"Azərbaycan" qəzeti AXC-nin əbədiliyindən yazıb - Media icmalı

"Azərbaycan" qəzeti AXC-nin əbədiliyindən yazıb - Media icmalı
30 May 2017
Mətni dəyiş
Cümhuriyyətin əbədiliyi, sosial şəbəkələrdəki problemlər, yanacaqdoldurma məntəqələrindən kütləvi şikayətlər bugünkü (29 may, 2017-ci il) medianın aparıcı mövzusudur.
Cümhuriyyət-əbədiyyət
"Azərbaycan" qəzeti "Əbədi Cümhuriyyət" sərlövhəli məqalədə Azərbaycanda Xalq Cümhuriyyəti qurucularına ehtiramdan danışır.
Müəllif o zaman cümhuriyyətin yaradılmasına əsas olan səbəblər və amillər toplumunu xatırladır və nəhayət, 1918-ci il mayın 28-də ölkədə respublika elan olunmasına gətirib çıxarır və məqalədə cümhuriyyəti elan edən şəxslərin adları bir daha yada salınır.
Müəllif xatırladır ki, 1918-ci ilin iyununda ölkədə ağır durum yaranıb və bundan irəli gələrək ordu quruculuğuna başlanması haqda sərəncam verilib.
Müəllif vurğulayır ki, 1918-ci ilin sentyabrında Bakı Qafqaz İslam Korpusu və Azərbaycan xalq könüllü dəstələrinin köməyi ilə Bakı erməni-bolşeviklərdən azad edildi, Bakı paytaxt elan olundu, üçrəngli, ay-ulduz təsvirli bayraq qaldırıldı.
Müəllif cümhuriyyət rəhbərliyinin ölkənin müstəqilliyinin tanıdılması, bununla bağlı dünya ölkələrilə təmas qurması barədə danışır və nəhayət, iki ildən sonra 1920-ci ildə XI Qızıl Ordu tərəfindən süquta uğradıldığını bildirir.
Müəllif XX əsrin 80-ci illərinin sonlarından milli azadlıq mübarizəsinin yeni mərhələsinin başlandığını və 1991-ci ilin oktyabrında milli suverenlyin əldə olunması ilə başa çatdığnı deyir, amma müəllif bu məsələyə fərqli yanaşma irəli sürür: "1991-ci ildə Azərbaycan özünün dövlət müstəqilliyini elan etsə də bu, əslində formal xarakter daşımışdır. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəlişi ilə Azərbaycan cəmiyyətində dövlətçilik ideyalarının bərqərar olması fundamental mahiyyət kəsb etməyə başlamışdır".
Müəllif 1998-ci il yanvarın 30-da ümummilli lider Heydər Əliyevin "Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin keçirilməsi haqqında" sərəncam imzaladığını və bu yubileyin dövlət səviyyəsində geniş keçirildiyini vurğulayır. Müəllif indiki dövlət başçısı İlham Əliyev öndə cümhuriyyət qurucularının xatirəsini əziz tutduğunu və Cümhuriyyətin 90 illiyinin qeyd olunması ilə bağlı sərəncam imzaladığını nəzərə çatdırır.
Yazıda deyilir ki, Cümhuriyyət xalqın azadlıq hərəkatı tarixində dərin iz qoyub, cəmi 23 ay yaşamasına baxmayaraq, sübut edib ki, ən qəddar müstəmləkə və repressiya rejimləri belə Azərbaycan xalqının azadlıq ideallarını və müstəqil dövlətçilik ənənələrini məhv etməyə qadir deyil.
Azərbaycansayağı lisenziyalaşdırma
"Novoye Vremya" qəzeti "Azərbaycanda Skype, WhatsApp, Facebook problemləri: kim ağlabatan cavab verəcək?" sərlövhəli məqalədə müəllif bu mesencerlərin fəaliyyətindəki problemləri müzakirə edir.
Müəllif iki həftədən çoxdur ki, Azərbaycanda Skype, WhatsApp və Facebook kimi mesencerlərin fəaliyyətindən məhdud şəkildə istifadənin mümkünlüyünü bildirir:
"Daha doğrusu, məlumat göndərmək olur, amma zənglər və video-zənglər etmək mümkün deyil. Hətta ödənişli Skype-dən istifadə edənlər də əlaqə yarada bilmirlər, deməli səbəb heç də ödənişdə deyil. Belə məhdudiyyət müstəsna olaraq ancaq Azərbaycanda müşahidə edilir. Problemin ciddiliyinə və gündəlik müzakirə edilməsinə baxmayaraq, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi indiyə kimi rəsmi açıqlama verməyib. Odur ki, şayiələrlə, ehtimallarla kifayətlənirik".
Müəllif bu məhdudiyyətin yaranması səbəblərinə toxunaraq deyir ki, bunu İslam Oyunları ilə əlaqələndirmək istədilər, amma oyunlar başa çatıb, problem isə aradan qalxmayıb, deməli problem heç də oyunlarla bağlı deyil.
Müəllif ekspert Ocman Gündüzə istinadən bildirir ki, əldə edilən məlumatlara əsasən bu məhdudiyyətin Rabitə Nazirliyinin göstərişinə əsasən edildiyini söyləmək olar.
Müəllif deyir ki, nazirlik WhatsApp, Viber və Skype-in Azərbaycanda lisenziyalaşdırılmasını və maliyyə tərəfini daim diqqət mərkəzində saxlayıb, çünki bu şirkətlər Azərbaycan bazarında iri məbləğlər qazanırlar. Odur ki, onlarn vergiyə cəlb olunması öndə durur:
"Düzdür, Skype-in dünyanın harasında isə lisenziyalaşdırılması təcrübəsi yoxdur, nə bilmək olar, bəlkə Azərbaycan bu sahədə ilk çığır açan olacaq".
Yazıda nümunə olaraq göstərilir ki, Rusiyada bir vaxtlar bu mesencerlərin lisenziyalaşdırılmasına cəhd edilib, amma bu addımın mümkünsüzlüyü ortaya çıxıb və məlum olub ki, bu işin operatorları Avropanın hansısa ölkəsində əyləşirlər və RF artıq bu səylərinə son qoyub:
"Həqiqətən, sənə mənsub olmayanı, necə lisenziyalaşdıra bilərsən? Düzdür, Azərbaycanda isə hər hansı izah vermədən girişi bağlamaq kimi başqa yoldan da istifadə etmək olar".
Benzin əvəzinə hava vuranlar
"Bizim Yol" qəzeti "Yanacaqdoldurma məntəqələrindən kütləvi şikayət" sərlövhəli məqalədə son vaxtlar bu qurumlardan olan şikayətlər barədə danışır.
Müəllif deyir ki, ölkədə fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrindən (YDM) aldıqları yanacağın kəmiyyət və keyfiyyətinə şübhə ilə yanaşırlar:
"Bəzilərinin iddialarına görə, YDM-lərdə avtomobilin çəninə vurulan benzinin həcmi monitorda göstərildiyindən 1-2 litr az olur. Maraqlı məqam şikayətçilər arasında yeni alınmış avtomobil sahiblərinin də olmasıdır. Onlar bildirir ki, hətta yanacaqdoldurma məntəqəsində vurulan yanacaq həcmə uyğun gələn məsafəni qət etməyə imkan vermir...".
Ekspertlər deyirlər ki, şəhər şəraitində hərəkətə görə avtomobil üçün əlavə 5-10% yanacaq sərfi norma olaraq nəzərdə tutulur.
Çünki şəhərdə hərəkət intensivliyi, tıxaclarda dayanma, kəsişmələrdə, işıqforlarda ləngimələrə görə əlavə yanacaq sərf oluna bilər. Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov modern.az-a deyib ki, yanacaq sərfinə benzinin keyfiyyəti də təsir göstəri:
"Hər gün yanacaqdoldurma məntəqələrindən şikayətlər alırıq. Əhali əsasən avtomobilin "forsunka"sının tez bir zamanda sıradan çıxmasından şikayətçidir. Servislərdə "forsunka"nın tez sıradan çıxmasının səbəbini benzində görürlər".
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bu sahədə çoxsaylı şikayətlərin olduğunu söyləyib.
"Çox təəssüflər olsun ki, bu sfera çox qeyri-şəffafdır. Bu məntəqələrin heç birində ictimai nəzarət yoxdur. Məntəqələrdə üzərində bölgülü menzurka olmalıdır ki, vurulan benzinin tam həcmdən alındığını görə bilək. Amma məntəqələrdə belə menzurka qoyulmur".
E.Hüseynov deyir ki, artıq benzinə solyarka və ya su qarışdırılması erası bitib, amma hazırda avtomobil çənlərinə benzin əvəzinə hava vurulması faktları var. Benzin nəzərdə tutulan təzyiqdən çox vurulanda hava da daxil olur. Bu da avtomobil motorlarının, "forsunka"ların tez sıradan çıxmasına gətirib çıxarır.
Təəssüflər olsun ki, servislər motor və "forsunka"nın hansı səbəbdən sıradan çıxmasına dair rəsmi kağız vermir".
E.Hüseynov deyir ki, şəffaflığın təmin olunmasında daim maraqlıdırlar: "Biz səlahiyyətimiz çatan bütün sahələrdə şəffaflığın təmin olunmasında maraqlıyıq. Məhz bu səbəbdən də yanacaqdoldurma məntəqələrindən şikayət almışıq. Bu da yanacaqdoldurma məntəqəsində avtomobilin çəninə vurulan benzinin həcmi ilə bağlıdır".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun