, harda gəldi, necə gəldi bitsin. Ədəbiyyat kollektiv şüurun nəticəsində yaranır. Kollektiv şüur dedikdə, mən Sovet dövründə təbliğ olunan kollektiv şüur anlayışını nəzərdə tutmuram. Biri kitab oxuyur, biri mesenatlıq edir, o birisi qonorarla tərcümə edir, biri xaricdə təbliğ edir və ortaya pis-yaxşı bir məhsul çıxır. Sizə isə deyirsiniz ki, bütövə toxunma, yarıya dəymə, özün də doy. Qarşılıqlı cığallığa qalsa, "kim sənin əlindən tutub" sözünü işlədənlərə belə bir cavab verə bilərik. Niyə uşaqlarınızı bağçaya, məktəbə, universitetə göndərirsiniz? Niyə məktəbdə, universitetdə verilən təhsil və tərbiyənin aşağı səviyyədə olması sizi narahat edir? Olmaz ki, uşaqlarınıza elə evdə özünüz təhsil və tərbiyə verəsiniz? Yaxşı tutaq ki, lap siz uşağınızı məktəbə, universitetə göndərmirsiniz. Evdə təkbaşına onlara yaxşı təhsil və tərbiyə verirsiniz. Bəs bu uşaq nə vaxtsa cəmiyyət arasına çıxmalıdır, yoxsa çıxmalı deyil? Yaradıcılıq prosesi də təxminən buna bənzəyir. Tutaq ki, lap evdə oturub bir normal əsər yazdım. Axı bu əsər kitab halında ortaya çıxanda kimsə bunu almalıdı, kimsə bunu oxumalıdı, kimsə bunu təbliğ etməlidi, elə deyilmi? Hər yeri işğal etmiş, gözləri doymayan qocaları görmürsünüz, onların hər hərəkətinə, yaltaqlanmalarına da haqq qazandırırsınız, amma mövqeyini, sərbəstliyini qoruyub saxlamaq istəyən iki-üç adamın varlığı sizi narahat etməkdədir. Nəsə, onsuz da bu söhbətləri camaata başa salmaq çətin məsələdir. Bir şey dəqiqdir: Nə qədər bu camaat haqsız, ədalətsiz olacaq, o qədər də bu haqsızlığı, ədalətsizliyi özlərinə yaşadacaqlar. Buna milyon faiz əmin olun.
Bir neçə cümlə Elçin Şıxlı haqqında yazmaq pis olmazdı. Hörmətli Elçin müəllim söhbət zamanı qeyd etdi ki, Sovet dövründə əsərlər yazıldı, müstəqillik dövründə əsər yazılmadı. "Hanı əsər?" Bu sualı verib sonra da təəssüflə "dəhşətlidir" sözünü də işlətdi. İndi bu adama necə, hansı dildə başa salasan ki, "Dəli Kür"ü camaat o vaxt gedib özbaşına oxumayıb. "Dəli Kür" əsəri ona görə o vaxt oxunub ki, əsəri dövlət təbliğ edib, beyinlərə yeridib, filmini çəkib. Əgər "Dəli Kür" əsəri bu gün yazılsaydı və nəşr olunsaydı, əsəri uzaq başı beş yüz adam oxuyacaqdı. Mənim yaşadığım şərtlər altında İsmayıl Şıxlı nəinki "Dəli Kür"ü, heç "Qurbağalı arx"ı da yaza bilməzdi. İnsan deyilən bir varlıq hansısa bir fikir yürüdəndə fikrin nə qədər ədalətli olub-olmadığını bir balaca götür-qoy etməlidir.
Bizim ölkədə xeyli adam var. Guya nədənsə narazıdılar, guya nəyisə qəbul edə bilmirlər. Amma narazılıqları konkret deyil, həddindən artıq abstraktdır, daha dəqiqi təhlükəsiz narazılıqdır. Etiraf etmək lazımdır ki, çox vaxt bu abstrakt narazılıq onlara hörmət də gətirir. Çünki camaat siyasiləşməyib. Düşünmə qabiliyyəti çox aşağıdır. Belə təhlükəsiz, abstrakt narazılıq nümayiş etdirən adamlardan biri də Elçin Şıxlıdır. Özünü elə aparır ki, guya cəmiyyətdə hansısa bir dəyərin yoxa çıxma ehtimalı onu bərk narahat etməkdədir. Həm yaxşı yaşamaq, həm ağıllı görsənmək, həm də qəhrəman olmaq istəyir. Həm də tiraj axtarışındadır. Ət yeyən quş dimdiyindən tanınan kimi hansısa bir dəyərin yoxa çıxmasından həqiqətən narahatlıq keçirən adam da hərəkətlərindən, əməllərindən bəlli olur. Elçin Şıxlı guya insanların kitab oxumamasından, insanların ədəbiyyata laqeydlik göstərməsindən narahat olduğunu göstərmək istəyir. Adama deyərlər, qəzet rəhbəri olmusan, hansı müsabiqəni keçirmisən? Kimlərə təqaüd vermisən? Edən adam əlində olan imkanlarla da edir, etməyən adamın əlində nə qədər imkan olsa da, etmir. Adamın gərək təpəri olsun. Bir hekayə, roman müsabiqəsi keçirsəydin, iki-üç cavan yazıçıya yüngülvari təqaüd versəydin, dünya dağılmazdı. O zaman bu gün nümayiş etdirmək istədiyin narahatlıq da səmimi görünərdi. Özün də yazıçı ailəsində böyümüsən, qələmin çörəyini yemisən, ədəbiyyat sayəsində cəmiyyətdə az-çox mövqe tutmusan. Nəsə, qəliz ölkədə, qorxulu adamların arasında yaşayırıq.
Ümumiyyətlə, bu üç adamın söhbətinə rahatlıqla "Bəlkə də qaytardılar" adı qoymaq olar. Söhbətdə iştirak edənlər sanki demək istəyirdilər ki, görürsünüz, boş-bekar, işsiz-gücsüz qalmışıq, oturub yazıçı missiyasından, yazıçının cəmiyyətdəki rolundan-zaddan danışırıq. Əgər işimiz-gücümüz olsaydı, belə söhbətlər eləməyə həvəsimiz olmazdı. Nə bilmək olar, bəlkə də doğrudan da qaytardılar.