Azərbaycanda işsizlərə müavinətlərin verilməsi üçün sığorta fondu yaradılacaq

Azərbaycanda işsizlərə müavinətlərin verilməsi üçün sığorta fondu yaradılacaq
12 May 2017
Mətni dəyiş
“İşsizlikdən sığorta haqqında” yeni qanun layihəsi Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Yeni layihə barədə məlumat verən komitə sədri Hadi Rəcəbli bildirib ki, sənəd iki il ərzində Prezident Administrasiyası və müvafiq dövlət orqanları ilə birlikdə hazırlanıb.
O qeyd edib ki, Prezident İlham Əliyev çıxışında dəfələrlə işsizliyin qarşısının alınması və ixtisarların olmaması üçün göstəriş verib: “İşsiz insanlar maliyyə cəhətdən heç vaxt problem yaşamamalıdırlar. Lakin işsizlərə müavinət verilməsi o demək deyil ki, onlarda ələ baxımlılıq yaransın. Təbii ki, işsizlərə müavinətlər müddətli şəkildə veriləcək. Bu məsələ mütəmadi şəkildə nəzarətdə olacaq. Çalışılacaq ki, daha çox iş stajı olanlara daha çox müavinət verilsin”.
Onun sözlərinə görə, bu günə qədər bəzi müəssisə rəhbərləri gəlir olmadığı təqdirdə işçilərinin əksəriyyətini ixtisar edirdi: “Yeni qanun layihəsi ilə bunu aradan qaldırmış olacağıq”.
Komitə sədri əlavə edib ki, işsizlərə müavinətlərin verilməsi üçün sığorta fondu yaradılacaq: “Fonda toplanan vəsaitin məbləği zamanla artırılacaq. Fonda yığılan vəsaitdən özünüməşğulluq xidməti üçün də istifadə ediləcək. Gələcəkdə fondun imkanları daha da genişləndiriləcək”.
H.Rəcəbli bildirib ki, əsas məqsəd vətəndaşın iş yerini itirdiyi andan yeni iş yeri tapanadək olan müddətdə itirdiyi gəlirlərinin tam və ya qismən kompensasiya olunması, eyni zamanda, onun yenidən əmək bazarına qaytarılmasına kömək etməkdir.
Yeni qanun layihəsi 4 fəsil, 26 maddədən ibarətdir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun