Azərbaycanın qaz ambisiyaları onu xilas edəcəkmi?

Azərbaycanın qaz ambisiyaları onu xilas edəcəkmi?
5 May 2017
Mətni dəyiş
Bu gün neft gəlirləri, eləcə də resursları azalan Azərbaycan alternativ gəlir mənbələri axtarışındadır. Bakının əsas ümidi təbii qaz potensialını inkişaf etdirməkdir. Eurasianet.org saytında Xəzərin enerji məsələləri üzrə ekspert Marika Karayianni bu haqda yazır.
Bəzi dəyərləndirmələrə görə, Azərbaycanın hazırda 1.3 trilyon kubmetr qazı və kondensatı var. Bu ehtiyatın böyük hissəsi "Şahdəniz" yatağında yerləşir və o, dünyada ən böyük yataqlardan sayılır.
"Şahdəniz"dən Cənubi Qaz Dəhlizi vasitəsilə Avropaya qaz göndərişi 2018-ci ildə başlamalıdır. İldə 4 milyard kubmetr Gürcüstan və Türkiyə bazarlarından ötrü nəzərdə tutulub. 2019-cu ildə bu həcm ildə 12 milyard kubmetrə, 2020-ci ildə isə 16 milyard kubmetrə çatdırılmalıdır ki, bunun da 10 milyard kubmetri Avropa gedəcək.
REAL GƏLİR ƏLDƏ ETMƏYƏ, AZI, 5 İL VAR
"Amma hətta "Şahdəniz"dən ixracın artırılması belə, Bakıya yetərincə pul gətirməyəcək. Azərbaycanın qlobal qaz ölkəsi imici qazanması onun yeni yataqları işləməsindən asılıdır", – yazan müəllif SOCAR-ın "Ümid" yatağında artıq üçüncü quyunu qazdığını qeyd edir.
Yaxınlıqdakı "Babək", eləcə də "Abşeron" yataqları da ölkənin qaz ixracatçısı ambisiyalarında fərq yarada bilər. Amma problem ondadır ki, bütün bunlar 2025-ci ildən tez baş verməyəcək və bu arada Azərbaycanın qarşısında xeyli problemlər dayanır.
"Ən vacibi odur ki, Azərbaycanın təbii qaz satışından real gəlir əldə etməsi, azı, beş il çəkəcək. "Abşeron" yatağından hasilat 2021-ci ilin sonu, 2022-ci ilin əvvəlindən tez başlamayacaq, "Şahdəniz"dən ilk qazın Avropaya göndərilməsi isə 2020-ci ilə, ondan da sonraya çəkə bilər", – müəllif yazır.
[caption id="attachment_33527" align="alignnone" width="650"] "Şahdəniz"[/caption]
"Hazırda Azərbaycanda qaz çatışmazlığı var. Yerli ehtiyacı ödəməyə 12 milyard kubmetr qaz lazımdır. 2016-cı ildə bu qazın 1/10-ni xaricdən idxal etməyə məcbur olub. Elə ötən ilin ilk 5 ayı ərzində SOCAR-ın qaz hasilatı bir il öncənin eyni dövrüylə müqayisədə 5.4 faiz azalıb. Nəticədə Rusiyadan mümkün qaz idxalıyla bağlı "Gazprom"la müzakirələr başlanıb. Bakı Moskvadan ilə 3-5 milyard kubmetr qazın idxalına endirim istəyib", – təhlildə vurğulanır.
BƏZİ LAYİHƏLƏR ERTƏLƏNƏ BİLƏR
Müəllif qeyd edir ki, neftin ucuzlaşması fonunda bu defisit nağd pul problemini üzə çıxarıb. Azərbaycan Cənub Qaz Dəhlizinin tikinti xərclərindən ötrü artıq 5 milyard dollar borclanıb. 1 milyard dollarlıq avrobond satıb, daha çox satmağı planlaşdırır. Dünya Bankından 400 milyon dollar alır. AYİB də 550 milyon dollar ayıracağını, kommersiya banklarından əlavə 1.1 milyard dollar cəlb edəcəyini bildirib.
Yazıda o da vurğulanır ki, bütün bu sıxıntılar bəzi enerji layihələrinə üstünlük verilməsiylə sonuclanır. Hökumət "Şahdəniz" və Cənub Qaz Dəhlizinə daha çox diqqət ayıra, xarici tərəfdaşları olmayan "Ümid" və "Babək" qaz yataqları hələlik ertələnə bilər. Fransanın "Total" şirkəti "Abşeron" yatağının işlənməsinə cəlb olunduğundan onun "bəxti daha çox gətirib".
Müəllifin fikrincə, bütün bunlar ölkənin daxili siyasətinə təsirsiz ötüşməyəcək. Milli sərvət fondu olan Dövlət Neft Fondunun vəsaitləri getdikcə azalmaqdadır. "Azərbaycan təbii qaz ambisiyalarını sürdürdükcə, bu tendensiya qalacaq. Elə adamların da bunu gündəlik həyatlarında hiss etməsi uzun çəkməyəcək. Bakı yalnız təbii qazın Avropaya daha tez çatmasına ümid bəsləyə bilər", – təhlilçi yazır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun