"Azəri-Çıraq-Günəşli"dən gələn səmt qazı kəskin artıb

"Azəri-Çıraq-Günəşli"dən gələn səmt qazı kəskin artıb
10 May 2017
Mətni dəyiş
2017-ci ilin birinci rübündə BP və tərəfdaşları “Azəri-Çıraq-Günəşli” (AÇG) neft blokunun işlənməsi layihəsi çərçivəsində SOCAR-a 1,1 mlrd. kubmetr səmt qazı verib.
Bu haqda “BP-Azerbaijan” şirkətinin ictimaiyyətə açıqladığı məlumatda bildirilir.
BP-nin əvvəllər açıqladığı məlumatına görə, 2016-cı ilin birinci rübündə SOCAR-a AÇG layihəsindən 692 mln. kubmetr səmt qazı verilmişdi. Beləliklə, cari ilin yanvar-mart aylarında SOCAR-ın aldığı səmt qazının həcmi 58,9 faiz artıb.
Azadlıq Radiosu-nun xəbərinə görə, “BP-Azerbaijan” şirkətinin məlumatda bildirilir ki, birinci rüb ərzində SOCAR-a orta hesabla sutkada 12,1 mln. kubmetr səmt qazı verilib (2016-cı ilin birinci rübündə – 7,6 mln. kubmetr qaz).
BP qeyd edir ki, bu dövrdə AÇG blokundan hasil olunan səmt qazının qalan həcmi təzyiqin dəstəklənməsi məqsədilə yenidən laylara doldurulub. Ancaq BP həmin həcmlərin miqdarını açıqlamır.
AÇG-dən hasil olunan səmt qazı sazişə görə, SOCAR-a Səngəçal terminalının çıxış nöqtəsində pulsuz verilir.
2016-cı ildə SOCAR AÇG-dən 2,75 mlrd. kubmetr səmt qazı almışdı. 2015-ci ildə isə bu 3,2 mlrd. kub metr təşkil etmişdi.
Elə bu səbəbdən də bəzi ekspertlər SOCAR-ın böyük həcimdə pulsuz qaz əldə etdiyinə diqqət çəkərək ötən il ölkədə mavi yanacağın tarifinin yüksəlməsini tənqidlə qarşılamışdılar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun